Cəmil Həsənli Elvin Abdullayevdən yazdı

Kim bilir, bəlkə içində yaşadığımız bu günlərin tarixini gələcəkdə elə Elvin özü yazacaq?!

Bu gün siyasi məhbus Elvin Abdullayevin 22 yaşı tamam olur. Bu istedadlı gənc öz doğum gününü həbsxanada qarşılayır. Vətənsevər gənclərin çoxu kimi o, da öz yerini Xalq Cəbhəsində tapıb.

Elvinlə ilk tanışlığımız məhkəmə zalında oldu. Tarix ixtisası üzrə təhsil alırdı. İmtahandan sonra çibinə narkotika atılaraq həbs edilmişdi. Amma imtahandan qiyməti əla idi. Qəribədir, çar Rusiyası dövründə, hətta Sovet hakimiyyyəti illərində universitet rektorları özlərində cəsarət tapıb təqib edilən, həbs olunan tələbələrini müdafiə edirdilər. Ötən əsrin 50-ci illərində XX qurultaydan sonra Moskva Dövlət Universiteti və digər ali məktəblərdə azadfikirlilik genişləmişdi. Bəzi həbs edilən tələbələr var idi. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru akademik İvan Petrovski birbaşa Nikita Xruşşova zəng edib, onun tələbələrini azad etməyi xahiş etdi. Nikita Sergeyeviç “uşaqların tərbiyəsi ilə yaxşı məşğul olmadlğına görə” onu məzəmmət etsə də, tələbələri azad etdi. Həmin vaxt belə hallar digər ali məktəblərdə də baş verirdi. Təəssüf ki, indiki rektorlarımız nəinki saxta narkotika ittihamları ilə həbs edilmiş öz tələbələrini müdafiə etmir, hətta özlərini polis məmurur kimi aparırlar. Ali məktəblərimizdə işləyən bir çox professorlar öz istedadlı tələbələrinin həbsinə biganə qalırlar.

Elvin əlaçı tələbə olub. Saxta ittihamla həbs edilib. Küçədə saxlanılıb polis idarəsinə aparılana qədər çevik polis nəfərlərimiz cibinə narkotika atıb. Məhkəmə prosesində bəlli oldu ki, o, heç narkotikanın hansı rəngdə olduğunu bilmir. Amma hər rəngə boyanmağı bacaran hakim ona 6 il iş verdi. Təhsil aldığı ali məktəbdən 3-5 müəllim, dekan, dosent, professor tapılmadı ki, bu haqsızlığa etiraz etsin. Alimlərimiz, ziyalılarımız özlərini sığortalamaq üçün belə hallarda “Mən siyasətə qarşımıram” deyib yaxasını kənara çəkir. Axı, cibinə narkotika atılaraq şərlənib həbs edilmiş əlaçı bir tələbəni bu şərdən müdafiə etməyin, ona mənəvi dəstək olmağın siyasətə nə dəxli var? Bu siyasət yox, insanlıq məsələsidir, vicdan məsələsidir. Nahaq şərə düşmüş, rejimin böhtanına tuş gəlmiş tələbəsini müdafiə etməyən müəllimin, professorun, alimin vicdanı payız dumanında getdikcə öləziyən tənha işıq kimi yox olmaqdadır. Görünür Əliyev istibdadı bu adamların bütün insanı hislərini öldürüb, pedoqoji məsuliyyətini arxa plana keçirib, mənəvi dəyərlərini dəyərsizləşdirib.

Heç bir diktator rejimi əbədi deyil. Əliyev rejimi də bir gün gedəcək. Amma görən bu "alimlər" 3-5 il sonra öz keçmişlərinə, öz uşaqlarının üzünə necə baxacaq, günahsız Elvinin nahaq həbsinə səsiz-səmirsiz qalmalarını necə xatırlayacaqlar? Bütün digər peşələrdən fərqli olaraq müəllimlik peşəsi daha çox vicdan anlayışı üzərində qurulub. Bu peşə sahibinin vicdanı susanda cəmiyyətdə ədalətsizlik, haqsızlıq, mənəviyyatsızlığın tüğyan etməsinə təccüblənmək lazım deyil. Axı Elvinin cibinə narkotika atan polis, ona saxta suç düzəldən müstəntiq, bu saxta suçu müdafiə edən prokuror və onu rəsmiləşdirən hakim də nə vaxtsa məktəb partasının arxasında oturub, onlara da müəllim dərs deyib. Hərçənd, görünür, çox şeyi tərs deyib.

Amma onlardan fərqli olaraq Elvin yeni gəncliyin nümayəndəsidir. Özü kimi ölkəsini də azad görmək istəyir. Bu istəkdir həbsin başlıca səbəbi. 22 yaş istedadlı bir gəncin öz doğum gününü həbsxana divarları arasında qeyd etməsi üçün çox azdır, amma vətən sevgisi ilə cilalanmış şüurli bir həyat yolunun uğurlu başlanğıcıdır. Kim bilir, bəlkə içində yaşadığımız bu günlərin tarixini gələcəkdə elə Elvin özü yazacaq?! Əslində, onun buna hər kəsdən daha artıq haqqı çatacaq.