
Mingəçevirdə 27 yaşlı gəncin ölümünə görə həbs edilmiş polis baş leytenantı Şahlar Şahlarzadə haqqında yeni məlumat üzə çıxıb. Məlum olub ki, bu ilin fevralında Qarabağ qazisi, AXCP Mingəçevir şöbəsinin fəalı Qadir Xudabaxşıyev silah saxlamaqla şərlənib həbs ediləndə onun üzünə durub, yalançı şahidlik edənlərdən biri də həmin bu polis baş leytenantı Şahlar Şahlarzadə olub. Adamın Qarabağ qazisini şərləməsi cəzasız qalmadı. Belə yerdə türkiyəli qardaşlarımız deyir, Allahın zopası yoxdur ki, adamın başına endirə (yəni Allah insanların cəzasını bir az dolayı yolla verər).
Cəzasızlıq mühiti, hakimiyyətin təşviq etdiyi yalançı üzəduranlıq görün, hansı ağır nəticələrə gətirib çıxardı. Bir gənc öldürüldü, Qarabağ qazisi həbsdə, Şahlar Şahlarzadə özü də həbsdə. Bu, hələ bizim bildiklərimizdir.
Faciə yalnız bu yazıda adıçəkilən 3 nəfərin və onların doğmalarının deyil ki. Bilirsiniz, ölkədə nə qədər insan Qadir bəy kimi şərlənib həbs edilir? Bilirsiniz, ölkədə nə qədər insan Bəhruz Hacıyev kimi harınlığın, cəzasızlığın birbaşa qurbanına çevrilib həyatını itirir? Bilirsiniz cəzasızlıq, qəddarlıq, özbaşınalıq mühiti nə qədər insanın övladını qatilə çevirib məhv edir?
Nə ətrafda baş verənlərdən, nə də öz başlarına gələnlərdən nəticə çıxarırlar. İndi də Mingəçevirdəki dinc etirazlara görə AXCP üzvlərinə qarşı təzyiqlərə başlayıblar. AXCP fəalı Emil Cəfərlinin qardaşı Pərvin Cəfərov qardaşının siyasi baxışlarına görə həbs edilib. Ona 20 sutka həbs cəzası verilib. Emil Cəfərlinin həyat yoldaşı isə işdən çıxarılıb. AXCP Gənclər Komitəsinin Mingəçevir şəhər şöbəsinin sədri Qara Allahverdiyev polis bölməsinə çağırılıb və hələ də ondan xəbər yoxdur.
Rejim özünü bir az da ayaqda saxlamaq naminə vətəndaşlarımızı acımasız şəkildə məhv edir. Belə davam edə bilməz və etməməlidir. Ölkə dəyişməlidir. Onu dəyişəcək qüvvə isə yalnız xalq özü ola bilər.