YAP 2 nəfərdən niyə qorxur?

Siyavuş Novruzov növbəti dəfə hökuməti ifşa etdi; Daha bir öldürücü zərbə Cəmil Həsənlidən gəldi

Bugünə qədər AXCP və Milli Şura haqqında çeşidli ittihamlar səsləndirilib. Hakimiyyət ölkədəki yeganə alternativi sıradan çıxarmaq üçün milyonlarla vəsait xərcləyib, insanları şərləyərək həbs edib, ən iyrənc projelərə imza atıb. Hazırda da rejim bütün resursları ilə AXCP və Milli Şura üzərinə hücuma keçib.

Vəziyyət o həddə çatıb ki,  sıravi vətəndaşlardan “cəbhəçi” düzəldib, “partiyadan istefa verirəm” şousu yaratmaqdan da təsəlli tapırlar. Amma həmişə hakimiyyətin şər-böhtan kampaniyası bumeranq effekti verib və hakimiyyətin məkrli planlarını külə döndərib. Bu qədər ifşalara, özünütəkzib hallarına baxmayaraq, hakimiyyət utanmadan cəmiyyətə yalan sırımağa davam edib. Bu dəfə yenə də YAP-ın siması Siyavuş Novruzov Milli Şura və AXCP-ni aşağılamağa çalışıb. Mandat gəzdirən YAP-çı belə də deyib: “Milli Şura iddia olunduğu kimi, hansısa siyasi güc mərkəzi deyil, dərnəkdir. Bu dərnəyin fəaliyyətində hətta bir deyil, yarım partiya iştirak edir. AXCP adlanan bu partiyanın özü də dərnəkdir. Bir sözlə,ÿhazırda Milli Şura yarım partiya və iki bekar adamdan ibarətdir. Bu dərnək hansısa gücə, nüfuza, xalq arasında çəkiyə malik deyil”.

Biz həmişə bu hüquqdan imtina etmiş hüquqşünasa “tərs şillə”lər vurmuşuq. Indi isə ikiəlli qapaz vurmaq fikrindəyik. Gəlin, elə təsəvvür edək ki, əsrimizin Siyavuşu haqlıdır və AXCP və Milli Şura 2 bekar adamdan ibarətdir. Əgər belədirsə, hakimiyyət niyə bu 2 adamın qarşısında  əzilib-büzülür? 

600 min üzvü olan, guya əhalinin 90 faizinin səsini alan partiya niyə şəffaf seçkidən qorxur?  Ey Siyavuş Novruzov,  bu ölkəni bütövlükdə işğal etmiş rejim, dərnəkdən niyə bu qədər çəkinir?

Gah deyirsiz ki, Milli Şura ölü doğulmuş uşaqdı, gah deyirsiz ki, AXCP-də adam qalmayıb, gah da bütün enerjinizi bu qüvvələrə xərcləyirsiz.

Bəs, bu YAP-ın gücü nədə ifadə olunur? Telekanallar, 100-lərlə mətbu orqan, satınalınmış dönüklər niyə AXCP-yə qarşı yönləndirilib? Niyə, Milli Şuranın mitinqlərinə əngəl törədilir, Milli Şura liderləri adi məhkəmə proseslərinə buraxılmır? AXCP sizin üçün real rəqib deyilsə, niyə partiya qərargahı partladılır, partiya sədrinə pasport verilmir, partiya rəhbərliyi şərlənərək həbs olunub?

Əgər AXCP və Milli Şura 2 bekar adamdan ibarətdirsə, niyə “yeni AXCP” proyektinə start verib, “Razi əməliyyatı” hazırlayırsız?

Siyavuş Novruzov hökumət qəzetlərinə nəzər salırmı?  “Azərbaycan”, “Yeni Azərbaycan”, “Səs”, “Yeni Müsavat” kimi qəzetlər hər saylarında AXCP-yə qarşı palaz-palaz məqalələr həsr edir. Axı, 2 adam niyə bu qədər qorxuludur, bu adamlar 600 minlik qoşunu niyə ürküdür?

Siyavuş Novruzovun bu fikirlərinə Milli Şura sədri Cəmil Həsənli də öz “facebook” səhifəsində qısa cavab verib: “Diri çəkisindən başqa ayrı bir göstəricisi olmayan, dərnəkçilik səviyyəsindən çox da uzağa getməyən yarımağıl birisinin dolaşıq sayıqlamalarına görə belə uzaq məsafədən zəng etməyə dəyməz”- deyə Cəmil Həsənli yazıb.

Əslində Cəmil müəllim dəqiq diaqnozu qoyub. Sadəcə olaraq demək istəyirik ki, bu hakimiyyətin öz arqumenti də öz əleyhinə işləyir. Yəni, bunları pərt etmək üçün baş işlətməyə ehtiyac yoxdu. Öz başlarını divara çırpmaqda mahirdilər.

Indi siz deyin, 2 nəfərin qarşısında əsməcə tutmuş hökumətə güvənmək olarmı? Indi bildizmi ölkəni dərnək kimi idarə edən kimlərdi?

Akif