Türkiyədə yeni hökumət quruldu

MHP-çı Türkeş Davudoğlunun müavini oldu;Bülənt Arınç, Mövlud Çavuşoğlu və daha 6 nazir seçim hökumətində yer almadı  
 
7 iyun seçkisindən bu yana davam edən boşluqdan sonra dünən nəhayət ki Türkiyədə yeni hökumət qurulub. Bu, Türkiyənin tarixində ilk seçim hökuməti olacaq. Türkiyə Cümhuriyyətinin sayca 63-cü hökumətini təsdiqləmək üçün dünən axşam prezident sarayında ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında 1 saat 15 dəqiqə davam edən görüş keçirilib. Günün sonunda başa çatan görüşdən sonra Türkiyənin Yeni Nazirlər Kabineti təsdiqlənib.
 
Hökumətin yeni tərkibi belədir: 
 
Baş nazir: Əhməd Davudoğlu;
 
Baş nazirin müavinləri: Tuğrul Türkeş, Cevdet Yılmaz, Yalçın Akdoğan, Numan Kurtulmuş;
 
Ətraf mühit naziri: İdris Güllücə;
 
Daxili işlər naziri: Selami Altınok;
 
İqtisadiyyat naziri: Nihat Zeybekçi;
 
Maliyyə naziri: Mehmet Şimşək;
 
Gənclik və idman naziri: Akif Cağatay Kılıç;
 
Gömrük və ticarət naziri: Cenap Aşçı;
 
Xarici işlər naziri: Feridun Sinirlioğlu;
 
Avropa Birliyi üzrə nazir: Əli Heydər Konca;
 
Əmək və sosial təminat naziri: Əhməd Ərdəm;
 
Enerji və təbii sərvətlər naziri: Ali Rıza Alaboyun;
 
Nəqliyyat naziri: Feridun Bilgin;
 
Səhiyyə naziri: Mehmet Müəzzinoğlu;
 
İnkişaf naziri: Müslüm Doğan;
 
Ədalət naziri: Kənan İpək;
 
Mədəniyyət və turizm naziri: Yalçın Topçu;
 
Elm və sənaye naziri: Fikri Işık;
 
Meşə və su işləri naziri: Veysəl Eroğlu;
 
Təhsil naziri: Nabi Avcı;
 
Ailə naziri: Ayşən Gürcan;
 
Qida və heyvandarlıq naziri: Kudbettin Arzu.
 
AKP 11, MHP 1, HDP 2, müstəqillər 11…
 
Beləliklə,  26 nəfərdən ibarət Nazirlər Kabinetində AKP-dən 11, müstəqillərdən 11, HDP-dən 2, MHP-dən 2 nazir təmsil olunacaq. Konstitusiyanın tələbinə əsasən, daxili işlər naziri, nəqliyyat naziri və ədalət naziri müstəqillərin arasından seçilməli idi. Yerdə qalan 8 nəfərə gəlincə, əslində onların əvəzinə nazir kürsüsündə müxalifətdən olan deputatlar oturmalı idi. Lakin Davudoğlunun nazir postunu təklif etdiyi 11 nəfər müxalifətçidən (CHP-dən – Ərdoğan Toprak, Gülsün Toke, İlhan Kesici, Dəniz Baykal, Tekin Bingöl; MHP-dən Əhməd Tanrıqulu, Tuğrul Türkeş, Meral Akşenər; HDP-dən Müslüm Doğan, Levent Tüzel, Əli Heydər Konca) yalnız 3-ü – MHP-çi Tuğrul Türkeş və HDP-dən Müslüm Doğan və Əli Heydər Konca təklifə razılıq verib. Digər müxalifətçilərin imtinasına görə boş qalan yerlərə müstəqillər arasından nazirlər seçilib.
Müvəqqəti hökumətlə bağlı mətbuatın iki gün əvvəldən yazıdığı daha bir məqam təsdiqini tapıb. MHP-çi Tuğrul Türkeş partiyasının qərarına qarşı çıxaraq Davudoğluna «hə» deyəndən sonra mətbuat ona baş nazirin müavini vəzifəsinin veriləcəyini yazmışdı. Göründüyü kimi, iddialar təsdiqləndi və MHP-nin qurucusu Alparslan Türkeşin oğlu olan Tuğrul Türkeş iki aylıq nazir vəzifəsinə görə cəmiyyətin tənqid hədəfinə çevrilməyi, ən pisi də atasının əmanəti olan partiyadan xaric edilməyi gözə aldı.   
 
 «Qara siyahıya» düşən nazirlər 
 
Yeri gəlmişkən, hökumətə yeni nazirlərin gətirilməsi avtomatik olaraq köhnələrdən bəzilərinin uzaqlaşdırılması deməkdir. Siyahı açıqlanandan sonra bəlli olub ki, müvəqqəti hökumətdə AKP iqtidarının 8 naziri təmsil olunmayacaq. Əhməd Davudoğlu yeni Nazirlər Kabinetini qurarkən onları müstəqillər arasından seçilənlər və AKP-nin təklifinə razılıq verən deputatlarla əvəzləyib. 
Davudoğlunun «qara siyahısına» düşənlər bunlardır: Baş nazirin müavinləri Bülənt Arınç və Ali Babacan, həmçinin qida və heyvandarlıq naziri Mehdi Eker, enerji və təbii sərvətlər naziri Tanər Yıldız, əmək və sosial təminat naziri Faruk Çelik, mədəniyyət və turizm naziri Ömər Çelik, gömrük və ticarət naziri Nurəddin Caniki, xarici işlər naziri Mövlud Çavuşoğlu.
 
Xatırladaq ki, yeni Nazirlər Kabineti Türkiyədə erkən seçki keçirilənə – noyabrın 1-dək fəaliyyət göstərəcək. Bu o deməkdir ki, siyahıda yer alan nazirlərin əksəriyyəti vəzifədə cəmi 2 ay qala biləcək. Noyabrın ilk günü Türkiyə əhalisi yenidən seçkiyə gedərək hökumətin və parlamentin tərkibini müəyyənləşdirəcək. Həmin gün bəlli olacaq ki, AKP 13 illik təkbaşına iqtidarda olmaq ənənəsini davam etdirə bilir, yoxsa, Ərdoğanı 7 iyundakı kimi, daha bir sürpriz gözləyir. 
 
Gültəkin