Ötən həftə bir məclisdə keçmiş müəllimlərlə xeyli dərdləşmək imkanım oldu. Illərlə görmədiyim bu qiymətli insanlarla qarşılaşdığıma çox sevindim, amma qayğı və problemlərini də eşidib ürəyim qanadı. Onlardan biri güzəranın ağırlığından və oyunlar zamanı maaşlarından müəyyən hissə tutulduğundan gileyləndi. Hökumətin qarasına danışan o biri müəllimim isə “neçə ki, on müəllim bir araya gəlib haqqımızı tələb edə bilmirik, bizə bu da azdır” cavabını verdi. Sonra belə bir hekayə danışdı, mənə də “istəsən, yazarsan” dedi. Hekayə bir az sərtdir, amma çox ibrətli olduğuna görə yazmaqdan da vaz keçə bilmədim…
Bir yerdə eşşəkləri palanlayıb yükləyən bir palançı varmış. Hər gün palan vurub ağır yükləri uzaq məsafəyə göndərirmiş. Bundan bezən heyvanlar bir mollanın yanına gedib işgəncədən xilas olmağın yollarını soruşurlar. Molla deyir: “Istəyirsiniz, dua yazım palançı ölsün?”. Heyvanlar razılaşırlar. Bir müddət sonra palançı ölür. Heyvanlar rahat olduqlarını düşünürlər, amma yeni palançı gəlib, eyni qayda ilə yükləməyə davam edir. Biçarələr yığışıb yenə həmin mollanın yanına gedirlər və yenə dua yazdırırlar. Qısa zamanda bu palançı da o dünyaya göndərilir. Amma nə fayda, yeni gələn palançı da eyni dərəcədə amansız olur. Qərara gəlirlər ki, bu dəfə başqa mollaya getsinlər. Beləliklə, başqa bir molla tapıb dərdlərinə çarə aradıqlarını deyirlər. Molla cavab verir ki; “Siz nə zamandır yanlış dua yazdırırsınız. Palançıdan xilas olmaq yerinə, eşşəklikdən xilas olmaq üçün dua yazdırmalıydınız…”
Məmləkətin müəllimi canının yanğısından özünü bu qədər kəskin tənbeh edirsə, durumun nə qədər acınacaqlı olduğuna siz qərar verin. Biz söhbətdə məktəblərdə verilən təhsil səviyyəsinin bərbadlığından, nəsillərin savad dərəcəsinin sıfıra doğru enməsindən, müəllimlərin seçki saxtakarlıqlarından da danışdıq. Insanlar pərişandır, yaşlanıblar, yorulublar, hökumətin “uzaqgörən siyasəti”nə olan ümidləri boşa çıxıb və indi də durumu görüb övladlarının gələcəyindən əndişə edirlər. Səhvlərini, yanlışlarını üzlərinə vurub, üstlərinə çox getməyə də ürəyim gəlmədi. “Ölkənin bu duruma gəlib çıxmasında müəllimlərin seçki saxtakarlıqları misilsiz rol oynayıb” deyə bildim, sadəcə. Susdular. Necə olsa, peşmanlıqlarını ən acı şəkildə özləri anlatdılar məlum hekayə ilə…
Bir həqiqətdir ki, hökumətin saxta inkişaf planlarında ən çox istifadə etdiyi təbəqə müəllimlərdir. Ölkədə də bunu bilməyən yoxdur. Bunu təsadüfi bir məsələ də saymayın. Totalitar sistemlərdə hər gün auditoriya qarşısına çıxıb, insan yetişdirməli olan insanın özünü gözüqıpıq saxlamaqdan daha düşünülmüş nə vasitə ola bilər ki… Iradəsi qırılmış, söz haqqı alınmış, peşə missiyasından kənarlaşıb, siyasi oyunlara alət edilmiş insanların yetişdirəcəyi nəsildən nə keyfiyyət gözləmək olar? Orta məktəblərin sıfır göstəricili şagird buraxılışındakı səviyyənin ildən-ilə artırmasını təsadüfi sayırsınız? Xeyr, elə deyil axı. Bu, istiqaməti dəyişdirilmiş, mahiyyəti “calaq edilmiş”, siyasətə qurban verilmiş təhsilimizin faciəsidir. Faciəni dərindən görə bilmək istəyirsinizsə, bir də dərslik kitablarımızda yürüdülən siyasi hoqqabazlıqlara baxın. Saxtalaşdırılan tarixə, şişirdilən yalançı “qəhrəmanlıqlar”ın, qurama istedadların kimliklərinə baxın. O kitabları tərtib edənlərə, yazdıranlara, yazanlara baxın. Şahid olduğunuz həqiqətlərin və yaşadığınız gerçəklərin anasının necə ağladıldığına baxın. Yaxşı-yaxşı baxın, siz də hekayə danışan müəllimimə haqq qazandıracaqsınız…