Elşən İsmayılovun anası: Mən hələ də Rasimin yasını saxlayıram

Elşən İsmayılovun anası mərhum jurnalist Rasim Əliyevin valideynlərinə səsləndi: Rasim bizim də balamız idi. Dərdiniz dərdimizdir!
 
AZAL futbol klubunun əvəzedici heyətində müdafiəçi olan Elşən İsmayılov jurnalist Rasim Əliyevin ölümündə günahlandırılır. Rasim ölümündən bir gün əvvəl mediaya verdiyi açıqlamasında özünü “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun bibisi oğlu kimi təqdim edən şəxsin onu telefon vasitəsilə təhqir etdiyini, daha sonra isə üzrxahlıq etmək adı ilə görüşə çağırdığını və “görüş yeri”ndə onunla birlikdə gələn şəxslər tərəfindən döyüldüyünü bildirmişdi.
 
Rasimin ölümündən sonra Elşən İsmayılov hüquq-mühafizə orqanlarına təslim olub. Elşən İsmayılovun cəmi 21 yaşı var. Ölkədə çoxları düşünür ki, yaşanan bu talesiz olay dayısı oğlu Cavid Hüseynov kimi Elşən İsmayılovun da karyerasına son qoyub. Amma onun gələcəyinin irəlidə olduğunu düşünənlər də az deyil. Bu günlərdə gənc jurnalistin ölümünə təəssüflənənlər Cavid və Elşənlə yanaşı onların valideynlərini də kifayət qədər qınaq obyektinə çevirdilər. Çoxları bu gənclərin ailələrində yanlış tərbiyə edildiyini, müvəffəqiyyətin onlara başgicəllənməsi gətirdiyini iddia etdilər. Doğrudanmı, Rasimin ölümündə insanların tərbiyə olunduğu mühit amilinin rolu vardı? Elşən İsmayılovun ailə üzvləri ilə görüşüb onun haqqında danışdıq. Nə qədər çətin olsa da, ailə üzvləri geri dönüşü olmayan bu faciə barədə danışdılar.   
 
– Məlum hadisə ilə bağlı cəmiyyət sizin nə düşündüyünüzü bilmək istəyir.. 
 
İsmayılov İmran Əhməd oğlu – Elşən İsmayılovun atası: 
 
— İlk öncə Allah Rasimə rəhmət eləsin. Valideynlərinə səbr diləyirik. Bir el-obanın adamlarıyıq. Çox çalışdıq yaslarında iştirak edək, əlimizdən gələn köməkliyi edək. Ancaq məsləhət bilmədilər. Biz də onları başa düşürük.
 
Həmişə Elşənə nəzarət etmişik. Hara gedir, hardan gəlir maraqlanırdıq. Məlum hadisələr baş verən zaman başımız qarışıq oldu və olan oldu. Bu hadisəni eşidəndə inana bilmirdim. Elşənin valideyniyəm deyə demirəm, qonşulardan, təhsil aldığı məktəbdən də maraqlana bilərsiniz. O, davaya, söz-söhbət salmağa maraqlı insan olmayıb. Bütün qohum — əqrəba da inana bilmirdi ki, Elşən bu hadisədə iştirak edib. O, futbol oynamaqla yanaşı, dərslərini də yaxşı oxuyurdu. Nə müəllimlər, nə də qonşular heç vaxt ondan şikayət etməyiblər. Övladıma haqq qazandırmıram, ancaq Rasimin ölümündə həkimlərin də günahı az deyil. İlk əvvəl həkimlər cəmiyyət tərəfindən ittiham olunurdusa, indi bu da yoxdu.
 
– Cavidin anası Xalidə xanım öz müsahibəsində demişdi ki, qohum olmağınıza baxmayaraq, ailələr arasında gediş-gəliş az olub. Bu doğrudur?
 
— Xalidə xanım doğru deyib. Adətən hansısa məclislərdə görüşürük. Yəni gediş-gəliş zəifdir.
 
Abbasova Nərgiz Hüseyn qızı – Elşən İsmayılovun anası.
 
— Mən hələ də Rasimin yasını saxlayıram. O, da bizim balamız idi. Bu hadisədən sonra hələ də özümə gələ bilmirəm. Allah rəhmət eləsin. Valideynlərinə allah səbr versin. Dərdləri dərdimizdir.
 
Elşən model olmaq istəyirdi, biz qoymadıq
 
İsmayılov Pənah Əhməd oğlu – Elşən İsmayılovun əmisi
 
— Heç kim istəməzdi ki, bu cür hadisə olsun. Allah rəhmət eləsin, valideynlərinə dərin hüznlə başsağlığı veririk. Cavid özü atasız böyüyüb, çətinlik görə — görə öz zəhməti hesabına bu yerə gəlib çatmışdı. İndi belə oldu.. Elşənin bu hadisədə iştirakına inana bilmirəm. Çünki, o, hansı yerə gedibsə, nümunəvi davranışı ilə ailəmizin adını uca tutub. Bəzi informasiya vasitələrində Elşəni “Seksual manyak”, “gürcüpərəst”, “Uğursuz karyerası olan Elşən” və s. kimi təqdim edirlər. Bu düzgün deyil. O, nə manyak, nə də gürcüpərəst olub. Karyerası ərzində bir çox medal və diplomla təltif olunub. Elşən bir ara özünü model kimi sınamaq istədi, biz icazə vermədik. Mediada yayımlanan şəkillər də həmin vaxt çəkilən şəkillərdir. Yəni bu şəkillərlə onu manyak və ya gürcüpərəst adlandırmaq, xəbərin çox oxunması üçün bu vasitədən istifadə etmək, peşəkarlıqdan uzaqdır. Yıxılana balta vurmazlar. Heç kim bu cür hadisədən sığortalanmayıb.
 
Cəfərov Azad Səfər oğlu – Elşən İsmayılovun qonşusu.
 
Bu hadisə hər birimizi sarsıtdı. Mən də Cəbrayıl rayonundanam. Rəhmətlik Rasimin ailəsini tanıyıram. Biz hamımız bir el-obanın adamlarıyıq. Onların kəndi ilə bizim kəndin arasında heç 1 km məsafə yoxdur. Öz el-obamızdan didərgin düşüb gəldik bura, burda da bu cür hadisə baş verdi. Rasimin atasını tanımasam da əmiləri ilə uzun müddət biryerdə işləmişik. Araşdırsaq hamımız qohumuq. Allah rəhmət eləsin, valideynlərinin çəkdiyi əzabı başa düşürük, dərdlərinə şərik çıxırıq. Elşən gözümüzün qarşısında böyüyüb. Həmişə böyük-kiçik yeri bilib. Biz onun uğurlarını gördükcə sevinirdik. Bu hadisə tək mənim yox, bütün qonşularımız üçün gözlənilməz oldu. Kaş ki, olmayaydı… (sputnik.az)