AXCP sədrindən veteran cəbhəçiyə yubiley təbriki

AXCP sədri Əli Kərimli partiyanın veteran cəbhəçilərindən biri Rza Abdullayevi 55 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Rza bəy! Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz Milli Azadlıq Hərəkatından üzü bəri  hər zaman mübarizənin ön sıralarında olmusunuz.  Partiyamızın 26 illik tarixində minlərlə fədakar əqidədaşımız kimi, Sizin də xidmətləriniz böyükdür. Siz illərdir AXCP sıralarında həm sıravi üzv, həm də Ali Məclis üzvü kimi daim fədakarlıq nümunəsi göstərmisiniz. Bu illər ərzində rejimə qarşı mübarizədə dönməzlik nümayiş etdirərək, gənclərə gözəl örnək olmusunuz. 

Hamımız bilirik ki, AXCP hər zaman ağır sınaqların təşkilatı olub. Biz minlərlə insan illərdir gəldiyimiz yolda çox sınaqlardan keçmişik. Amma ən məhrumiyyətli günlərimizdə belə, prinsiplərimizə, ideallarımıza dönük çıxmamışıq və bu haqda düşünməyi belə özümüzə sığışdırmamışıq. İnanıram ki, Sizin kimi dəyərli insanlarımızla bu şərəfli yolu sona kimi qətiyyətlə gedəcək və ölkəmizə arzuladığımız işıqlı günləri gətirəcəyik.

Bir daha Sizə möhkəm cansağlığı, uzun ömür, tutduğunuz bu ləyaqətli yolda uğurlar arzulayıram. Əqidə dostlarınızla, doğmalarınızla, sevdiklərinizlə daha gözəl yubiley sevincləri yaşamaq nəsibiniz olsun!