Banklardan yeni manat avantürası

Banklar dollar kreditindən niyə imtina edir?

Məhəmməd Talıblı: «Banklar müştərilərlə münasibətlərində pozuntu etsələr də, hüquq sisteminin vətəndaşın deyil, məhz onların tərəfini tutacağına əmindir»

Azərbaycanın kommersiya banklarının dollar ilə kreditləri ayırmağı dayandırmağa və mövcud dollar kreditlərini manata çevirməyə başladıqları bildirilir.

“Marja”nın təsdiqlədiyi məlumata görə, artıq “Unibank” bu gündən dollar kreditlərini ayırmağı dayandırıb, Bank yalnız manat kreditləri verir. Bankın müştəriləri bildiriblər ki, “Unibank” “Albalı+” kartı üzrə də krediti yalnız manat ilə verir.

Qeyd edək ki, "Bank Respublika" da dollarda olan kreditləri manata çevirməyə başlayıb.

Manatın növbəti dəfə devalvasiyaya uğrayacağının proqnozlaşdırıldığı bir zamanda hər iki bankın belə bir addım atması maraq doğurur. Atılan addımın səbəbi nədir və hansı nəticələr verə bilər?

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, əslində hər iki bankın qəbul etdiyi bu qərar tam qanunsuzdur. Əgər müqavilədəki öhdəliklərdə hər iki tərəf götürülən borcun dollarla qaytarılacağını bəyan edirsə, kredit bu valyuta ilə ödənilməlidir: “Bu, sadəcə olaraq onu göstərir ki, banklar müştərilərlə münasibətlərində pozuntu etsələr də, hüquq sisteminin vətəndaşın deyil, məhz onların tərəfini tutacağına əmindilər”.

Bu addımın “manatın ikinci devalvasiyası olmayacaq? fikrini təbliğə hesablandığına gəlincə, M.Talıblı bildirdi ki, əslində, iki bankın qəbul etdiyi qərar onlarda manatın gələcəyi ilə bağlı konkret fikrin olmamasına işarədir.

Hikmət