Müsavat Rauf Arifoğlunu dəstəkləmədi

Partiya nüfuzunun daha da zədələnməsini istəmir

“Yeni Müsavat” qəzetinin baş redaktoru və təsisçisi Rauf Arifoğlu doğulduğu Tovuz rayonundan namizədliyini irəli sürə bilər. O, Teleqraf.com-a açıqlamasında bildirib ki, o, seçkilərdə iştirakla bağlı qəti qərar verməyib: “Seçkilərdə iştirak etmək niyyətim var, amma hələ qəti qərar verməmişəm. Prosesləri izləyirəm, dairələrə baxıram. Əgər qərar verəsi olsam, bu, bir-iki gün ərzində həll olunacaq məsələdir. Ona görə də tələsmirəm”.

R.Arifoğlu qeyd edib ki, namizədliyini vermək istəsə, 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsini seçəcək: “Doğulduğum kənd bu dairədə yerləşir. Amma seçkilərdə iştirak etməyə də bilərəm. Açığı seçkilərdə iştirakla bağlı böyük iddiam, həvəsim yoxdur”.

Azadlıq hələ bir ay əvvəl R.Arifoğlunun parlament seçkilərinə qatılacağını və namizədliyini 106 saylı Tovuz-Ağstafa-Qazaç seçki dairəsindən irəli sürəcəyi barədə məlumat yaymışdı. Məlumat təsdiqini tapdı.

R.Arifoğlunun namizəd olacağı dairəyə gəlincə, hazırda bu dairədən Ilyas Ismayılov deputatdır. O, baş redaktorun da 106 saylı dairədən namizəd olacağı barədə xəbərlərə münasibət bildirərkən “Maneçilik törətməsələr mən qələbə qazanacağıma tam əminəm” deyib. I.Ismayılov hər bir vətəndaşın seçkiyə qatılmaq hüququnun olduğunu bildirib: “Hər bir vətəndaş haradan, hansı dairədən istəsə, oradan da namizəd ola bilər. Lakin deputat olduğum 106 saylı Tovuz-Ağstafa-Qazax dairəsində əhalinin mənə olan etimadı daha böyükdür”.

Diqqətçəkən məqamlardan biri də Müsavat Partiyasının artıq R.Arifoğlu və “Yeni Müsavat” qəzetindən məsafə saxlamasıdır. Hər halda Müsavat Partiyası namizədlər siyahısına R.Arifoğlunun adını salmayıb. Doğrudur, o, artıq Müsavat Partiyasının üzvü deyil. Amma məsələn, Müsavatın siyahısında adı olan Isgəndər Həmidov da bu partiyanın üzvü deyil. Müsavatın R.Arifoğluna dəstək verməməsi əlbəttə ki, onun partiyadan istefa verərək ölkə başçısı Ilham Əliyevdən medal alması və artıq açıq şəkildə hakimiyyətə qahmar çıxması ilə bağlıdır. Bu halda partiyanın reputasiyası ciddi zədələnə bilər. Müsavatın keçmiş başqanı Isa Qəmbər bu məsələyə sərt reaksiya vermişdi. “Rauf Arifoğlunun Ilham Əliyevdən mükafat alması (Ilham Əliyevin Rauf Arifoğluna mükafat verməsi) bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. Şəxslərin barışına bir söz deyilməz, amma Ilham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir.

Və bu şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir. Müsavatçılar üçün bu mümkün deyil",-deyə keçmiş başqan bildirmişdi. Bu açıqlamadan sonra əlbəttə ki, Müsavat R.Arifoğludan məsafə saxlamalı idi.

Akif