Hakimiyyət narazı elektoratın başında dura biləcək qüvvəni sıradan çıxarmaq istəyir
Nəinki prosesləri dərindən izləyənlər, dərin təhlillər aparanlar, hətta sıravi vətəndaşlar da bilir ki, mövcud hakimiyyət bütün dövrlərdə AXCP-yə xüsusi “diqqət” ayırıb. Məhz bu “diqqət”in sayəsində partiyanın 100-lərlə üzvü həbs olunub, 10-larla üzvü şantaj edilib, partiyanın qəragahı partladılıb, partiya sədrinə pasport verilmir, hökumətin nəzarətində olan telekanallar, mətbuat orqanları mütəmadi olaraq partiyaya qarşı şər-böhtan kampaniyası aparır və.s Yəni, AXCP-nin hədəf seçilməsi hökumətin məqsədyönlü siyasətinin tərkib hissəsi olub.
Son dövrlər isə AXCP-yə və bu partiyanın təmsil olunduğu Milli Şuraya qarşı hücumlar daha da sürətlənib, Əli Kərimliyə qarşı “qara piar” daha da güclənib. Bəs, bunun səbəbi nədir? “Yeni Müsavat”ın hər sayında AXCP əleyhinə yalan materialların yayılması, dünənə qədər susmuş adamların qələmə sarılması, narazı cəbhəçilərin alternativ AXCP yaratmaq şousu və bu şounun telekanallarda yayımlanması, hər gün bir “ekspert”in AXCP-dəki vəziyyəti analiz etməsi və digər məqamlar eyni mərkəzdən verilən sifarişin nəticəsidir. Bu sifarişə əməl edənlər də başa düşürlər ki, bütün körpülər yandırılıb və hakimiyyətin zəifləməsi, rejimin dəyişməsi onların da süqutu deməkdir. Ona görə də dayanmadan anti-AXCP təbliğatı aparılır. Vəziyyət o həddə çatıb ki, sıravi bir cəbhəçinin ironik “facebook” statusu üzərində də “imarət” qururlar.
Göründüyü kimi Milli Şura seçki iştirakla bağlı yekun qərar verməyib. Böyük ehtimalla seçki məcəlləsi dəyişməsə, siyasi məhbuslar azad edilməsə, normal seçki mühiti yaradılmasa Milli Şura, AXCP seçkiyə qatılmayacaq. Deməli, hökumətin hücumunun səbəbi qarşıdan gələn seçkilər deyil.
Əslində hökumətin narahatlığı, AXCP-ni zəiflətməyə bu qədər pul xərcləməsi başadüşüləndir. Bu narahatlığın əsas səbəbi isə xarici və daxili siyasətdə yaranmış tıxacdı. Əldə etdiyimiz məlumata görə hökumət əsasən daxildə yaranmış kütləvi narazılıqdan, insanların aqressivliyindən, sosial-iqqtisadi vəziyyətin yarada biləcəyi üsyandan narahatdır. Xüsusən son günlər baş verənlər, vətəndaşın bankda polisi yandırması, Mingəçevir sakinlərinin etirazı və bu kimi hallar onu göstərir ki, proses qarşısıalınmaz mərhələyə daxil olur. Çünki, sadə vətəndaş da başa düşür ki, bütün problemlər hakimiyyətin korrupsioner mahiyyətindən, acgözlüyündən, vətəndaşa qiymət verməməsindən qaynaqlanır. Ona görə də artıq intihar etmək yox, intihar həddinə çatdıran səbəblərin üzərinə yürümək zərurəti ortaya çıxır.
Xarici siyasətdə vəziyyət daha da acınacaqlıdı. Hakimiyyətin dünyadakı etimad limiti bitib. Nüfuzlu təşkilatlar, dünyanın güc mərkəzi sayılacaq ölkələri, beynəlxalq ekspertlər, məhşur mətbu orqanlar Azərbyacan hakimiyyətini koordinasiya olunmuş formada sıxmağa başlayıb.
Bütün bunları başa düşən hakimiyyət çıxış yolu kimi ciddi islahatlar aparmağı deyil, real alternativi sıradan çıxarmaq qərarına gəlir. Çünki, hakimiyyət də anlayır ki, narazı elektoratın başında dura biləcək qüvvə AXCP, Milli Şuradı.
Eyni zamanda vətəndaş da görür ki, “siyasi məhbuslara azadlıq”, “qiymət artmına son” şüarları ilə mitinq keçirən, bütün fəaliyyəti hakimiyyətin yarıtmaz siyasətinin ifşasına həsr olunan, vətəndaşı sıxan problemləri daim gündəmdə saxlayan qüvvə Milli Şura və onun lokomotivi rolunda çıxış edən AXCP-dir.
Beləliklə, hakimiyyət hesab edir ki, AXCP-ni sıradan çıxarmaqla narazı elektoratın qəzəbindən qorunar və təhlükəni asanlıqla dəf edə bilər. Eyni zamanda AXCP-nin sıradan çıxarılması beynəlxalq aləmin istinad etmək üçün alternativ tapmaması anlamına gələ bilər. Belə olan halda dünya mövcud hakimiyyətlə əməkdaşlığı davam etdirmək məcburiyyətində qalar.
Bir sözlə, AXCP-yə qarşı bütün rejim əlaltılarının birləşməsi, yeganə alternativi zərərsizləşdirmək və hakimiyyətin anti-xalq siyasətinə nəfəs verməkdən ibarətdi.
Amma tarix də, günümüzün reallığı da göstərir ki, bu kimi cılız üsullar məğlubiyyətdən xilas etmir. Əksinə, alternativlərin tamam məhv edilməsi, hakimiyyəti əsəbi kütlənin dəyənəyi altına salır.
İlham


