YAP üçün kritik həftə

Hakim partiya namizədlər siyahısını elan edə bilər; siyahıda xeyli sürprizlərin olacağı gözlənilir

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu həftə namizədlər siyahısını dəqiqləşdirəcək. Bu dəfəki siyahıda xeyli sürprizlər olacaq. Bu barədə məlumatı modern.az saytı yayıb.

“Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, YAP-da parlament seçkilərilə bağlı gərginlik yaranıb. Məlumatda deyilirdi ki, YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov hakim partiyada yalnız Paşayevləri dəstəkləyənlərin seçkilərdə iştirakına nail olmağa çalışır. Lakin YAP-da Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin tərəfdarları da kifayət qədərdir. Məhz Əli Əhmədov-Ramiz Mehdiyev savaşı, daha doğrusu Paşayevlər-Naxçıvan qruplaşması qarşıdurması hakimiyyətin namizədlər siyahısını hazırlamasına ciddi maneə yaradıb. Hətta qarşıdurma o səviyyəyə çatıb ki, “Yeni Azərbaycan” qəzeti Əli Əhmədovu boykot edib. Ona görə də qarşıdan gələn həftə əslində YAP üçün kritik həftədir. Ekspertlər hesab edir ki, hakim partiya siyahını elan edəndən sonra qarşıdurma daha da şiddətli xarakter ala bilər.