Günəşsiz ürəklərin hekayəsi

Yaltaqlıq haqda ən dəqiq diaqnozlardan birini orta çağ Avropası moralistlərindən (əxlaq dərsi verənlər) Jan de Labrüer qoymuşdu. O hesab edirdi ki, yaltaq nə özü, nə də başqaları haqqında yüksək fikirdə olmadığı üçün yaltaqlıqlanır.

Mən bu diaqnozu boşuna dəqiq hesab etmirəm. Sadə səbəbdən: bir neçə il əvvəlki bir əhvalat Jan de Labrüerin əsla haqsız olmadığını gözlərimin önünə sərdi. Bir yas məclisində çoxdan tanıdığım, bir zamanlar dürüst, vicdanlı saydığım bir nəfərlə rastlaşdım (hansı ki, xeyli vaxtdı əlaqəmiz kəsilmişdi, çalışdığı hansısa şirkətdə ixtisara düşdüyü üçün iş ardınca xaricə getmiş, amma görünür, orada da işi düz gətirmədiyidən qayıdıb gəlmişdi. Eşitdiyimə görə, hansısa dövlət idarəsində işə düzəlmiş, hətta özünə kiçik bir ticarət də qurmuşdu).

Mənə onun “prostoy vətəndaş” cildində televiziyaya çıxıb müxalifətə ənənəvi cümlələrlə söydüyü, hakimiyyətə yaltaqlandığı, hətta seçkilərdə onbaşı, yüzbaşı kimi iştirak etdiyini demişdilər. Yas çadırının qarşısında üz-üzə gəldik, o, əvvəlki mehribanlıqla görüşdü, hal-əhval tutdu, mən dilucu cavablar verib uzaqlaşmaq istədikdə hətta hüzrdə olduğumuzu unudubmuşcasına gülə-gülə ona belə soyuq davranmağımın səbəbini bildiyini dedi, sonra da əlavə etdi: “Əşi, sən elə bilirsən, mənim bunlardan ötrü gözüm atır! Ya da guya mən olmasam, bunlar hakimiyyətdən gedəcək? Beş-üç günlük dünyadı də, bu gün varıq, sabah yoxuq, başını aşağı salıb bir tikə çörəyini qazanmaq lazımdır. Onsuz da müxalifətdəkilər də elə bunların bir tayıdır, hamısı hökumətə işləyirlər”- və s. və i.a.

O danışır, mənsə qarşımdakı bu həyasız tipə baxdıqca Qolsuorsinin “Ölümdən güclü”sünün qəhrəmanının sözlərini xatırlayırdım: “Mənim ürəyimdə günəş də sönüb…” Bəli, tanışımın ürəyini zülmət, qaranlıq tamamilə çulğamışdı, bəlkə o, ürəyini, ümumiyyətlə, çoxdan çıxarıb atmışdı, onun yerindən isə, məsələn, pis qoxulu, kirli corab asmışdı. Ya da bir vedrə murdar, üfunətli su. Yoxsa insan cəmi bir neçə ilin içində necə bu qədər dəyişə, miskinləşə, yalnız fiziki deyil, həm də mənəvi mənada canlı bir varlıqdan çirkli əşyaya çevrilə bilərdi ki?!

Özünün təxminən iki-üç dəqiqəlik iyrənc moizəsi ilə qulağımı yaxşıca dəng etdikdən sonra artıq dözə bilmədim, dedim: “Sən özün də ölmüsən, xəbərin yoxdur, amma durub başqasının yasına gəlmisən…”

O, “balaların var, yazıqsan, get başını aşağı sal, həyatını yaşa…” deyərmişcəsinə başını yelləyib özünü yas çadırına təpdi, mən də yeyin addımlarla hüzr evindən uzaşlaşarkən düşünməyə başladım: “Gör adamlar özlərini nə günə qoyurlar! Necə yəni ”guya mənim bunlardan ötrü gözüm atır?!" Nə deməkdir bu? Yaltaqlanırlar, cəhənnəmə ki! Bəs yaltaqlıq etdikləri obyektə belə münasibət nədir? Yaltaqlanırlar, əcəb edirlər! Bəs özlərinə belə aşağılayıcı münasibət nə üçündür? Necə yəni “guya mən olmasam, bunlar hakimiyyətdən gedəcək?”. Belə də axmaq düşüncə olar?!"

Illər sonra Jan de Labrüerin yaltaqlıq haqda məlum diaqnozu ilə tanış olandan sonra isə anladım ki, bəli, həyatda yaltaqlıq qədər ikinci iyrənc, idbar, səfeh əməl yoxdur. Yaltaq öz daxilində hesab edir ki, nə olsun, tərifli sözlərə qərq etdiyi adamlar haqsızdırlar, ədalətsizdirlər, heç özünün də onlardan xoşu gəlmir, amma əgər söyləyəcəyi tərifin qarşılığında maddi bir yarar, fayda varsa, niyə söyləməsin?! Yaltaq belə fikirləşməklə də kifayətilənmir, o düşünür ki, yeri gəlsə, onun özü də əslində heç kimdir, sadəcə, bioloji varlıq, fiziki mövcudluqdan ibarətdir, mənəvi olan hər şey ona yaddır, həyatda qarnının qeydinə qalmaqdan başqa işi, məqsədi yoxdur, elə isə yaltaqlanmaqdan niyə utanmalıdır? Axı nədir bu utanmaq, nəyə lazımdır o! Ar, abır, həya? Boş ver getsin… Hamısı arxaikləşmiş sözlərdir. Onlarla bala saxlamaq olar?! Lap mənim eks tanışımın leksikonunca desək: “Beş-üç günlük dünyadı də, bu gün varıq, sabah yoxuq, başını aşağı salıb bir tikə çörəyini qazanmaq lazımdır…”

Bəs nəticə? Sual bəlkə də yersiz görünür. Axı hər şey hamımızın gözü önündədir: yaltaqlıq Azərbaycanda artıq məşğuliyyətdir, iş yeridir. Normativdir. Qaydadır. Həyat və düşüncə tərzidir. Karlson demiş, “adi həyat hadisəsidir”. Heç artıq bizdə yaltaqlığa görə adamları qınamırlar da, hətta yaltaqlığı fərasət göstəricisi, qabiliyyət, məharət faktı kimi qəbul və təqdir də edirlər.

Bu o qədər pis, dəhşətli, ürəkbulandıran, qorxunc vəziyyətdir ki, daha betərini təsəvvür etmək belə mümkün deyil.

Hətta yaxşısı budur, biz elə buradaca yazıya nöqtə qoyaq. Imkan verək, kimsə öz təsəvvürünü zorlayaraq görsün, yaltaqlığın normaya çevrildiyi bir ölkə üçün bundan da ağır, dözülməz vəziyyət mümkündürmü?!