Lukaşenko “estafet”i Əliyevə ötürdü

Bütün dünya YAP hakimiyyətinə nümunə göstərir

Çox acınacaqlı vəziyyətdi. Bütün dünyada 21-ci əsrin ab-havası yaşanır, Azərbaycan isə sürətlə keçmişə, cahilliyə, geriliyə doğru addımlayır. Faciə burasındadır ki, artıq hansısa nəhəng Avropa ölkələri deyil, geridəqalmış, mənfi reputasiyası olan, böhranda çabalayan ölkələr Azərbaycana nümunə kimi göstərilir. Bəli, YAP hakimiyyəti ölkəni elə vəziyyətə saldı ki, ən pis durumda olan ölkələr də bizə baxıb təsəlli tapırlar.

Əvvəlcə, müharibə şəraitində olan Ukraynada Ali Rada ölkə vətəndaşının xeyrinə qərar qəbul etdi və devalvasiyanın zərərini dövlət öz üzərinə götürdü. Ardınca, böhranın dərinliyinə batmış Yunanıstanda əhalinin banklara olan borcunun ləğvi haqqında qanun qəbul edildi. Daha sonra   Qazaxıstan prezidenti Nursultan Nazarbayev bankda tenge ilə depozit saxlayan və milli valyutanın devalvasiyasından itirən vətəndaşların kompensasiya edilməsi ilə bağlı göstəriş verdi.

Onu qeyd edək ki, düşmən Ermənistanda da hökumət xalqın səsinə səs verdi, etiraz aksiyası keçirənlərə qarşı kobudluq edilmədi və vətəndaşlara dialoq təklif edildi.

Ən mühüm qərar isə Belarus prezidenti Aleksandr Lukaşenkodan  gəldi. Avropanın sonuncu diktatoru hesab edilən Lukaşenko 6 siyasi məhbusun əfv edilməsi haqqında fərman imzaladı. Artıq Belarusda siyasi məhbus yoxdur.

Bu gün Azərbaycan hökuməti əsasən siyasi məhbus məsələsinə görə tənqid olunur, beynəlxalq mətbuat, beynəlxalq təşkilatlar 100-ə yaxın siyasi məhbusun azadlığını tələb edir və ölkədə sərt avtoritarizmin hökm sürdüyü heç kimə sirr deyil. Azərbaycan hakimiyyəti isə dövlətin imicini zərrə qədər düşünmədiyi üçün öz vətəndaşı ilə düşmənçilik aparır. Məsələ burasındadır ki, dünənə qədər Azərbaycanı Belarusa bənzədirdilər. Xarici ekspertlərin dilindən “Azərbaycanda Belaruslaşma gedir”, “Ilham Əliyev Lukaşenkonun yolu ilə gedir” tipli fikirlər eşidirdik. Indi isə Belarus prezidenti bu arqumenti dəfn etdi. Görünür, Lukaşenko da xalqdan bu qədər ayrı düşməyib, dövlətin imicini sona qədər şəxsi maraqlara qurban verməyib və günümüzün reallığını dərk edir. Indi 6 siyasi məhbusun azadlığa buraxılması həm Lukaşenkonun nüfuzunu artırdı, həm də ölkənin üzərindəki daha bir ləkəni təmizlədi.

Indi “sonuncu diktator” estafetini Ilham Əliyev həvəslə qəbul etməkdədi. Daha “etalon” kimi  Azərbaycan hökuməti götürüləcək. Həm də ölkəmizdə siyasi məhbusların sayı 100-ün ətrafındadı və bu adamların məhkəmə prosesləri, onlara qarşı irəli sürülən ittihamlar tamamən ifşa olunub. 

Bəli, Azərbaycan hakimiyyətinin yarıtmaz və anti-xalq siyasəti nəticəsində ölkəmiz ən pis nümunələr üzrə liderdi. Indi biz turizm, səhiyyə, təhsil, hüquq sistemi, iqtisadiyyat kimi sahələrdə deyil, korrupsiyada, hüquqsuzluqda, oğurluqda, saxta seçkidə liderik.

Bir sözlə, Lukaşenko “lənət boxçası”nı Əliyevin üstünə atdı və insanları şərləyən prezident kimi təqdim olunmaq istəmədi. Amma çifayda, bu hakimiyyət müsbət nümunələrdən dərs çıxarsaydı, indi Azərbaycan həqiqətən də çiçəklənərdi. Görünür, bu da hakimiyyətə verilən cəzadır ki, ən pis reputasiyaya malik olanlar da bu hakimiyyəti utandıracaq addımlar ata bilir.

Samir