Doğuş zamanı ana və uşaq ölümləri niyə artır?

Son zamanlar Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü ilə bağlı məlumatların sayı artıb. BBC Azərbaycancanın oxucuları xəstəxanalardakı vəziyyətdən – mütəxəssis çatışmazlığı, həkimlərin xəstələrlə kobud davranışı, tibbi ləvazimatların sanitariya qaydalarına uyğun olmaması və korrupsiya hallarından şikayətlənib. Qeyri-hökümət təşkilatları bildirir ki, doğuş sahəsində vəziyyət “daha ciddidir” və statistik göstəricilər gerçəkliyi əks etdirmir.

Səhiyyə Nazirliyi isə iddiaları rədd edərək, doğum zamanı ölən ana və uşaq sayında artım olmadığını deyir. Dövlət Statistika Komitəsinin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumatda isə deyilir ki, 2014-cü ildə doğuş zamanı ölüm halları bir qədər artıb.

Rüşvət halları

Ilk övladını dövlət xəstəxanasında dünyaya gətirən və adının çəkilməsini istəmədiyindən şərti olaraq Aygün adlandırdığımız Bakı sakini rastlaşdığı münasibətdən və rüşvət hallarından danışıb.

“Hamiləliyin 5-ci həftəsindən başlayaraq, ayda iki dəfə qadın məsləhətxanalarından birinə gedirdim. Dövlətə məxsus olmasına baxmayaraq, hər dəfə həkimimə 5-10 manat pul verməli idim. Ancaq o zaman mənimlə qayğıkeş davranırdı. Pul verməyəndə gözlərini süzdürürdü, ya da kobudluq edirdi”, Aygün deyir.

Onun sözlərinə görə, hər dəfə USM aparatından istifadəyə görə 10-15 manat ödəməli, həkimin yanındakı tibb bacısına da 2-3 manat verməli olub.

“Doğum zamanı da həkim və tibb bacıları kobud davranırdılar. Doğuşun ortasında uşaq həkimi ilə doğum həkimi dalaşdı. Məni masada unudub qışqıra-qışqıra dava etdilər”, Aygün əlavə edir.

Doğuşdan sonra palataya köçürülən Aygün “natəmizlik”dən heyrətləndiyini bildirir. Dediyinə görə, bütün çarpayı dəsti ləkə içində olub. Yeməyini və dərmanlarını isə qayınanası gətirib.

“Xəstəxanada qaldığım beş gün ərzində bütün tibb bacıları məndən ”şirinlik" istədi. Məcbur idim verəm",- deyən müsahibimiz, ümumilikdə, doğum üçün dövlət xəstəxanasına 600 manatdan çox pul xərclədiyini bildirir.

“Ikinci uşağım üçün mütləq özəl xəstəxana seçəcəm. Dövlətdə pul verməsən baxmırlar. Özəldə isə bəri başdan müəyyən qədər pul ödəyirsən, sənə yaxşı qulluq da edirlər, rüşvət də istəmirlər”, Aygün əlavə edir.

Səhiyyə Nazirliyi rüşvətlə bağlı “bəzi neqativ hallar”ın olması ilə razılaşır. “Neqativ hallar hər sahədə olduğu kimi səhiyyədə də olur. Əsas odur ki, müraciət olan kimi tədbir görülür”, Nazirliyin sözçüsü Səmayə Məmmədova deyib.

O, rüşvət halları ilə bağlı vətəndaşları “qaynar xəttə” zəng etməyə çağırıb.

“Dövlət xəstəxanalarındakı pullu müayinə və müalicə halları olarsa, vətəndaşlar bizim qaynar xəttimizə müraciət edə bilərlər. Qaynar xətt 24 saat fəaliyyət göstərir. Müraciət olunduğu halda məsələ bizim əməkdaşlar tərəfindən araşdırılır, belə bir hal təsdiqlənərsə müəyyən cəza tədbirləri görülür”, Nazirliyin sözçüsü deyib.

Azaldılmış statistik göstəricilər

Aygün bu cür problemlərlə qarşılaşmış yüzlərlə gənc anadan biridir. Bizə yazan digər analar da hazırkı səhiyyənin vəziyyətindən şikayətçidir.

Könül Paşayeva adlı oxucumuz yazır ki, “4 uşaqdan ikisini həkimlərin əlindən zorla sağ qurtara” bilib.

“Baş həkim ancaq pul güdür… təsəvvür edin, xəstəxanada yanımda yatan xanımın 6 aylıq uşağı qarnında ölmüşdü. Süni doğuş üçün ondan 500 manat pul aldılar. Görəsən pul olmasaydı, ölü uşaq onun qarnında qalardı?!”, o deyib.

Digər oxucumuz isə, övladlarını həkim nəzarətində olduğu halda itirdiyini deyir.

“Xəstəxanada olanda əkizlərin biri bətnimdə ölmüşdü. Həkimlər bir həftə sonra ayıldılar. Onda artıq gec idi. O biri uşaq da zəhərlənib öldü”, o yazır.

Səhiyyə Nazirliyinin sözçüsü Səmayə Məmmədova deyir ki, doğuş zamanı ana və uşaq ölümünün müxtəlif səbəbləri var və “həkim səhvi ucbatından ana ölümü faktı çox azdır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanda bir yaşa qədər olan körpələrin ölüm sayı 1655 olub. Onlardan 1324-ü şəhər yerində, 331-i isə kənd yerində həyatını itirib.

Rəqəmlərə əsasən, 2014-cü ildə ölkədə hamiləlik, doğuş və zahılıq dövründə 25 ana dünyasını dəyişib.

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, hamiləlik, doğuş və zahılıq dövründə olan anaların 2014-cü ildə ölümünün səviyyəsi 2013-cü illə müqayisədə 0,7 faiz artıb”, Komitənin məlumatında bildirilir.

Maraqlısı odur ki, uşaq ölümü ən çox Gəncə şəhərində (40), ana ölümü isə Gəncə, Lənkəran və Aranda qeydə alınıb.

Ilkin tibbi yardım edə bilməyən xəstəxanalar

Qadınların Rasional Inkişafı Asossasiyasının rəhbəri Şəhla Ismayıl dövlət statistikasının “yumşaq verildiyini” deyir. Onun sözlərinə görə, doğuş zamanı baş verən ölümlərin çoxu “ana və uşaq ölümü kimi” qeydə alınmır.

Əsas problemlər isə regionlardadır.

“Rayon xəstəxanalarında insanlara vaxtında xidmət göstərilmir. Anti-sanitariya, steril aparatların olmaması, mütəxəssis çatışmazlığına görə nə qədər ağır travma ilə doğulan və ölən uşaqlar var”.

Bu QHT xəstəxanalara daxil ola bilməsə də, ginekoloq çalışan üzvlərinin olduğunu deyir. “Onlar deyirlər ki, doğuş zamanı ölüm haqqındakı statistikanı 7-8-ə vurmaq lazımdır”, Şəhla Ismayıl bildirir.

Qurum rəhbərinə görə, bu ölümlər böyrək, ürək çatışmazlığı və ya başqa xəstəliklər kimi qələmə verilir.

“Ötən həftə Qax rayonunda uşaqlarım zəhərləndi. Qax və Şəki rayonlarında müraciət etdiyimiz 6 xəstəxananın cəmi üçü uşaqları qəbul etdi. Amma orda imalə, sistem köçürülməsi səviyyəsində xidmət ala bilmədik. Uşaq xəstəxanalarında su və gigiyena vasitələri yoxdur. Bunlar olmayan xəstəxanalarda biz necə sağlam doğuşdan danışa bilərik?!”, deyən QHT rəhbəri dərman ləvazimatlarını da özünün aldığını əlavə edir.

“Həkim savadlı olmalıdır. Korrupsiyaya uğramış Tibb Universitetinin məzunları da xəstəyə pulla baxacaq”, Şəhla Ismayıl deyir.

Dünya reytinqi

“Səhiyyə və sağlam həyat” Ictimai Birliyinin sədri Mətanət Əlizadə isə belə düşünmür. O, regionlarda səhiyyənin vəziyyətinin yüksək səviyyədə olduğunu və mütəxəssis çatışmazlığının olmadığını bildirir.

“Doğuş zamanı ölümlər çox vaxt anaların öz günahıdır. Onlar hamiləlik vaxtı lazımınca həkimə getmirlər. Vaxtında müayinədən keçsələr belə hal olmaz”, o deyib.

Azərbaycan Britaniyanın “Save the Children” xeyriyyə fondunun hazırladığı illik Dünya Analıq hesabatının reytinq cədvəlində 179 ölkə arasında 90-cı yerdədir.

Hesabatın əsas parametrlərindən biri isə ananın doğuş zamanı ölməsi ehtimalıdır və rəqəmlərə görə, Azərbaycanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir.