İran pullarını geri almaqda israrlıdır

Ölkə başçısının əmisi oğlu onu çətin vəziyyətdə qoyub

İran Azərbaycanda dondurulmuş aktivlərini geri almaqda israrlıdır. Iranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezinin yenidən bu məsələni gündəmə gətirməsi belə deməyə əsas verir.

“Azərbaycan və Iranın bank sektorunun nümayəndələri bu kapitaldan istifadə etmək məsələsini müzakirə edir. Bu vəsaitin bir hissəsinin neft sektoruna yönləndirilməsi planlaşdırılır. Bu məsələ Bakıya son səfərim zamanı müzakirə edilib. Vəsaitin qalan hissəsi ”Bank Melli Iran"ın kapitalının artırılmasına yönəldilib", – deyə iranlı nazir bildirib.

Məlumat üçün deyək ki, Azərbaycan Iranın 500 milyon dollar həcmində aktivini dondurub. Buna səbəb kimi Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevə məxsus “Royal Bank”ın fəaliyyəti göstərilir. Iddialara görə, “Royal Bank”ın bağlanmasına səbəb kimi bu bankın Iranın çirkli pullarının yuyulması ilə məşğul olduğu göstərilirdi. Bildirilirdi ki, ölkə başçısı bu məsələ ilə bağlı Qərbdən xəbərdarlıq aldıqdan sonra bankın bağlanması barədə göstəriş verib. “Royal Bank” bağlanandan sonra isə orada xeyli əmanət batdı. Burada Irana da məxsus iri məbləğlərin olduğu deyilir. Həmin dondurulmuş aktivlərin əhəmiyyətli hissəsi də “Royal Bank”ın payına düşür.

Bəzi məlumatlara görə, “kredit qalmaqalı”nda “Riad Farm” şirkətinin icraçı direktoru Aqil Quliyev və hüquqi sahibi Həsən Şərifovun həbsinin kökündə də bu məsələ dayanır.

Bildirilir ki, Ilqar Əliyev əvvəlcə Iranla maliyyə əməliyyatları aparmaqla Ilham Əliyevi çətin vəziyyətdə qoymuşdu. Ölkə başçısı bankı bağlamaqla bu problemi çözdü. Lakin indi Iranın pullarını tələb etməsi növbəti problemə səbəb olub. Ölkə başçısı da bu səbəbdən əmisi oğluna qəzəblənib və “kredit qalmaqalı”nda ona heç bir güzəşt etməyib.