Mingəçevir olaylarına görə daha 2 nəfər həbs edildi

Mingəçevir olaylarına görə daha iki nəfər həbs edildi

Bəhruz Hacıyevin ölümünə görə saxlanılan polis isə həbs edilib

Dilsuz Hacıyev: «Hamısı həbs edilməlidir»

Mingəçevirdə keçirilən etiraz aksiyasında iştirak etmiş daha iki nəfər avqustun 24-də həbs edilib. Mingəçevirdə olan Meydan TV əməkdaşı onların kimliyini müəyyənləşdirə bilib. Bunlar – Mehman Qaçay oğlu və Ilkin adlı şəxsdir. Yaxınlarının verdiyi məlumata görə, Ilkin yol gedərkən saxlanılıb və maşına mindirilərək Mingəçevir şəhər Polis Şöbəsinə aparılıb. Ilkin məlumata görə, hər iki şəxsin iştirakı mediada yayımlanmış videogörüntülərdən müəyyənləşib, onlar aksiyaya çağırış etməkdə günahlandırılırlar.

* * *

Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev Meydan TV-yə açıqlamasında deyib işin gedişatıyla bağlı Polis Şöbəsinə gedə bilmir: “Sabah gedib işin gedişatı haqda məlumat alacam. Hələ ki, narazı deyiləm. Ancaq Bəhruzu şöbəyə aparan üç nəfərdə tutulmalı cəzasını çəkməlidir. Bundan başqa oğlumu orada döyüb öldürən bir nəfər deyil, onlar bir neçə nəfərdirlər. Hamısı həbs edilməlidir. Mən hökumətimizdən narazı deyiləm. Oğlum Qarabağda şəhid olsaydı, yaxud da təsadüfü hadisə sayəsində ölsəydi bu qədər yanmazdım. Hamının başına iş gələ bilər. Ancaq bu dərdə dözmək olmur.

Dəfnə gələnlərə qəbiristanlıqda dedim ki, məni istəyənlər evə gəlsin. Sonra mənə zəng gəldi. Dedilər cavanlar şəhərdə aksiya edirlər. Yenə onların yanına getdim və evə dəvət etdim. Indi aksiyadı olub, cavandılar, başları dumanlıdı. Qınanılası deyil. Onlar deyir ki, bu gün Bəhruzun başına gələn, sabah da bizim başımıza gələr. Onları qınamıram. Gərək məni eşidəydilər. Hökumətimizdən də balamın, mənim xətrimə onların azad edilməsini xahiş edirəm".

* * *

Mingəçevirdə narkotik vasitələrin istifadəsinə və satışına görə şübhəli şəxs qismində saxlanılaraq dindirilmək üçün Mingəçevir şəhər Polis Şöbəsinə aparılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun ölümü ilə bağlı araşdırmalar davam etdirilir. Bunu APA-ya açıqlamasında Daxili Işlər Nazirliyinin (DIN) Baş Ictimai Təhlükəsizlik Idarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib.

Cavanşir Məmmədov bildirib ki, hadisə ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb və barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır: “O, dindirilmə zamanı vətəndaşı nəzarətsiz buraxaraq hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib və intihar hadisəsi baş verib. Ona görə də Şahlar Şahlarzadə həbs edilib. Həmçinin, Bəhruz Hacıyevi saxlayaraq polis şöbəsinə gətirən 3 polis əməkdaşının izahatı alınıb, araşdırma davam etdirilir”.

* * *

Mingəçevir şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov isə iddia edib ki, prokurorluğun müstəntiqi Rəşadət Orucov morqda meyiti müayinə edərkən mərhumun yaxınları tərəfindən döyülüb: “Həmçinin, polis şöbəsinin baş leytenantı Ramin Abakarova da hücum edərək ona müxtəlif bədən xəsarətləri yetiriblər. Hər iki faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsilə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) cinayət işi başlanıb, araşdırma aparılır”.

Polis rəisinin bildirdiyinə görə, Bəhruz Hacıyevin dəfn mərasimindən sonra bir qrup şəxs şəhərin mərkəzi küçəsinə toplaşaraq yürüş etməyə cəhd göstərib: “Onlar polis əməkdaşlarına daş və digər əşyalar ataraq xəsarət yetiriblər. Hadisə zamanı daha 9 polis əməkdaşı xəsarət alıb. Ümumilikdə bu hadisələrlə bağlı 20-ə yaxın vətəndaş saxlanılıb. Onlardan 10 nəfərin işi prokurorluğa təqdim olunub, qalanları isə məhkəmə qərarı ilə inzibati qaydada cərimələniblər. Saxlanılanların bir çoxu əvvəllər müxtəlif cinayət hadisələrinə görə məhkum olunanlardı. Onların arasında narkotik vasitə istifadəsinə və satışına görə həbs edilənlər üstünlük təşkil edir. Hadisə zamanı polis şöbəsinin bir avtomobili də yararsız hala salınıb”.

Polis rəisi ona da qeyd edib ki, Bəhruz Hacıyevin əvvəllər məhkumluğu olmayıb.

Hazırda şəhərdə tam sakitlik olduğunu deyən Ələsgər Bədəlov saxlanılan şəxslərin şöbədə döyülməsi barədə yazılanların həqiqəti əks etdirmədiyini bildirib. O, mərhumun atası Dilsuz Hacıyevlə 8 dəfə görüşdüyünü və onun bütün tələblərinə əməl edildiyini deyib: “Onun istəyinə uyğun olaraq ekspert dəyişdirilib və başqa yerdən gətirilib. Saxlanılan şəxslərin yaxınlarını da qəbul edərək dinləmişik. Biz dəfn mərasimindən əvvəl və sonra qarşıdurmanın yaranmaması üçün mərhumun yaxınları ilə görüşdük”.

Xatırladaq ki, Bəhruz Hacıyev avqustun 20-də axşam saatlarında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə aparılıb. Təxminən 20 dəqiqədən sonra orada ölüb. Onun özünü 3-cü mərtəbədən atdığı bildirilir. Lakin valideynləri deyilənlərlə razılaşmır, Bəhruz Hacıyevin intihar etməsinə inanmırlar. Avqustun 22-də mərhumun yaxınları, şəhər sakinləri hadisəyə etiraz əlaməti olaraq Polis Şöbəsinin qarşısında aksiya keçiriblər. Aksiyada 500-dək adam iştirak edib. DIN-in açıqlamasına görə, aksiya zamanı 4 nəfər polis əməkdaşı yaralanıb, 21 aksiyaçı həbs edilib. Həbs edilənlər arasında Bəhruz Hacıyevi dindirməyə hazırlaşan polis baş leytenantı Şahlar Şahlarzadə də var.

* * *

AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində növbəti dəfə Mingəçevir olaylarından yazıb. AXCP sədrinin yazdıqlarını təqdim edirik: “Sağ olsunlar bu sadə və təəssübkeş gənclər. Onların dinc etirazı olmasaydı, Bəhruz Hacıyevin də qanı polis idarələrində ölən digərləri kimi tamamilə batırılacaqdı. Gəncləri döyüb dağıtsalar da, həbs etsələr də, tələblərinə tam biganə qala bilmədilər.

Mingəçevirdə Bəhruz Hacıyevin ölümünə görə şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin iki maddəsi üzrə – 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Düzdür, əməlin tövsüfi yenə də düzgün deyil. Işgəncə ilə adam öldürmüş qatilləri himayə etmək istəyi hələ də güclüdür. Amma bu, artıq töhmət vermək kimi adamları ələ salmaq da deyil.

Ictimaiyyət prosesi izləməlidir. Bəhruz Hacıyevi bir nəfər öldürməyib. Onun ölümündə və bu ölümün ört-basdır edilməsində iştirakı olanların hamısı məsuliyyətə cəlb olunmalı, Mingəçevirdə “Qardaşımızın qanı yerdə qalmayacaq” şüarı ilə dinc etiraz etdiyinə görə həbs olunmuş 20 nəfərdən artıq günahsız insan dərhal azad edilməlidir".