AXCP-nin konfransları davam edir

AXCP-nin VI(IX) Qurultayına hazırlıqlar davam edir. Bununla əlaqədar olaraq avqustun 30-da AXCP Suraxanı rayon şöbəsinin konfransı keçirilib.

Bu barədə “Azadlıq”a məlumat verən partiyanın sədr müavini Gözəl Bayramlı bildirib ki, 80 nəfərin iştirakı ilə baş tutan konfransda rayon şöbəsinin seçkili orqanlarına yeni seçkilər keçirilib, həmçinin qurultaya nümayəndələr seçilib.

Konfransda Bəhruz Həsənli AXCP Suraxanı rayon şöbəsinin sədri, Eldar Hüseynov AXCP Ali Məclisinin üzvü seçiliblər.

Daha bir konfrans AXCP Yasamal rayonun şöbəsində keçirilib. Bu barədə məlumatı “Azadlıq”a partiyanın Rəyasət Heyətinin üzvü Məhəmməd Talıblı verib. O, bildirib ki, konfransda Hacı Cəlil Hüseynov şöbənin sədri, Nuru Nuruzadə şöbənin məclis sədri, 4 nəfər isə qurultaya nümayəndə seçilib. Həmçinin tədbirdə şöbənin gənclər komitəsi yaradılıb. Şəmistan Həzi komitənin sədri seçilib. Məhəmməd Talıblı əlavə edib ki, konfransda partiyaya 10 yeni gənc üzv qəbul olunub.