YAP bu ittihamlara cavab versin

Əli Kərimlinin yanında heç kim yoxdursa, bu adamdan niyə əl çəkmirsiniz? Tək özündəndəmi qorxursunuz?

Hakimiyyət AXCP-dən əl çəkmək istəmir. Ötən yazılarımızda da qeyd etdiyimz kimi, bunun əsas səbəbi AXCP-nin yeganə alternativ qüvvə olmasıdır. Son zamanlar isə “AXCP dağılır” təbliğatına start veriblər və “Əli Kərimlinin yanında heç kim qalmayıb” şüarı ilə silahlanıblar.

Əvvəla sual meydana çıxır: Əli Kərimlinin yanında heç kim yoxdursa, bu adamdan niyə əl çəkmirsiz? Əgər partiya üzvləri lideri tək qoyubsa, sizin bu qorxunuz nədir? Təbii ki,  hökumət və onun əlaltıları bu sual qarşısında yalnız susa bilərlər. Digər tərəfdən, kimsə AXCP-dən gedib, hökumətə satılırsa, bunun məsuliyyətini Əli Kərimli daşıya bilməz. Çünki, Əli Kərimli həmişəki yerindədi və eyni sürətlə addımlayır. Yəni bu adamlar Əli Kərimlinin mövqe dəyişdiyinə görə yox, özləri mübarizəyə tab gətirə bilmədiklərinə, pula aldandıqlarına görə gediblər. Amma bu gedənlərin hansı cəmiyyətdə rəğbətlə qarşılanır? Bu gün AXCP-dən istefa verib hökumətin verdiyi kresloda oturanların hansı xalqın səsini ala bilir? Bu qədər maliyyə ilə hansının normal partiyası var? Amma AXCP-nin namizədləri, başda partiya sədri olmaqla, bütün seçkilərdə qalib gəlib və dəfələrlə Avropa Məhkəməsi bu qalibiyyəti təsdiqləyib. Onu da qeyd edək ki, bu gün də AXCP-nin sıralarında ziyalılar, intellektual gənclik, tanınmış professorlar, iqtisadçılar var. Eyni zamanda AXCP  bu ölkənin ən nüfuzlu ziyalılarının cəm olduğu Milli Şurada təmsil olunur. Yəni partiya kifayət qədər təmizlənib və ətrafında sağlam qüvvələri cəm edib.

Amma bu yazının məqsədi tamam başqadı. “AXCP-də heç kim qalmayıb” deyən yapçılar öz partiyalarına nəzər salıblarmı? Bu gün YAP-ın yaradıcılarından partiyada kim qalıb?

Sirus Təbrizli, Əli Insanov, Ziya Bünyadov, Rəfael Allahverdiyev, Əli Əlirzayev və digərləri YAP-ın yaradıcılarından olublar. Amma bu adamlar sıradan çıxarıldı. Çünki, Siruz Təbrizli “YAP simasız quldurlar partiyasıdır” dedi. Əli Insanov salındığı həbsxanadan da bu hakimiyyətə qarşı od püskürür. Ziya Bünyadov kimi dünya şöhrətli alimin bugünə qədər qətlinin üstü açılmayıb. Bir vaxtlar YAP-ın sağ əli olan Hüseyn Abdullayev, “Amay Abdulla” bu gün keçmişlərinə görə utandıqlarını bəyan edirlər. YAP onu müdafiə edənlərə, bu partiyanı yaradanlara da rəhm etmədi. Çünki, bu hakimiyyətdəkiləri birləşdirən dəyər puldur. Şəxsi maraqlar naminə bir-birini sıradan çıxardılar.

Bu gün YAP-ın siması kimi təqdim olunan Əli Əhmədov AMIP-in yetirməsidir. Digər YAP siması Mübariz Qurbanlı 4-5 partiya dəyişib. Yəni öz gözündə tiri görməyənlərin, özgə gözündə qıl axtarması biabırçılıqdı.

Amma bu qədər şər-böhtana, məhrumiyyətlərə, maddi sıxıntılara, iyrənc ssenarilərə baxmayaraq AXCP meydandadı və sıraları genişlənir. Əgər AXCP hakimiyyətdə olsa və eyni münasibət YAP-a göstərilsə, bu dil qəhrəmanları bir gün duruş gətirə bilməzlər.

Bir sözlə, AXCP-də hamı yerindədi, səngər boş qalmayıb və gedənlər qalanları yox, qalanlar gedənləri utandırmaq iqtidarındadı. YAP-da isə partiyanın bütün qurucuları didərgin düşüb. Heç olmasa ayıbınza kor olun və belə məqamlarda “susmaq qızıldı” prinsipinə əməl edin.

Akif