Yaxud «sertifikatlaşdırma əməliyyatı» hansı zərurətdən doğur?
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər (Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin fəaliyyətini sertifikatlaşdıracaq. Bu barədə jurnalistlərə açıqlama verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti ölkənin tənzimləyici orqanının bu addımını müsbət qarşılayıb:
“Məlumdur ki, bu gün Azərbaycanda sosial şəbəkələr və internet messencerlərdən aktiv şəkildə istifadə olunur. Bundan başqa onlardan bir neçəsi internet şəbəkəsi üzərindən xidmət göstərir. Hesab edirik ki, Azərbaycanda kütləvi, fərdi informasiyaların yığımı və saxlanılması ilə məşğul olan şirkətlər Azərbaycan qanunlarına əsasən fərdi məlumatların saxlanılması üzrə sertifikat almalıdır. Bu sertifikat nazirlik tərəfindən verilir”.
Ə.Abbasov qeyd edib ki, hazırda nazirlik “Viber”, “WhatsApp”, “Skype” şirkətləri və sosial şəbəkələrlə danışıqlara başlayıb: “Bu təcrübə yalnız Azərbaycanda deyil, bir sıra Avropa ölkələrində də tətbiq edilir. Hər ölkə öz qanunlarına uyğun olaraq onların fəaliyyətini sertifikatlaşdırır. Sözsüz, bu bir qədər ağır işdir. Çünki bunu bəzən hansısa məhdudiyyətlərlə qarışıq salırlar. Lakin bizdə heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu şəbəkələr Azərbaycan, onun əhalisi haqda böyük informasiyaya malikdir. Odur ki, Nazirlik də tənzimləyici orqan kimi Azərbaycan vətəndaşlarının onlayn hüquqlarını qorumalıdır”.
Nazir bildirib ki, “Viber”, “WhatsApp”, “Skype” şirkətləri və sosial şəbəkələrlə aparılan danışıqlar müsbət nəticə verib: “Onlar artıq Azərbaycanın qanunlarını öyrənməyə başlayıb. Düşünürəm ki, onların fəaliyyətini sertifikatlaşdıracağıq”.
Hakimiyyətin məqsədi nədir?
Hüquqşünas, media eksperti Ələsgər Məmmədli “Bizim Yol”a şərhində bildirdi ki, sertifikatlaşdırma mahiyyət etibarilə lisenziyalaşdırmadır: “Bu, kommunikasiya vasitələrinin lisenziyalaşdırılmasıdır. Yəni icazə sistemidir və nəticəsi də odur ki, icazə verilməzsə, burada fəaliyyət göstərə bilməzlər”.
Bəs sosial şəbəkələrin fəaliyyətinə hansısa formada qadağa qoyma mexanizmi mümkündür? Bu suala cavab olaraq hüquqşünas bildirib ki, əgər söhbət internetin bağlanmasından gedirsə, hökumət Şimali Koreya kimi bunu edə bilər: “Əgər interneti bağlamaq, yaxud filtirləmək istəmirsə, o zaman buna getməz. Bütün hallarda, hökumət lisenziyalaşmamış sosial şəbəkələrin Azərbaycanda fəaliyyətinə maneə yaratmaq istəsə, o zaman provayderlər vasitəsilə onlara girişi məhdudlaşdıracaq. Bu məhdudlaşdırma olarsa, nə mobil operatorlardan, nə də internet provayderlərindən sosial şəbəkələri açmaq mümkün olmayacaq. Əlbəttə, bunun da istisnaları var. Əgər siz hansısa ”Tor Browser" kimi brauzerdən istifadə etsəniz, sizin IP ünvanınız dəyişdiyi üçün Azərbaycan görünməyəcək və siz yenə də həmin sosial şəbəkədən istifadə edə bilərsiniz. Amma bu zaman daha sürətli internet lazımdır və s. problemlərlə qarşılaşmaq mümkündür" – deyə hüquqşünas bildirdi.
Ələsgər Məmmədli deyib ki, internetdə lisenziyalaşdırmaların həm siyasi, həm də iqtisadi amilləri var: “Siyasi maraqlar odur ki, Azərbaycanda televiziyalardan, radiolardan və çap mətbuatından fərqli olaraq, plüralist düşüncə mərkəzi sosial şəbəkələrdir. Yəni burada həm hökumət, vəzifəli şəxslər tənqid oluna bilir, həm televiziyaların göstərmədiyi sosial problemləri həm video, həm yazılı şəkildə görə bilirik. Bu baxımdan sosial şəbəkələrdəki plüralizm real şəkildə bir demokratik mühit yaradır. Bu, əlbəttə müəyyən siyasi dairələri narahat edə bilər. Lakin iqtisadi səbəblər də var. Bu gün lisenziyalaşdırma üşünsöhbət ”Viber", “WhatsApp”, “Skype”dan gedirsə, bu messencerlər üzərində siyasi müzakirələr çox olmur. Məncə, əsas narahatçılıq iqtisadi qayğıdır"
Mobil telefonla xaricə bir dəqiqə zəngin qiymətinə “Skype”da 1 ay danışmaq olur
Ələsgər Məmmədli vurğulayıb ki, Azərbaycanda üç mobil operator var və kiminsə qəbul edib-etməməsindən asılı olmayaraq, bu şirkətlər monopolistdirlər: “Yəni onlar bazar şərtlərində işləmir, qiymət müəyyən edir və məcburən vətəndaşlara öz qiymətlərini sırıyırlar. Məsələn, ”Azercell"də bu gün rouminq qiyməti normalda bir dəqiqə üçün 1 manat 28 qəpikdir. Yəni Moskvaya, yaxud Istanbula zəng etmək istəsəniz, hər dəqiqə üçün 1.28 manat ödəməlisiniz. Amma əgər siz bu zəngi “Skype” vasitəsilə etsəniz və “Skype”ın aylıq abunəsinə qoşularaq 1 dollar 79 qəpik ödəyirsinizsə, 1 ay ərzində Moskva ilə bir ay danışa bilərsiniz. Yəni mobil operatorlardan 1 dəqiqə üçün ödədiyiniz məbləğə 1 ay danışa bilirsiniz. Bu da rəqabət mühiti yaratdığı üçün mobil operatorlardan istifadə aşağı düşüb. Böyük ehtimalla, nə qədər beynəlxalq zənglərə olan qiymətlərdə endirim olsa da, “Aztelekom”dan zənglərdə azalma meydana çıxıb. Ayrıca bu kimi messencerlər görüntülü xidmət təklif edir. Üzbəüz danışmaq, videomesac göndərmək olur və s. Bunların hamısı da pulsuzdur. Belə olan halda, əlbəttə ki, vətəndaş pulsuzu qoyub, pullu xidmətdən istifadə etmir. Bu da istər “Aztelekom”un, istərsə də digər mobil operatorların xüsusən beynəlxalq danışıqlarına ciddi təsir edir. Düşünrəm ki, onların gəlirləri azaldığı üçün, RYTN bir növ messencerlərə məhdudiyyəti gətirmək, yaxud müəyyən prosedurlara cəlb etmək məqsədilə lisenziyalaşdırmanı gündəmə gətirir".
“Com”un Azərbaycanda sertifikatlaşdırılmasının özü qeyri-müəyyən hüquqi normadır"
Ekspert qeyd edib ki, sosial mesencerlərin lisenziyalaşdırılmasının hansı formada olacağını demək çətindir: “Bununla bağlı konkret meyar da yoxdur. Çünki qanun Azərbaycanda fəaliyyət göstərənləri sertifikatlaşdırır və ”com" üzərində fəaliyyət göstərənlərin Azərbaycanda sertifikatlaşdırılmasının özü qeyri-müəyyən hüquqi normadır. Yəni hüquqda elə bir müddəa yoxdur. Hökumət “az” domenində olanları sertifikatlaşdıra bilər, “com” domeni isə onsuz da öz ölkəsində lisenziyalaşıb və sertifikat alaraq fəaliyyət göstərir". Ekspert hesab edir ki, vətəndaşlar internet messencerləri üzərindən sərfəli danışsalar da, bu, tam pulsuz da deyil və buna görə bu və ya digər şəkildə – istər internet provayderləri, istərsə də mobil operatorlara internet haqqı ödəyir: “Biz ”Viber", “WhatsApp”, “Skype” kimi messencerlərdən istifadə edərkən buna görə internet pulu ödəyirik. Yəni mobil operatordan paket alırıq və buna görə də çox yüksək miqdarda pul ödəyirik. “Skype” bizə kompüterdə görüntülü danışığı pulsuz verə bilər. Amma bu, internetə qoşulduqdan sonra mümkündür. Biz bu qoşulma üçün “Aztelekom” üzərindəndirsə, provayderə, “Delta”ya, yaxud mobil operatorlardan internet alırıqsa, onlara haqq ödəyirik. Yəni biz əslində pulsuz heç bir xidmətdən istifadə etmirik ki, bu kiməsə qayğı yaratsın".
“Bəs sertifikatlaşdırmadan sonra messencerlər vasitəsilə danışıqda hansı dəyişikliklər ola bilər” – sualına cavab olaraq ekspert bildirdi ki, böyük ehtimalla məhdudiyyətlər tətbiq edilə bilər: “Məsələn, son vaxtlar ”WhatsApp" üzərindən edilən zənglərə mobil olperatorlar tərəfindən məhdudiyyət qoyulub və zəng etmək mümkün deyil. Bu qanunsuz bir qadağadır və lisenziyalaşdırma ilə buna qanuni don geyindirmək istəyirlər. Yəni faktiki olaraq, həmin messencerlərin istifadəsinə mane yaradacaqlar və biz də guya məcbur olub bu operatorların təklif etdiyi rouminq və ya beynəlxalq zəng tarifləri ilə danışmalı olacağıq. Yəni internet üzərindən xəbərləşməmiz önlənmiş olacaq".