“Razi əməliyyatı” rüsvayçılıqla bitir FOTOLAR

Nurullayev “yuxarılara” hesabat üçün nə qədər saxtakarlıq edəcək? İfşa ifşa ardınca gəlir; Ortaya məşəlli fakt da çıxdı

Hakimiyyət AXCP-ya qarşı saxta istefalar kampaniyası davam etdirir. Hökumətyönlü media avqustun 27-də daha 9 nəfəri partiyadan “istefa verdirib”. Onlardan ikisi partiyanın Bakı şəhər Nərimanov şöbəsinin, 6-ı Suraxanı şöbəsinin (Hövsan qəsəbəsi), biri isə Beyləqan rayon şəbəsinin ayağına yazılıb. Amma bu yalanın da üstü çox tez açılıb.

Nərimanov şöbəsinin sədri Hacı Abbasllı facebook səhifəsində məlumat paylaşaraq, guya şöbədən istefa verdikləri deyilən şəxslərin heç birinin AXCP üzvü olmadığını bildirib. H.Abbaslı yazıb ki, hakimiyyət mətbuatında Nərimanov şöbəsinin üzvləri kimi təqdim olunanlardan Elxan Dadaşovun kimliyi heç onlara da bəlli deyil, Səbuhi Fərzəliyev isə partiya ilə əlaqələrini kəsdiyi üçün çoxdan rayon şöbəsi Məclisinin qərarı ilə AXCP-dən çıxarılıb.

Suraxanı şöbəsinin sədri Bəhruz Həsənli isə azadliq.info-ya verdiyi məlumatda bildirib ki, şöbədən istefa verdiyi deyilən 6 nəfərdən yalnız biri – Fuad Safayev AXCP üzvüdür, o da üzvlükdə qalır. Qalanların partiyaya heç bir aidiyyatı yoxdur. Sadəcə, AXCP-nin keçmiş üzvü, hazırda “Razi əməliyyatı”nın “qəhrəmanlarından” biri Cavid Musazadənin şəxsi tanışalrı olublar və ara-sıra kütləvi aksiyalarda iştirak ediblər. B.Həsənlinin verdiyi məlumata görə, F.Safayev guya AXCP-dən istefa verdiyi xəbərini şöbənin rəhbərliyindən eşidib və bunu qətiyyətlə təkzib edib. Daha sonra o, “istefa verən” digər şəxslərdən biri ilə danışıb, adının onlarla bir siyahıya necə düşdüyünü aydınlaşdırıb. Danışdığı adam ona deyib ki, siyahıdan onların da xəbəri yoxdur, bunu C.Musazadə hazırlayıb. Şəxsən onun özünə deyilib ki, adını AXCP-dən çıxanlar siyahısına salırlar, bunun müqabilində banka olan borcunu bağlayacaqlar, o da razılaşıb.

Beyləqanda AXCP-dən istefa verdiyi deyilən Eltural Mürsəlzadənin də bu partiyaya aidiyyatı yox imiş. Bunu da şöbənin Nəzarət Təftiş Komissiyasının sədri, AXCP Ali Məclisinin keçmiş üzvü Rövşən Alışlı facebook səhifəsində fotofaktla sübuta yetirib. Onun yazdığını olduğu kimi təqdim edirik:

“Ölkənin bütün “moşennik”ləri xəbər tutublar ki, hökumət Razi vasitəsilə pul paylayır, Cəbhəçi ovuna çıxıb, bunlar da eləmirlər tənbəllik, hərəsi bir yalançı tarixçə ilə gəlib Razidən pul qoparırlar ki, bəs cəbhəçiyəm, sənin xətrinə çıxdım cəbhədən. Adam da, neçə illər AXCP-də olmağına baxmayın, cəbhəçiləri tanımır, ağıl da yox ki, araşdıra. Peşəkar “moşennik”lər də oğrudan oğruya halaldır prinspi ilə bunun hökumətdən aldıqlarının bir qismini çırpışdırırlar. İndi də xəbərlər gəlir ki, şəkildə gördüyünüz şəxs – Beyləqanda 5 il əvvəl AXCP-dən biabırçılıqla qovulmuş, sonra gedib Müsavat partiyasına üzv olmuş Eltural Mürsəlzadə bu bədbəxti hərifləyib, özünü cəbhəçi kimi yenidən satmağa hazırlaşır. Şəkildə gördüyünüz kimi, bu şəxs son bələdiyyə seçkilərində Müsavat partiyası adından namizədliyini də vermişdi. İndi yaşadığı Dünyamallar kəndində YAP üzvlərinin siyahısını tutaraq Razi Nurullayevə sırımaq istəyir”.

Bundan başqa bəlli olub ki, E.Mürsəlzadə tamamilə kənar adamları Nurullayevə AXP üzvü kimi satmaqla da məşğuldur.
Məsələn, R.Alışlı məlumat paylaşıb ki, şəkildə gördüyünüz bu şəxs bir neçə təşkilatı gəzib, hətta YAP-a da üzv olmaq istəyib. Milli Konqres, KXCP, BAXCP, ADP və Müsavatda olub. YAP-a isə qəbul etməyiblər. Adı Valeh Rüstəmovdur. İndi onu E.Mürsəlzadə AXCP Beyləqan şöbəsinin fəalı kimi R.Nurullayevə sırıyıb.

Daha belə bir faktın üstünü partiyanın sədr müavini Gözəl Bayramlı açıb. G.Bayramlı facebook səhifəsində fotofakt və istinadlar əlavə etməklə yazıb ki, E.Mürsəlzadə Beyləqan Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi Əli Sarıyevi "Beyləqan cəbhəçisi Əli Zöhraboğlu" adı ilə R.Nurullayevə satıb. Ə.Sarıyev demə, həm də 2015-ci il Avropa oyunlarının məşəlini Beyləqanda qəbul edən adamdır.

Beləliklə, aydın olur ki, hakimiyyətin “Razi əməliyyatı” tamam iflas edib. Sadəcə, Razi Nurullayev hakimiyyət mətbuatında AXCP-dən istefalarla bağlı yalan məlumatlar dərc etdirməklə götürdüyü öhdəliyi guya uğurla yerinə yetirdiyi təəssüratını yaratmaq istəyir.