Mingəçevir hadisələrinin günahsız qurbanı

Bakıda olan adamı Mingəçevirdəki mitinqdə iştiraka görə tutublar

Mingəçevir hadisələrinə görə həbslər davam edir. Keçirilən əməliyyatlar zamanı bu olaylarda iştirakçı olmayanlar da həbs edilir. Məsələn, Biləsuvar rayon sakini Samir Poladov kimi. Samir Poladovun bacısı Lətafət Poladova “Azadlıq”a bildirib ki, qardaşı Bakıda işləyirmiş.

Avqustun 23-də Biləsuvar Rayon Polis Şöbəsindən ona zəng gəlib: “Deyiblər ki, şöbəyə gəl. Biz bundan xəbər tutduqda zəng vuran adamla əlaqə saxladıq. Dedi ki, Samiri rəis çağırır. Bir-iki sual verib buraxacaqlar. Avqustun 24-də atam Samirlə şöbəyə getdi. Amma şöbədən bildiriblər ki, Samiri Mingəçevirə aparmalıdırlar. Orada izahatı alınandan sonra buraxılacaq. Samiri ora aparandan sonra isə bizə dedilər ki, sabah buraxacaqlar. Amma avqustun 25-də bir nəfər bizə zəng edərək dedi ki, Samirin vəkilidir, bəs onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib”.

Lətafət Poladovanın sözlərinə görə, Samir Poladovu  Mingəçevirdəki hadisələrdə iştirak etməkdə ittiham edirlər. Ona qarşı Cinayət Məcəlləsinin 220.1-ci (kütləvi iğtişaş) maddəsilə ittiham irəli sürülüb. Lətafət Poladova deyir ki, qardaşı nə Mingəçevirdə olub, nə də həmin hadisələrdə iştirak edib: “Samir Bakıda olub. O, Mingəçevirdə keçirilən mitinqdə iştirak etməyib. Amma onu günahsız yerə tutublar”.