aliyev-kerimli2

İlham Əliyevin rol aldığı tamaşa

Əli Kərimliyə qarşı qisas hissindən qaynaqlanan uğursuz əməliyyatın baş tutmayacaq məqsədləri

Artıq neçə gündür ki, Azərbaycan cəmiyyəti analoqu olmayan “siyasi əxlaqsızlıq”la bağlı hər gün müxtəlif xəbərlər eşidir. Söhbət hakimiyyətin AXCP-yə qarşı təşkil etdiyi “Razi əməliyyatı”ndan gedir. Məqsədi Xalq Cəbhəsinin adını ələ keçrmək olan bu əməliyyat əslində, elan edildiyi gündən iflasa uğrayıb. Çünki ölü doğulan, hətta deyərdik ki, qəbrdən dartıb çıxarılan bir ideya üzərində qurulub…

Ölkənin əsas müxalifət partiyasının adına bu şəkildə idda irəli sürmək bu ssenaridə rol alanların mənəvi qüsuru ilə yanaşı, belə bir tamaşa quran hakimiyyətin qanun  və siyasi əxlaq anlayışından məhrum olmasını da göstərir. Heç bir hüquqi, mənəvi və siyasi əsas olmadan AXCP-nin kimliyini mübahisələndirmək cəhdi əslində, İlham Əliyevin Əli Kərimliyə və onun lideri olduğu təşkilata qarşı qisas hissindən qaynaqlanır. Bu baxımdan indi AXCP ətrafında yaradılan hay-küyə İlham Əliyevin Razi Nurullayev maskasında rol aldığı tamaşa da demək olar.

 

İşin əsli bu qədər aydın ikən, həqiqətin hansı tərəfdə olduğunu cəmiyyətdən gizlətmək də mümkün deyil. Düzdür, hakimiyyət bütün media resurslarını işə salıb ictimai fikri çaşdırmağa çalışır. Bu işdə iqtidarın əsas ruporu sayılan “Yeni Müsavat” qəzeti davamlı olaraq AXCP-dən yalançı istefalarla bağlı məlumatlar verməklə, ictimai rəydə guya bir parçalanma fikri yaratmaq istəyir. Bu cür yanlış informasiyalar anındaca AXCP tərəfindən təkzib edilir və partiyadan nə zamansa xaric edilmiş şəxslərin, bu təşkilatın üzvü olmamış saxtakarların hesabına partiyadan kütləvi ayrılmaların olması barədə yanlış təəssürat yaradılmasının qarşısı alınır. Ancaq bütün bunlara rəğmən “Yeni Müsavat”ın saxta məlumatları abır-həya etmədən tirajlaması ortada uzağa gedən niyyətlərin olduğunu və bu işin Prezident Administrasiyası səviyyəsində gündəlik olaraq koordinasiya edildiyini göstərir.

Əslində, hakimiyyətin AXCP əleyhinə apardığı bu kampaniya “Yeni Müsavat”ın medallı redaktoru Rauf Arifoğluna həm də seçkilər ərəfəsində İlham Əliyevə öz sədəqətini növbəti dəfə sübut etmək imkanı yardır. O da kampaniyada ağına-bozuna baxmadan iştirak edib, daha bir “molodes”qazanmağa, hakimiyyətin standartlarına tam uyğun gəldiyini göstərməyə çalışır. Adam çox yaxşı bilir ki, qazanacaqları, insan kimi imtina etdiklərinə adekvat olacaq.

Təbii ki, uğursuz və cəmiyyətdə əks reaksiya yaradan bu kampaniyanın məqsədi ilk növbədə AXCP-nin diqqətini gündəmdə olan məsələlərdən yayındırmaq, ictimai rəydə bu təşkilatın zəifləməsi təəssüratını yaratmaqdır. Ancaq görünən odur ki, iqtidarın bütün media resurslarının səfərbər olunmasına baxmayaraq, yalan məlumatlarla cəmiyəti çaşdırmaq mümkün olmur. Bu halda prosesi davam etdirib, AXCP ətrafında dedi-qodularla insanları bezdirmək, Xalq Cəbhəsinin mübarizəsinə ictimai marağı azaltmaq istəyirlər. Ancaq müşahidələr göstərir ki, cəmiyyət baş verənləri hakimiyyətin AXCP-yə qarşı əməliyyat planı saydığından, bu təşkilata qarşı ictimai rəğbət daha da güclənir.

Başqa bir ehtimal odur ki, hakimiyyət bu prosesi davam etdirib, sonda AXCP-nin qeydiyyatını ləğv etmək üçün uydurma əsas yaradır. Bütün dünyanın gözü qarşsında heç bir hüquqi əsas olmadan Leyla Yunusa, İntiqam Əliyevə və başqa vicdan məhbuslarına necə hökm çıxarılıbsa, eyni məntiq və prinsiplə Xalq Cəbhəsinin qeydiyyatının ləğvi də mümkün sayıla bilər. Bu, çox güman ki, hakimiyyətin ən çox istədiyi və bəlkə də planın əsas məqsədidir. Ancaq hətta ictimai rəyə məhəl qoyulmadan, hüquq açıq-aşkar tapdanaraq belə bir addım atilarsa da, bu, hakimiyyət üçün Xalq Cəbhəsi məsələsini həll edə bilməyəcək. Çünki hazırkı qanunlara görə partiyalar yalnız formal baxımdan siyasi sistemin subyekti sayılırlar. Yəni siyasi fəliyyətdə partiyaların qeydiyyatının olub-olmaması heç bir rol oynamır. Milli Məclisə keçrilən seçkilər majoritar qaydada olduğu üçün, partiyaların rəsmi qeydiyyatı seçkilər baxımından əhəmiyyət daşımır. Onsuz da ofisi olmayan, hər cür təzyiqlərin hədəfi olan Xalq Cəbhəsi hər hansı hüquqi imtiyazdan istifadə etmək imkanında deyil. Xalq Cəbhəsinin bu gün ölkə siyasətindəki yeri və cəmiyyətdəki nüfuzu birmənalı şəkilıdə bu rejimə qarşı apardığı mübarizə ilə bağlıdır. Bu gün ölkədə kifayət qədər böyük nüfuza sahib olan Milli Şura illərdir ki, qeydiyyatssız fəaliyyət göstərir. Ona görə də hakimiyyətin məqsədi başaladığı “Razi əməliyyatı”nın sonunda AXCP-nin qeydiyyatını ləğv etməkdirsə, bu, Xalq Cəbhəsinin fəaliyyətinə təsir baxımından heç bir əhəmiyyət daşımır.

Yaxın keçmişdə Xalq Cəbhəsinin adına idda ilə bağlı çoxsaylı uğursuz cəhdlər olub. Özü də o zamanlar bu rolu üzərinə götürənlər Razi ilə müqayisədə daha ciddi fiqurlar olublar. Ancaq bu cəhdlərin hamısı sonda uğursuzluqla bitib. Bu dəfə də uğursuzluqla bitəcək. Hakimiyyətin nə qədər istəməsindən asılı olmayaraq, nə Azərbaycan cəmiyyətinə, nə də beynəlxalq birliyə bu siyasi əxlaqsızlığı qəbul etdimək mümkün olacaq.

Siyasət şöbəsi