Oliqarxların şirkətləri Rusiyaya mal satacaq

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın “Dəvəçi Broyler” ASC-nə (Səba) quş əti, “Kaspian Fiş Ko” şirkətinə isə balıq və balıq məhsullarının ixracı üçün sertifikat verib. Bu sertifikat həmin müəssisələrə istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac etmək imkanı yaradır.
 
İcazə İyulun 23-də təsdiq edilib.
 
Xidmət bu ilin Mart ayında “Ucar Aqro”ya, “Milk Pro”ya, “Atena”ya, “AZFPCO”ya (Milla), May ayında “Gəncə Süd”ə icazə vermişdi.
 
Qeyd edək ki, Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycana səfər edib və sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparıblar. 
 
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi də, artıq ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsinin Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən reyestrə daxil edildiyi barədə məlumat yaymışdır. Amma Nazirlik müəssisələrin adını açıqlamamışdı.
 
Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.
 
Qeyd edək ki, Azərbaycan-Rusiya Hökumətlərarası iqtisadi əməkdaşlıq Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının aprelin 16-da Bakıda görüşü keçirilib, Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixracı ilə bağlı müzakirələr aparılıb. (Marja)