Güldürən və öldürən teatr…

Ölkənin böyük teatrında “qırğın” davam edir. Böhran deyəsən hamını vurur. Bir az əvvəl direktorun yarıtmazlığı ilə bağlı məsələlər ətrafında başlayıb şişən söhbətlər artıq aktyorların yumruq davası həddinə gəlib çıxıb. Intriqalar burulğanında əl-qolu işdən soyuyan yaradıcı heyət üzvləri deyəsən canlarının acısını bir-birinə fiziki güc nümayiş etdirməklə çıxarmağa çalışır. Mətbuatdakı söz atışmalarından, məhkəmə qalmaqallarından, qarşılıqlı ittihamlardan da xəbəriniz var, yəqin. Əvvəllər yenə ara-sıra oralarda səhnələşdirilən yeni tamaşaların xəbəri gəlirdi. Daha o da yox, indi “tamaşalar” səhnədən kənara çıxıb. Aktyorlarımız xalq arasında “öz ifaları ilə canlı oyun” göstərirlər. Bunun səbəbi hazırda böyük teatrın heyətində rejissor yoxluğu ilə bağlı deyil ki, görəsən? Hər halda, mətbuatda yer alan xəbərlərdə belə deyilir – ölkənin Milli Akademik Dram teatrı nə zamandır ki, rejissorsuzdur…

Teatrımızın fenomen vaxtları olub. Tarixən ilk uğur səhifələrində yer alan şəxsiyyətlərin adları belə hər şeyi deyir – H.Zərdabi N. Vəzirov, Ə.Haqverdiyev, M.F.Axundov, Ü.Hacıbəyov. C.Zeynalov… Bu tarixin nə qədər maraqlı olduğunu təkcə “Leyli və Məcnun”un səhnəyə gəlməsi xronikasını izləməklə də görmək mümkündür. Hansı fədakarlıqlar, risklər, əskiklər, zorluqlar bahasına başa gəlib, bilsəniz. Ciblərinin son qəpiyini, evlərinin güman gələn dəyər-dəyməzini, boğçalarının pal-paltarını, qollarının saatını belə əsirgəməyiblər bu teatr üçün o adamlar. Bəlkə, elə o üzdən böyük təsir gücü ilə çıxıb səhnəyə həmin tamaşalar. Elə böyük təsir gücü ilə ki, o obrazlarda tam olaraq özlərini görən bəzi “ünsürlər”  tamaşanın ortasında hücum çəkib oyunçuları öldürmək istəyiblər. Elə döyülənlər, öldürülənlər də olub. Teatrın yolu da bu fədakarlıq və məhrumiyyətlərin dar cığırından  üfüqlərə doğru açılıb. Bu fədakarlıq təməli üzərində qurulan məktəbdən necə böyük korifeylərin çıxdığını da sadalamağa lüzum yox, düşünürəm…

Indi o teatr göz görəsi ölüb gedir. Orda durumun ağır olması yeni söhbət deyil, təbii. Ölkədəki ümumi durğunluğun və depressiyanın yoluxucu suyu ora çoxdan sıçrayıb. Zaman-zaman istedadların sıxışdırılması və ya onlara real imkanlar yaradılmaması ilə bağlı ittihamlar da tam əsassız deyildi, şübhəsiz. Amma yenə o vaxt yaxşı-yaman iş gedirdi, repertuarda canlılıq gözə dəyirdi və aktyorların da başı məşqlərə qarışmışdı. Söz-söhbətə, dedi-qoduya, didişməyə vaxt yox idi. Indi hər şeyi hazırkı direktor Israfil Israfilovun ayağının ağırlığına yazsaq, o da insafdan olmaz. Bu ocaqda belə qalmaqallar bütün zamanlarda yaşanıb. Teatrın yeni dönəmdəki ən uğurlu direktorlarından sayılan rəhmətlik Həsənağa Turabovun zamanında belə. Lakin belə narazılıqlar çıxanda nüfuzunu ortaya qoyub, ortalığı sakitləşdirmək bacarığı başqadır, əlbət. Turabovun zamanında yaradıcı qrup üzvləri arasında yaranan narazılıq haqqında yazmış biri olaraq, etiraf etməliyəm ki, onda hadisələr məhz direktorun nüfuzu sayəsində böyüyüb, cığırından çıxmadı. Tərəflər dinlənildi, sakitləşdirildi və problemlər hansı formadasa həllini tapdı. Israfilov milyonların nəzərində olan bir sənət ocağında baş verənlərin tək günahkarı olmasa da, bu xoşagəlməz durumu görə birbaşa məsuliyyət daşıyan adamdır. Qalmaqallar çoxdan partlayıb kənara dağılsa da, pərdəarxası məsələlərin detallarını o özü bilir hər halda. Indi bir direktor kimi o, problemə əl qoyub işi axarına salmağı bacarmırsa, könüllü şəkildə istefa ərizəsini yazıb getməlidir. Yox, bacarmır və getmək də istəmirsə, işə nazirlik səviyyəsində səlahiyyətli şəxslər qarışmalıdır. Yəni bu biabırçılığa son qoymağın vaxtı çatmayıbmı, sizcə? Bu eybəcər “oyun” nə qədər davam edəcək, el üstünüzə gülür axı…