Bakı sakini dələduzların qurbanı olduğunu deyir

O, xaricə səfərlər təşkil edən şirkəti günahlandırır

 

Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 3 saylı ünvanda yaşayan Həsən Hüseynov “Azadlıq”a müraciət edib. DIN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin rəisi Seyfulla Əzimova qəzetimiz vasitəsilə üz tutan şikayətçi yazır:

“Bu ilin 15 iyun tarixində mobil telefonuma zəng edərək özünü Sima xanım adlandıran şəxs məni təbrik edərək mobil nömrəmin Çexiyaya pulsuz putyovka udduğunu dedi. Həmin putyovkanı təqdim etmək  üçün də ”ISR Plaza"ya dəvət etdilər. Ailəmlə birlikdə ora gedəndə bizi Fəridə xanım və özlərini “Royal VVindsor” MMC-nin əməkdaşları adlandırdıqları  bir neçə  şəxs qarşıladı.  MMC-nin icraçı direktoru kimi isə Edvard Vilson adlı xarici vətəndaşı təqdim etdilər. Orada Fidan xanım adlı əməkdaş öz çıxışında şirkəti reklam edərək 5 min manatlıq putyovkanı mənə 1075 manata almağı təklif etdi. Ofisin isə Zərifə Əliyeva 55-də yerləşdiyini deyib bizi ora dəvət etdi. Onlar həmçinin “Ideal Vord” şirkətiylə müştərək işlədiklərini dedilər.

Məni qeydiyyatdan keçirmək üçün ofisə dəvət edəndə orada ödənişi etdim və mənə qəbz verdilər. Fəridə xanıma getmə tariximi dəqiqləşdirmək üçün zəng edəndə o, ofis meneceri və  müdiriyyətin məzuniyyətdə olduğunu deyib bir həftədən sonra gəlməyi tapşırdı. Təxminən 10 gündən sonra ora gedəndə ofisin bağlı olduğunu gördüm. Ora mənim kimi çoxsaylı aladılmış adamlar yığılmışdı. Sima xanıma zəng edəndə onun telefonu söndürülmüşdü. Fidan xanımın telefonu isə cavab vermədi. Ən sonda Fəridə xanıma zəng edəndə mənə söz verdi ki, darıxma, sizi tezliklə göndərəcəyik. Fidan xanım isə bugünə kimi mənə cavab vermir.

Onların putyovkalarına 2 həftəlik səyahət, bahalı otel, yemək və viza daxil idi. Yol xərcini isə özümüz ödəməliydik. Viza üçün əlavə 120 manat ödəmişdim. Ofisin əməkdaşlarına nə qədər zəng etsəm də onlar cavab vermirlər.

Xahiş edirəm, bu dələduz dəstəni taparaq onları məsuliyyətə cəlb edin və mənə dəyən ziyanın ödənilməsinə kömək edin".

Sosial şöbə