Türkiyə IŞID-ə qarşı əməliyyatlara başlayır

Hava əməliyyatlarına ABŞ-la yanaşı, daha 5 ölkənin dəstək verəcəyi bildirilir

Türkiyə yaxın vaxtlarda IŞID-ə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Reuters” agentliyinə müsahibəsində bildirib. XIN rəhbərinin sözlərinə görə, Türkiyənin hədəfi koalisiya qüvvələri ilə birgə IŞID-i Suriya sərhədindən uzaqlaşdırmaqdır.

ABŞ-ın dəstək verdiyi koalisiyaya Səudiyyə Ərəbistanı, Iordaniya, Qətər, Britaniya və Fransa da qoşula bilər. Çavuşoğlu anti-IŞID əməliyyatıyla bağlı danışıqların ötən bazar günü yekunlaşdığını da bildirib. Onun sözlərinə görə, hava zərbələrinin əsasən Suriyanın şimalına endirilməsi planlaşdırılır. Ankara ilə Vaşinqton IŞID-dən təmizlənmiş azad zonanın məhz bu bölgədə  yaradılmasını planlaşdırıblar.  

“Reuters” bu əməliyyatın Suriyada Bəşər Əsəd reciminə təzyiq göstərmək məqsədi daşıdığını da qeyd edir: “Bu hərbi əməliyyatların köməkliyi ilə Türkiyə Suriya lideri Bəşər Əsədə təzyiq göstərməyə və Dəməşqi münaqişənin siyasi həlli üçün danışıqlara başlamağa vadar etmək istəyir”.

Türkiyə XIN rəhbəri onu da bildirib ki, Suriyadakı kürdyönümlü partiya – PYD bölgədəki siyasətini kökündən dəyişməyincə azad zonada yer almayacaq.

Qeyd edək ki, son vaxtlar ABŞ intensiv şəkildə Türkiyəni IŞID-ə qarşı əməliyyatlara başlamağa və əsas diqqəti məhz bu terror təşkilatı ilə mübarizəyə yönəltməyə çağırırdı.

Yada salaq ki, avqustun əvvəlində ABŞ Türkiyədəki aviabazalardan Suriyaya ilk hava zərbələrini endirib. Türkiyə aviabazalarından istifadə ilə bağlı razılığı bu ilin iyulunda verib.

Mövlud Çavuşoğlu müsahibəsində PKK-ya qarşı əməliyyatlara da toxunaraq xatırladıb ki, sözügedən terror təşkilatı silahları yerə qoymayınca, onlara qarşı mübarizə davam etdiriləcək.

Yeri gəlmişkən, PKK HDP sədri Səlahəddin Dəmirtaşın   silahları qeyd-şərtsiz yerə qoymaqla bağlı çağırışına cavab verib. PKK liderlərindən Cəmil Bayık silahların birtərəfli susmayacağını deyib: “Çağırış edən təkcə HDP olmayıb. Səkkiz dəfə təktərəfli çağırış  etmişik. Axırıncı dəfə isə qüvvələrimizi geri çəkməyə başladıq. Türkiyə əvvəlcə hər şeyi ertələdi, sonra da inkar etdi. Biz bu çağırışı qiymətli sayırıq. Və hesab edirik ki, nə Türkiyə bu problemi silahla həll edə bilər, nə də biz. Amma artıq silahlar birtərəfli susmayacaq. Türkiyə hökuməti də rəsmi olaraq atəşkəs elan etməlidir. Hər iki tərəfdə atəşkəsi müşahidə edən komitə yaradılmalıdır. Müzakirələr azad və bərabər şərtlərdə aparılmalı, PKK lideri Abdulla Öcalan müzakirə qrupunun rəhbəri kimi qəbul edilməlidir. Vasitəçilk edəcək üçüncü  tərəfə də ehtiyac var. Bütün əməliyyatlar dayandırılmalı, son dövrdə həbs olunanlar sərbəst buraxılmalıdır. Türkiyənin sabah hər şeyi yenidən inkar etməyəcəyinə təminat verə bilmərik”.

Bu arada, Istanbul, Samsun, Kırıkkale, Bursa və Mersin də daxil olmaqla Türkiyənin bir sıra böyük şəhərlərində PKK-nın terrorçu fəaliyyətinə qarşı etiraz mitinqləri keçirilib. Dinc şəraitdə keçən mitinqlərdə PKK-dan qanlı terrorlara son qoymaq tələb olunub. Aksiyaçılarda PKK əleyhinə şüarlar səsləndirilib, həmçinin “Istiqlal marşı” oxunub. Rəsmi məlumatlara görə, son 48 gündə PKK tərəfindən 57 nəfər hərbiçi, 15 mülki şəxs qətlə yetirilib. Bu müddətdə yaralananların sayı isə 204 nəfərdir.

Gültəkin