SOCAR Gürcüstan və Ukraynada benzinin qiymətini endirsə də, Azərbaycanda bunu etmədi
Bu hakimiyyətin yalnız şəxsi maraqlara xidmət etdiyini, xalqa söykənmədiyini uzun illərdi faktlarla sübuta yetiririk. Amma hökumət anti-xalq siyasətini davam etdirdikcə, yeni faktlara istinad etmək zərurəti yaranır. Əslində, hakimiyyət bunu gizlətmir və açıq şəkildə göstərir ki, xalqı saymır.
Devalvasiyadan sonra ölkə vətəndaşı 2.2 milyard zərərə düşdü. Amma hakimiyyət bu zərəri sığortalamaq əvəzinə vətəndaşı daha da uçuruma sürükləyən qərar qəbul etdi. Ötən yazılarımızda da qeyd etmişdik ki, analoji hal Ukraynada baş verdi və Ali Rada xalqın xeyrinə qərar çıxardı. Ukrayna hökuməti yükü xalqın deyil, dövlətin çiyninə yüklədi. Bunun ardınca ağır vəziyyətdə olan Yunanıstan hökuməti vətəndaşların 20 minə qədər olan borclarının bağışlanması ilə bağlı qərar verdi. Bugünlərdə isə Qazaxıstan hökuməti əhaliyə dəyən ziyanın kompensasiyası ilə bağlı qanun layihəsinə imza atdı.
Bütün bu faktlar onu göstərdi ki, Azərbaycan hakimiyyətindən fərqli olaraq, bu hakimiyyətlər vətəndaşa dəyər verir, xalqa düşmən kimi yanaşmır və məqam yetişəndə xalqa yönəlik addımlar ata bilir. Baş verənlərə nə qədər yazılsa da, Azərbaycan hakimiyyətinə nümunə kimi təqdim edilsə də, nəticə dəyişmir. Çünki, bu hakimiyyət üçün imic, vətəndaşın rifahı, xalqın etimadı əsas deyil. Əsas odur ki, daha çox oğurlasınlar, daha çox vətəndaşı asılı vəziyyətdə saxlasınlar.
Bəli, hakimiyyətin vətəndaşla düşmən kimi davranmasının bir nümunəsi də bugünlərdə ortaya çıxdı. Qeyd edək ki, bugünə qədər benzinin qiymətində artım olanda hökumət bunu dünya bazarında neftin qiymətinin qalxması ilə izah edirdi. Son dəfə benzinin qiyməti artanda isə bunu belə izah etdilər ki, idxal benzininin qiyməti qalxıb. Yəni dedilər ki, məlum benzin markası ölkədə istehsal edilmədiyinə görə, qiyməti endirmək də bizlik deyil.
Bəs indi nə baş verdi? Əvvəlcə məlum oldu ki, SOCAR Gürcüstanda satdığı benzinin qiymətini aşağı salıb. Daha sonra məlum oldu ki, SOCAR Ukraynada satdığı benzinin qiymətini də aşağı salıb.
Jurnalistlərin “bəs Azərbaycanda benzinin qiyməti niyə aşağı salınmır” sualına isə cavab verən yoxdu. SOCAR məsuliyyəti Tarif Şurasının, Tarif Şurası isə SOCAR-ın üzərinə atır. Təbii, başa düşürük ki, bu məsələdə əsas qərar birinci şəxsindir və birinci şəxsin razılığı olmadığına görə qiymətlər endirilmir.
Amma istənilən halda baş verənlər göstərir ki, bu hakimiyyət anti-xalq hakimiyyətidir və zərrə qədər vətəndaş qarşısında məsuliyyət hiss etmir. Yoxsa, Gürcüstanda, Ukraynada benzinin qiymətini endirməzdən əvvəl, bu addımı Azərbaycanda atardılar. Həmişəki kimi öz vətəndaşlarından başqa hamıya güzəşt edirlər.
Azərbyacan xalqı da bu münasibətə adekvat cavab verməlidir. Faktiki olaraq hakimiyyət xalqı təhqir edir. Nə kredit faizləri aşağı salınır, əmək haqqı artırılır, nə süni qiymət artımının qarşısı alınır, nə də benzinin qiyməti aşağı salınır.
Heç bir hakimiyyət vətəndaşına qarşı bu qədər qəddar ola bilməz. Deməli, bu hakimiyyət üçün vətəndaş anlayışı yoxdur.
Samir


