Siyasəti zibilləyənlər

Yaxud, çirklənmişlərin təmizlərlə savaşı

Daha dərin analizlərə baş vursaq görərik ki, Azərbaycandakı acınacaqlı vəziyyətin əsas səbəbi siyasi aktivliyin, siyasi şüur səviyyəsinin aşağı olmasıdır. Mövcud hakimiyyət uzun illər ərzində öz “siyasət”ini cəmiyyətin şüuruna pərçim edib və beləliklə avtoritarizmin iyrənc ənənələrini adiləşdirməyə başlayb. Insanların şüuruna “siyasət iyrənc peşədir”  düsturunu həkk edən də bu hakimiyyət olub.

Cəmiyyətə o qədər  mənliyini, əqidəsini, insanlığını itirmiş adamlarr təqdim edilib ki, şüurlarda “siyasət adamı”nın mənfi obrazı yaranıb. Yaxud, hakimiyyət mübarizə meydanında olan insanları müxtəlif vasitələrlə sıradan çıxarıb, şantaj edib, ağır məhrumiyyətlərlə üz-üzə qoyub və nəticədə bu adamların gurultusu səssizliklə əvəzlənib. Belə hallar isə “siyasətə qarışmıram” arqumenti ilə silahlanlar üçün növbəti zərbə olur. Yəni, insanlarda ümidsizlik, inamsızlıq formalaşır.  Hakimiyyət sübut etməyə çalışır ki, ləyaqət satılmaq üçündür və sona qədər səngərdə qalmaq mümkün deyil. Əslində “hökumətlə hökumətlik etmək olmaz” şüarı da bu siyasətin davamıdır.

Məsələn, qardaş Türkiyəyə nəzər salaq. Müxalifət liderləri AKP hökumətini, şəxsən Ərdoğanı kəskin tənqid edir. Amma bu adamlar onu da bilirlər ki, qərargahları partladılmayacaq, ciblərinə narkotik atılmayacaq, doğmaları şantaj vasitəsinə çevrilməyəcək. Heç hökumətin leksikonunda da müxalifətə qarşı “vətən xaini”, “radikal” kimi epitetlər bitməyib. Məhz bu ənənənin formalaşması cəmiyyəti də tərbiyə edib və insanlar başa düşür ki, dəyişikiklik seçkidən keçir. 

Azərbaycanda hakimiyyət nəinki real müxalifət qüvvələri ilə dialoqa hazır deyil, həm də hökumət bütün arsenalı ilə müxalifətin üzərinə hücuma keçib. Hakimiyyət alternativ fikri sıradan çıxarmaq üçün, bütün ağlagəlməz vasitələrdən istifadə edir. Əgər hakimiyyət telekanallar, mətbuat vasitəsilə müxalifət liderlərinə qarşı şər-böhtan kampaniyası aparmağı özünə icazə verirsə, təbii ki cəmiyyət siyasətdən qaçacaq.

Özünü siyasətçi, millət vəkili, ziyalı adlandıran adamlar hakimiyyətin sifarişini yerinə yetirir, vicdanlı insanlara ləkə vurmaqla məşğul olur. Ölkə vətəndaşı insanların necə insancığaza çevrildiyini, adamların pul qarşısında  əridiyini, yoluna xəyanət etdiyini görürlər. Bu gün hakimiyyətin sözçüsü kimi telekanallardan, mətbuat səhifələrindən boylananlara nəzər salın. Bu adamlar cəmiyyətdə ikrahla qarşılanır, insanlar bir-birini təhqir etmək istəyəndə “sən filankəsə oxşayırsan”, “səndə filankəsləşmə gedir” kimi ifadələr işlədirlər. Yəni, hakimiyyətin siyasət meydanına buraxdığı fərdlər gah gülüş obyektinə çevrilir, gah da insanların nifrətinə tuş gəlir.

Bizi narahat edən, təəssüfləndirən budur ki, bu adamcığazlar siyasəti zibilləyirlər. Hakimiyyət məqsədli şəkildə mənliyini itirmiş insanlardan istifadə edir. Çünki, belələrinin itirəcək daha dəyərli heç nəyi qalmır. Və bu adamlar millət, dövlət üçün mübarizə aparanları, ölkəyə ədalət, şəffaflıq gətirmək istəyənləri ləkələmək üçün görəvləndiriliblər.  Hakimiyyət istəyir ki, cəmiyyət ləyaqətli, mənəviyyatlı siyasətçilərlə tanış olmasın. Bugün 100-ə yaxın insanın şərlənərk həbs olunması da bu prosesin bir hissəsidir. Bu ölkədə iqtisadçı da, hüquqşünas da, siyasətçi də, sənət adamı da yarınmalıdır, hökumətə beyət etməlidi. Çünki, bütün sahələrdə irəli çəkilənlər, mənəvi baxımdan geridə qalanlardı.

Görəsən, siyasəti zibilləyən bu adamlar, ailəsinin üzünə necə baxır? Axı, insan övladını bu yolla necə böyüdə bilər? Kiməsə şərə atmaq, cəmiyyətə yalan satmaq, günahsız insanları həbs etdirmək, qazanc mənbəyi olmamalıdır.

Demək istəyirik ki, bəzi insanlar mənəvi baxımdan tam zibilləndikləri üçün, siyasəti də zibilləməklə məşğuldular. Bu adamlar hakimiyyətin “zibil maşını” rolunu oynayır.

Amma siyasət xalqın və dövlətin maraqları üzərində qurulanda, sağlam rəqabətə söykənəndə nəticə başqa olur.  Ona görə də cəmiyyət ayıq olmalıdı. Onlara sırınan sındırılmışları, əyilmişləri “siyasi fiqur” kimi qəbul etməməlidir. Bugünlərdə isə “zibilləyənlər” daha da aktivləşib. Çünki, təmizləyənlərin qələbəsi, zibilləyənlərin işsiz qalması deməkdir. Cəmiyyətin inkişafı üçün isə siyasətlə təmiz adamlar məşğul olmalıdı

İlham