Rusiya indi də Yaponiyaya “hərbə-zorba” gəlir

Tokio Rusiya baş naziri Dmitriy Medvedevin Kuril adalarına səfərindən hiddətlənib

Yaponiya xarici işlər naziri Rusiyanın baş naziri Dmitriy Medvedevin mübahisəli Cənubi Kuril adalarına getməsinə etiraz olaraq Moskvaya səfərini ləğv etdiyini bildirib. Yaponiya bundan əvvəl bildirmişdi ki, rəsmilərin mübahisəli ərazilərə səfərləri Tokio və Moskva arasında siyasi dialoqu əngəlləyə bilər.

Tokiodan məsləhətə ehtiyac yoxdur

Rusiya Xarici Işlər Nazirliyi bəyan edib ki, Medvedevin Kuril adalarına səfəri barədə Tokionun məsləhətinə ehtiyac duyulmayıb.

Bununla əlaqədar Yaponiyanın xarici işlər naziri Fumio Kisida Rusiyanın Tokiodakı səfirinə etiraz notası təqdim edib.

Xəbər verilir ki, Rusiyanın baş naziri Dmitriy Medvedev Kuril arxepelaqındakı Iturup adasına işçi səfərə çıxıb.

Ikinci Dünya Müharibəsindən sonra SSRI bütün Kuril adalarını zəbt edib, lakin Yaponiya hesab edir ki, Iturup, Kunaşir, Şikotan adaları və Habomay arxipelaqı onun ərazisi sayılmalıdır.

Yaponia Xarici Işlər Nazirliyinin notasında deyilir ki, “Rusiya bu səfərlə yapon xalqının hisslərinə toxunub”.

Rusiyanın qaba bəyanatları

Buna cavab olaraq Moskva bəyan edib ki, Rusiya rəsmiləri Yaponiyanın mövqeyindən asılı olmayaraq gələcəkdə də Kuril adalarına səfərlər edəcəklər.

Rusiya Xarici Işlər Nazirliyi bildirir ki, Yaponiyanın etirazını Ikinci Dünya Müharibəsinin nəticələrinin şübhə altına alınması kimi qiymətləndirmək olar.

Dmitriy Medvedev Kuril adalarına artıq üçüncü dəfədir ki, səfər edir. 2010-cu ildə o, prezident kimi Kunaşir adasına səfər etmişdi. Bu, Rusiya liderinin Kuril adalarına ilk rəsmi səfəri olmuşdu.

Rusiya Xarici Işlər Nazirliyi bəyan edib ki, Medvedevin Kuril adalarına səfəri barədə Tokionun məsləhətinə ehtiyac duyulmayıb.

Moskva həmçinin Yaponiya xarici işlər nazirinin Rusiya səfərinin ləğv edilməsi məsələsinə aydınlıq gətirərək bildirib ki, “planlaşdırılımayan nəyisə ləğv etmək mümkün deyildir”.

Əksinə, baş nazir Medvedev Rusiya məmurlarını Uzaq Şərqə daha tez-tez səfərlər etməyə çağırıb.

Baş nazir deyib ki, “bizim Yaponiya ilə münasibətlərimiz yaxşıdır, lakin bu, Kuril adalarının mənsubiyyəti ilə bağlanmamalıdır”.

O bəyan edib ki, Kuril adaları Saxalin vilayətinin bir parçasıdır.

Cənubi Kuril problemi mövcuddur

Rusiya hökumət başçısının bəyanatlarına baxmayaraq, Cənubi Kuril adaları problem olaraq qalır. Yaponiya və Rusiya arasında bu adaların Rusiyaya daxil olması barədə heç bir müqavilə yoxdur.

Yaponiya iddia edir ki, Iturup, Kunaşir, Şikotan adaları və Habomay arxipelaqı 1855-ci ildə imzalanmış Rusiya-Yaponiya müqaviləsinə görə yaponlara aiddir. Saxalin adası isə bu müqaviləyə görə bölünməyən ortaq ərazi sayılmalıdır.

Rusiya isə iddia edir ki, Ikinci Dünya Müharibəsinin nəticələri müzakirə mövzusu ola bilməz.

Yaponiyanın baş naziri Sindzo Abe hələ 2013-cü ildə Cənubi Kuril adaları barədə mübahisəni çözmək üçün Vladimir Putini Yaponiyaya dəvət etmişdi.

Bundan 9 ay sonra xarici işlər naziri Sergey Lavrov dəvətin qəbul olunduğunu bildirmişdi.

Lakin 2014-cü ildə Yaponiya bu dəvəti geri götürmüşdü. Tokio bildirirdi ki, Tokionun Ukraynaya görə Rusiyaya qarşı sanksiyalara qoşulması ikitərəfli münasibətləri gərginləşdirib.

Bəzi məlumatlara görə, Yaponiyadan Putinlə görüşün təxirə salınmasını ABŞ istəmişdi.