“Elə hökm çıxarın ki, Avropa Məhkəməsində gülməsinlər”

Xədicə İsmayıl: «Nizamnamədən kənara çıxıb neyləmişik, kartof satmışıq?»
 

Fəxrəddin Mehdiyev: «Xədicəyə verilən ittihamlar qanunlar qarşısında üzüqara, xəcalətli ittihamlardır»

Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın işi üzrə məhkəmə prosesinin başa çatması üçün yalnız bir mərhələ qalıb – onun son sözünü deməsi. Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək növbəti iclasda Xədicə Ismayıl son sözünü deyəcək və ardınca da Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər heyəti məhkəmənin hökmünü elan edəcək.

Artıq iş üzrə məhkəmə istintaqı yekunlaşıb və çıxışlar mərhələsi başlanıb. Dövlət ittihamını müdafiə edən prokuror Ramazan Hadıyev çıxış edərək, Xədicə Ismayılın 9 il azadlıqdan məhrum olunmasını təklif edib. Dünən isə jurnalistin vəkilləri müdafiə niqtilə çıxış edib.

Yalan danışmağa adət eləmisiz…”

Amma bundan əvvəl Xədicə Ismayıl məhkəmənin nəzərinə çatdırıb ki, vəsatəti var. Hakim Ramella Allahverdiyeva isə bildirib ki, vəsatətlər vermək mərhələsi geridə qalıb.

Lakin vəkil Fariz Namazlı deyib ki, Cinayət Prosessual Məcəlləsi indiki mərhələdə də məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırılmasına imkan verir: “Dövlət ittihamçısı çıxışında bir sıra məsələləri təhrif elədi. Prokuror çıxışında Esmira Cavadovanın, Şahvələd Namazovun ifadələrini təhrif edərək bildirdi ki, guya, onlar Xədicə Ismayılova ilə müqavilə bağlayıblar. Bu adamlar belə ifadə verməyiblər. Üstəlik, biz onların xidmət müqavilələrini məhkəməyə təqdim edərək, bu məsələnin araşdırılmasını istədik. Amma məhkəmə onları qəbul etmədi.

Və yaxud prokuror bildirdi ki, radionun yayımı üçün lisenziyanın müddəti 2008-ci il yanvarın 1-də başa çatıb və növbəti bir il ərzində radio qanunsuz yayımlanıb. Halbuki, biz vəsatət qaldıraraq, Teleradio Şurasının məktubunu təqdim etdik, orada da göstərilib ki, radionun lisenziyası 2009-cu il yanvarın 1-dən alınır. Amma məhkəmə yenə də vəsatətimizi təmin etmədi.

Bütün bu halların araşdırılması üçün məhkəmə istintaqının təzələnməsinə ehtiyac var".

Xədicə Ismayıl da vəsatəti müdafiə edərək bildirib ki, prokurorun çıxışında həqiqətə uyğun olmayan fikirlər səsləndirməsi məhkəmə istintaqının təzələnməsi məsələsini qaldırmağı labüd edir: “Prokuror çıxışında məhkəmədə tədqiq olunmayan, işin içində olmayan materiallara istinad etdi. Havadan-sudan götürülmüş fərziyələr irəli sürdü. Tural Mustafayev dindirilərkən mən ona ”facebook" yazışmaları ilə bağlı sual verəndə prokuror etiraz etdi. Bildirdi ki, bu mesajlar məhkəmədə tədqiq olunmayıb, ona istinad edə bilməzsən. Mən də sualımı dəyişərək soruşdum ki, sən istintaqa SMS və ya “facebook” mesajlarını təqdim eləmisənmi? Dedi ki, yox. Mən bilmirəm ki, prokurorluq o mesajları necə istehsal eləyib. Dövlət ittihamçısı burada prokurorluğun saxtakarlığını ört-basdır eləmək üçün onların tədqiq olunmasını istəmədi. Xahiş edirik, məhkəmə istintaqı yenilənsin, görək ki, bu mesajların hansı düzdü, hansı saxtalaşdırılıb, hansı kontekstdən çıxarılıb.

Dövlət ittihamçısının qanundan xəbəri yoxdursa, ona xatırladım ki, Cinayət Prosessual Məcəlləsi çıxışda məhkəmədə tədqiq olunmamış materiala istinad eləməyi qadağan edir".

Prokuror vəsatətin əleyhinə çıxıb. Bildirib ki, bu vəsatət məhkəmə prosesinin uzadılması və süründürməçiliyə xidmət edir.

Xədicə Ismayıl prokurorun fikirlərinə belə redaksiya verib: “Yalan danışmağa adət eləmisiz, ona görə yenə də yalan danışırsız”.

Məhkəmə vəsatəti təmin etməyib.

Ədalət topaldır, gec-gec gedir, amma mütləq ünvanına çatır”

Daha sonra vəkillərin çıxışı başlayıb. Vəkil Fariz Namazlı “Ekpress məhkəmə prosesi bitdi”, – deyə çıxışa başlayıb. O bildirib ki, prokuror öz çıxışı ilə ittihamları darmadağın edən mövqe ortaya qoydu: “Əvvəlcə 125-ci maddə üzrə. Prokurorun da çıxışından göründüyü kimi, sübut olunmadı ki, Tural Mustafayevin Xədicə Ismayılovadan hansı asılılığı olub. Xədicə Ismayılova 2014-cü ilin martından istintaqdakı üzləşməyə qədər Tural Mustafayevi görməyib. Mustafayev ”Azadlıq" radiosunda 2013-cü ildəə başlayıb. O zaman Xədicə Ismayılova radioda büro rəhbəri deyildi. Tural Mustafayevin özü də Xədicənin onu işə götürdüyünü deməyib. Araşdırma zamanı məlum olub ki, onun Xədicədən nə maddi, nə vəzifə asılılığı olub. Tural özü də məhkəmədə bunu dedi. Bildirdi ki, intihara cəhd etməsi psixoloji problemlərilə bağlı olub. Amma nədənsə, prokuror çıxışında məhkəmədə səslənən bu ifadələrə yox, istintaq materiallarına istinad etdi. Əgər istintaqdakı ifadələr əsas götürülürsə, daha onda məhkəməyə nə ehtiyac var? Elə istintaqın sonunda bir hökm də çıxarın, qurtarıb getsin.

Ittihamlardan biri də budur ki, Xədicə Ismayılova radionun əməkdaşlarının bir qismi ilə əmək müqaviləsi yox, xidmət müqaviləsi bağlayaraq, onların büdcəyə 14 faiz deyil, 4 faiz vergi ödəməsinə şərait yaradıb. Buna görə Xədicə Ismayılovaya qarşı vergidən yayınma ittihamı verilib. Halbuki, Xədicə Ismayılova nə müqavilə bağlayan şəxs olub, nə də pul köçürən. Iş materiallarında elə bir müqavilə yoxdur ki, o, işçi ilə Xədicə Ismayılova arasında bağlanmış olsun.

Bütün məhkəmə boyu biz “Azadlıq” radiosunun Bakı bürosu ilə Azərbaycan nümayəndəliyinin fərqini izah etməyə çalışdıq. Bunlar tamamilə fərqli anlayışlardır. Müqavilələr Azərbaycan nümayəndəliyilə bağlanıb. Bakı bürosu isə nümayəndəliyin bir hissəsi olub. Xədicə də Bakı bürosunun rəhbəri olub. Amma prokuror çıxışında yenə də büronu nümayəndəlik kimi təqdim edir. “Azadlıq” radiosunun nizamnaməsində də göstərilir ki, o, mənfəət əldə edən qurum deyil. O zaman Xədicə Ismayılovaya qarşı necə qanunsuz sahibkarlıq ittihamı elan oluna bilər?! Xədicə Ismayılovanın heç bir qəbzdə imzası yoxdur.

Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə vəzifəli şəxslər ittiham oluna bilər. Xədicə Ismayılova vəzifəli şəxs olmayıb".

Fariz Namazlı çıxışını belə yekunlaşdırıb: “Xahiş edirəm, elə hökm çıxarın ki, sonra gülüş doğurmasın. Çünki bu hökm Avropa Məhkəməsinə gedəcək, orada işlə tanış olanda bizə gülməsinlər. Müdriklərin belə bir fikri var, ədalət topaldır, gec-gec gedir, amma mütləq gedəcəyi ünvana çatır”.

“İrəli sürülən çox ”xəcalətli ittiham"dır"

Digər vəkil Fəxrəddin Mehdiyev də çıxışında vurğulayıb ki, ittihamların qanunsuz və əsassızlığı məhkəmədə tam sübuta yetirilib: “Prokuror iki saat ittiham nitqilə çıxış etdi, heç bir normativ akta istinad eləmədi. Halbuki, hüquqşünas danışan qanundur. Xədicə Ismayılovaya verilən hazırkı ittiham konstitusiya ilə təminat verilən təqsirsizlik prezumpsiyasına qarşı üzüqara ittihamdır. Cinayət Prosessual Məcəlləsinin sübutlar tələbinə qarşı xəcalətli ittihamdır.

Prokuror sadəcə, bir əfsanə danışdı burada, özü də bu əfsanənin ssenarisi çox pis yazılmışdı.

Cinayət Prosessual Məcəlləsinin tələbinə görə, şəxsin təqsirini sübut etmək ittiham tərəfinin vəzifəsidir. Ittiham tərəfi nəyi sübut etdi? Tural Mustafayevin Xədicə Ismayılovadan maddi və ya xidməti asılılığını sübut edə bildimi? Qətiyyən yox. Tural Mustafayevin işlədiyi dövrdə Xədicə Ismayılın heç bir vəzifəsi olmayıb. Ittiham versiyası buna əsaslanır ki, Xədicə Ismayıl öz nüfuzundan istifadə edib. Heç olmasa, normal nəsə uydursunlar. Media “Azadlıq” radiosundan və Meydan TV-dən ibarət deyil axı?! Azərbaycanda yüzlərlə media orqanı var. Tural Mustafayev istədiyi yerdə işləyə bilərdi.

Bu ittihamın əsasını Tural Mustafayevin ərizəsi təşkil edib. Daha sonra o, sosial şəbəkələrdə məlumat yaydı ki, həmin ərizəni təzyiq altında yazmağa məcbur edilib. Ardınca da baş prokuror Zakir Qaralova məktub yazaraq, ərizəsini geri götürdüyünü açıqladı. Tural Mustafayev məhkəmə qarşısında da çox önəmli ifadə verərək bildirdi ki, intihara cəhd etməsinin Xədicə Ismayılovaya heç bir aidiyyəti yoxdu. Bu barədə istintaq ifadələrinə gəlincə, etiraf etdi ki, Xədicəyə böhtan atıb, intihar cəhdi də psixi durumu ilə bağlı olub. Əlavə etdi ki, özünü zərəəkmiş hesab eləmir. Qəribədir ki, bundan sonra Tural Mustafayev özü məhkəmədə iştirak etmədi. Onun nümayəndəsi qismində iştirak edən şəxs isə sanki prokurorun köməkçisi idi. Heç bir sübut olmadan təkcə bu ittiham üzrə Xədicə Ismayılovaya 5 il həbs cəzası istəmək prokuror tərəfindən səlahiyyət həddini aşmaqdır".

Digər ittihamlara gəlincə, Fəxrəddin Mehdiyev bildirib ki, cinayət işinin materialları “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyi ilə Bakı bürosunun fərqli qurumlar olduğunu sübut edir. Lakin ittiham tərəfli qərəzli olaraq, bu qurumları eyniləşdirir. Bulanıq suda balıq tutmaq asan olur. Ittiham tərəfi bilməlidir ki, bu suda ümumiyyətlə, balıq yoxdur.

Xədicə Ismayılova maddi məsul şəxs olmayıb. Belə olan halda, o, mənimsəmə ittihamının subyekti ola bilməz. 179-cu maddə ilə ittiham verilibsə, mütləq zərəəkmiş olmalıdır. Amma bu işdə nə zərəəkmiş var, nə də mülki iddiaçı. Əcaba, bu yeni yanaşmadır?

Müqavilələrin heç birində Xədicə Ismayılovanın imzası yoxdu. Deyir, ayaq yalan tutar, amma yeriməz. Amma bu işdəki yalanlar heç ayaq da tutmur.

308-ci maddə üzrə ittihama gəlincə, buna hansı tərəfdən baxsan, cinayət görünmür. Hansı vəzifəli şəxsdən söhbət gedir? Hansı ağır nəticədən söhbət gedir? Burada savadlı hüquqşünaslar var, belə ittiham ortaya çıxararlarmı? Xədicəni akkreditasiyadan keçməməkdə günahlandırırlar. Buna görə nəinki cinayət, heç inzibati məsuliyyət də yoxdur. Xarici Işlər Nazirliyində akkreditasiyadan keçmədən “Azadlıq” radiosu ilə əməkdaşlıq etməyə görə adama qanunsuz sahibkarlıq ittihamı verərlərmi?

Ittiham tərəfi məhkəmədə nəinki sübut təqdim edə bilmədi, heç sübuta yaxın da durmadı. Ittihamlar faktiki ifşa olundu. Ancaq daha böyük miqyasda ifşa oluna bilər. Təəssüf ki, məhkəmə fövqəladə rejimdə keçirilməklə buna mane oldu. Bizim 35-ə qədər vəsatətimiz oldu, heç biri təmin edilmədi. Halbuki, onların hər biri işin obyektiv, hərtərəfli araşdırılması baxımından çox vacib idi. Amma bütün bunlara baxmayaraq, yenə də ittihamlar darmadağın oldu. Ittiham tərəfi stəkanda fırtına yaratmaq istədi, amma o stəkan boş idi. Ittihamçı Cinayət Məcəlləsinin 41-ci maddəsinə istinad edərək, Xədicə Ismayılın islah olunması üçün ona həbs cəzası verilməsini istədi. Amma o, həmin maddəyə yarımçıq istinad elədi. Çünki orada sosial ədalətdən də söhbət gedir. Ədalət təkcə hüquqa aid deyil, planetar məsələdir. Hər bir ədalətsizlik cəmiyyətdə kataklizmlər yarada bilir. Roma hüququndan gələn aforizm var: “Ədalət məhkəməsi dövlətin əsasıdır”. Mən deyərdim ki, ədalət məhkəməsi ümumiyyətlə, həyatın əsasıdır. Bir şəxsə qarşı ədalətsizlik hamı üçün təhlükədir".

Fəxrəddin Mehdiyev çıxışını belə yekunlaşdırıb: “Hörmətli məhkəmə, bu gün sizin üçün sınaq dövrüdür. Elə bir qərar verin ki, tarix baxımından vacib olan bu sınaqdan çıxasınız. Bunu da yalnız bəraət hökmü çıxarmaqla eləmək mümkündür”.

Prokurorun replikası

Prokuror replika hüququndan istifadə edərək bildirib ki, təqsirləndirilən şəxsin vəkilləri ittiham tərəfinin sübutlarını təkzib edə bilmədi: “Daha çox ədəbiyyatdan istifadə edib, yaddaşımızı təzələdilər”.

Xədicə Ismayıl prokurorun bu replikasını cavabsız qoymayıb:

– Çünki sübut yox idi…

Prokuror:

– Nizamnamədən kənar işlərlə məşğul olublar.

Xədicə Ismayıl:

– Hansı işlərlə? Neyləmişik? Kartof satmışıq?

Bundan sonra Xədicə Ismayıl son sözünü hazırlamaq üçün məhkəmədən bir həftə vaxt istəyib.

Məhkəmə prosesi avqustun 31-nə qədər təxirə salınıb. Həmin gün saat 14.00-da davam edəcək məhkəmə iclasında Xədicə Ismayıl son sözünü deyəcək.

“İttiham aktını hökmə köçürəcəklər”

Vəkil Fariz Namazlı məhkəmə iclasından sonra jurnalistlərə açıqlamasında məhkəmədən ədalətli hökm gözləmədiyini bildirib: “Məhkəmə prosesində biz 30-dan çox vəsatət qaldırdıq. Bu vəsatətlər təmin olunsaydı, Xədicə Ismayılın təqsirsizliyini təsdiqləyəcəkdi. Amma məhkəmə heç bir vəsatəti təmin etmədi. Güman ki, məhkəmə işdə olan saxta sübutlara istinad edərək, ittiham aktında olanları hökmə köçürməklə hökm çıxaracaq”.

Əliyevin tapşırığını yerinə yetirirlər”

Xədicə Ismayılın anası Elmira Ismayılova bildirib ki, qızı məhkəməni gülərək izləyib: “Vəkillər çox yaxşı çıxış elədilər. Amma mənə elə gəlir ki, bunların mənası yoxdur. O baxımdan ki, yuxarıdan tapşırıblar. Xədicə də gülür, deyir ki, bilirdim belə olacaq. Ilham Əliyev nə tapşırıbsa, onu da yerinə yetirirlər”.

Aytən