“Manata təzyiqlər getdikcə artır”

«Devalvasiya olacaqsa, bu ilk zərbəni bank sektoruna vuracaq və ilkin dövrdə bankların ən azı 3/1-i sıradan çıxacaq»

Samir Əliyev: «Hökumət əlindən gələni edəcək ki, seçkiyə qədər manatın məzənnəsini saxlasın»

Dünya bazarında neftin qiymətinin sürətlə düşməsi dolların milli valyutalara təzyiqini artırıb. Artıq region ölkələrindən Türkiyə və Qazaxıstan dolların təzyiqinin acı nəticələrini yaşayır. Ekspertlərin fikrincə, Azərbaycanda manatın 2-ci devalvasiyası hazırda yenidən aktuallıq qazanıb. Çünki manatın dolların təzyiqinə duruş gətirməsi Mərkəzi Bankın vəsaitlərinin xərclənməsi bahasına başa gəlir. Hazırda ölkədə fevralın 21-də baş vermiş devalvasiya ərəfəsindəki oxşar vəziyyət yaranıb. Dollar satışı valyutadəyişmə məntəqələrində məhdudlaşdırılıb. Mövzu ilə bağlı bu və başqa sualları iqtisadçı Samir Əliyevə ünvanladıq.

– Samir bəy, hazırda Azərbaycana qonşu ölkələrdə dolların təzyiqi nəticəsində milli valyutaların dəyər itirməsi baş verir. Proses hələ nə qədər davam edə bilər?

– Bəli, həqiqətən də Azərbaycanla qonşu ölkələrdə milli valyutaların ucuzlaşması prosesi gedir. Baş verənlərin hər birinə ayrı-ayrılıqda baxsaq, görərik ki, bunun müxtəlif səbəbləri var. Bir səbəb dünya bazarında neftin qiymətinin düşməsiylə bağlıdır. Eyni zamanda baş verənlərdə siyasi səbəblər və valyuta müharibələrindən doğan nəticə də var. Neftin qiymətinin düşməsinə görə ucuzlaşan valyutalara misal kimi Rusiyanı göstərmək olar. Eyni zamanda neftə görə dəyər itirən valyutalardan biri də Qazaxıstanın milli puludur. Türkiyədə isə lirənin dəyər itirməsi daha çox siyasi proseslərdən doğan səbəblərdir. Iqtisadiyyatında ciddi problemlər olduğu üçün də Qazaxıstan valyutasını ucuzlaşdırıb. Qazaxıstanın əsas ticarət tərəfdaşı Rusiya və Çindir. Ona görə Rusiya və Çində valyutanın ucuzlaşması Qazaxıstanın ixracına mənfi təsir edirdi. Bu baxımdan Qazaxıstan valyutasını ucuzlaşdırmağa məcbur oldu. Digər tərəfdən, onsuz da neftin qiymətinin düşməsi Qazaxıstanın valyutasına zərbə vururdu. Bundan başqa, Gürcüstanda da larinin ucuzlaşması prosesi davam edir. Hər bir prosesin kökündə dünya bazarında neftin, əlvan metalların ucuzlaşması dayanır. Bütün bunlar ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsir edir.

“Azərbaycanda baş verənlərdə məntiq olmur”

– Fevralın 21-də Azərbaycanda baş verən devalvasiyadan sonra iqtisadçılar ikinci devalvasiyanın baş verəcəyini bildirdilər. Hazırda bu istiqamətdəgərginlik yaşanır. Amma belə düşünülür ki, hökumət devalvasiyanı seçkidən sonra edəcək. Ancaq neftin qiyməti indiki sürətlə düşərsə, biz seçkidən əvvəl devalvasiyanın şahidi ola bilərikmi?

– Çox çətin sualdır. Azərbaycanda nəyisə proqnozlaşdırmaq çətindir. Çünki baş verənlərdə nə məntiq, nə də proseslərə əsaslanan qərarlar olur. Azərbaycanda manatın məzənnəsi ölkə iqtisadiyyatının tənzimlənməsi vasitəsi kimi istifadə edilmir. Manatın məzənnəsindən sırf siyasi məqsədlər üçün istifadə olunur. Yəni manat güclüdür, sabitdir, bütün ölkələrin valyutaları düşür. Amma manat sabit qalır. Manata bu rakursdan yanaşılıb. Biz bu siyasətin ağır zərbəsini fevralda aldıq. Bütün valyutalar düşsə də həmin dövrdə manat sabit qalmışdı. Azərbaycan bazarı valyutası düşən ölkələr üçün münbit yer idi. Bu ölkələr məhsullarını Azərbaycana göndərirdi. Fevralda biz bu prosesin fəsadlarını gördük. Manat birdən-birə 33.5 faiz ucuzlaşdı. Sonradan yenə devalvasiyadan əvvəlki dövr təkrarlanmağa başladı. O baxımdan ki, manat yenə müəyyən qədər sabit qaldı, hətta bir qədər də bahalaşdı. Amma qonşu ölkələrdə yenə proses gedir. Rusiyada, Qazaxıstanda və digər ölkələrdə milli valyuta ucuzlaşır. Bu baxımdan manat üçün təzyiqlər getdikcə artır. Onsuz da bir təzyiq neft amili idi. Neftin qiyməti də getdikcə düşür. Elman Rüstəmov qeyd edirdi ki, Azərbaycan üçün 40 dollara qədər təhlükə yoxdur. Qırx dollardan sonra manatın məzənnəsində adaptasiya prosesi gedə bilər. Yəni söhbət ucuzlaşmadan gedir. Biz həmişə demişik ki, neftdən başqa bir amil də manatı təzyiqdə saxlayır. Bu, kapital axınıdır. Bu dəqiqə ölkədən güclü kapital axını var. Kapital ölkəni tərk edir. Diqqət yetirsək görərik ki, Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Yeganə may-iyun aylarında valyuta ehtiyatları sabit qaldı. Iyulda yenidən azalma müşahidə olunmağa başladı. Avqustda yenidən azalma gedəcək. Bunun səbəbi ölkədən kapital axınıdır. Bu axın manata təzyiqi artırır. Iri sahibkarlar vəsaitlərini qorumaq üçün onu kənara çıxarırlar. Öncə nağd pul kənara çıxarıldı. Indi isə qeyri-likvid vəsait, hər hansı daşınmaz əmlak, avadanlıq nağd pula çevrilərək xaricə çıxarılır. Hazırda həm kənarda baş verən proseslərə, həm də sadaladığım daxili səbəblərə görə, son bir neçə gündə dollar alışı çoxalıb. Hökumət maksimum dərəcədə əlindən gələni edəcək ki, seçkiyə qədər manatın məzənnəsini saxlasın. Əsas prioritet bu olacaq. Amma kursun saxlanıb-saxlanmayacağı sonrakı proseslərdən asılı olacaq. Çünki qarşıdan növbəti büdcə müzakirələri gəlir.

“Hökumət yumşaq devalvasiyaya başlamalıdır”

– Əgər manatın ikinci devalvasiyası olacaqsa, bu neçə faiz təşkil edəcək?

– Hökumət hazırda yumşaq devalvasiyaya başlamalıdır. Bu, fevral hadisələrinin təkrarlanmaması üçün gərəkdir. Ayda heç olmasa 4 faizlik devalvasiya koridoru müəyyən etməlidir. Bu, kəskin devalvasiyanın təsirini azaltmaq üçün gərəkdir. Əgər Azərbaycanda növbəti devalvasiya olacaqsa, bu, ən aşağısı 20 faiz olacaq. Amma məncə, bu, yaxın dövrdə gözlənilmir. Hökumət yumşaq devalvasiyaya getməklə bu prosesi bir qədər yumşalda bilər.

– Gələn ilin büdcəsi ilə bağlı müzakirələr necə olacaq? Neftin qiyməti büdcədə necə əks olunacaq?

– Elman Rüstəmov çıxışında bildirmişdi ki, gələn ilin büdcəsində neftin qiymti 50 dollar nəzərdə tutulacaq. Artıq ən azı büdcənin parametrləri Maliyyə Nazirliyində hazırlanmış olar. Oktyabrda büdcə müzakirələri gözlənilir. Qarşıda iki ay vaxt qalıb. Amma gələn il üçün 2015-ci illə müqayisədə 50 dollar götürülməsi yaxşı haldır. Hazırkı qiymətləri nəzərə alsaq, büdcədə yenə də kəsirin olacağını demək olar. Icra 100 faiz olmayacaq. Ola bilsin ki, qəbul olunan büdcəyə ilin sonunda dəyişiklik edilsin. 2015-ci il büdcəsiylə müqayisədə 2016-cı ilin büdcəsində artım olmamalıdır. Hökumət reallığı nəzərə alaraq büdcəni azaltmalıdır. Büdcə 16-17 milyard səviyyəsində nəzərdə tutula bilər.

“Bankların sayı bir qədər də azaldılacaq”

– Kommersiya bankları ilə bağlı proqnozlar nədən ibarətdir? Hazırda banklar gərgin dönəm yaşayır. Istehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirilib. Həm əhali bundan sonra kredit almaqda çətinlik çəkəcək, həm də banklar əsas gəlir mənbəyindən ciddi şəkildə məhrum olacaq…

– Bankların sayının azaldılması prosesi davam edəcək. Yəqin sentyabrda biz bunu müşahidə edəcəyik. Bank sektorunda ixtisarlar gələn aydan başlayacaq. Həm iş yerləri ilə bağlı ixtisarlar, həm də filialların bağlanması ilə əlaqəli ixtisarlar nəzərdə tutulur. Əslində bu ixtisarlar avqustdan başlayıb. Bank sektorunun, xüsusilə, kiçik və istehlak kreditləşməsi üzrə ixtisaslaşmış bankların vəziyyəti ağır olacaq. Bir neçə bankın bağlanmasını istisna etmirəm. Ola bilsin ki, bu proses birləşmə halında olsun. Istehlak kreditlərinin alınması çətinləşəcək. Əgər devalvasiya olacaqsa, bu, ilk zərbəni bank sektoruna vuracaq. Ilkin dövrdə bankların ən azı 3/1-i sıradan çıxacaq.

“Investisiya xərclərinin azalması sənaye istehsalını aşağı salıb”

– Sənaye istehsalı bu il üçün 9 milyard aşağı düşüb. Hazırkı dönəmdə bu göstəricini necə dəyərləndirmək olar?

– Sənaye istehsalı neft və qeyri-neft sənayesini əhatə edir. Neft sənayesinin azalması təbii prosesdir. Həm neftin qiyməti ucuzlaşır, həm də hasilatda azalma var. Qeyri-neft sənayesi isə isə çox da inkişaf etməyib. Xüsusilə də ixrac potensialımız çox zəifdir. Xarici ölkələr valyutalarını devalvasiya etdiyindən bizim məhsullar qiymətinə görə Türkiyə və Rusiyaya uduzur. Bizim sənaye daha çox daxilə hesablanmışdı. Daxili təlabat isə aşağı düşüb. Çünki dövlətin investisiya xərcləri kəskin azalıb. Bir müddət əvvəl hətta bu dayandırılmışdı. Tələbat azaldığından istehsal da ona uyğun olaraq azalıb. Bizdə bəzən etiraf edilmir ki, Azərbaycanda qeyri-neft sektoru neft sektoruna bağlıdır. Neftin qiyməti də aşağı düşəndə, bu, qeyri-neft sektoruna təsir göstərir. Bu baxımdan sənaye istehsalının azalması təbidir. Əgər onun artırılmasını istəyiriksə, iki istiqamətdə fəaliyyət gücləndirilməlidir. Birinci istiqamət, yeni bazarlar tapılmalıdır. Ikinci istiqamət isə daxildə qeyri-neft sektorunu inkişaf etdirməkdir ki, onların da məhsullarına tələbat artsın.

“Daşınmaz əmlak bazarını neft pulları həddindən artıq şişirtmişdi”

– Hazırda mənzil bazarında da durğunluq yaşanır. Məzillərin qiyməti aşağı düşüb. Tikinti bazarı,demək olar, dayanıb. Neftin qiymətinin enməsi bu sektora necə təsir edəcək? Daşınmaz əmlak bazarının çökməsi bankların vəziyyətini bir qədər də ağırlaşdırmayacaqmı?

– Əslində bizdə daşınmaz əmlak bazarı bir il öncə köpük vəziyyətinə gəlmişdi və bu köpük partlaya bilərdi. Neftin düşməsi bu köpüyün partlamasına imkan vermədi. Köpük özünü nədə göstərirdi? Havayı neft pulları və Rusiyadan gələn vəsaitlər bazarda qiymətləri həddindən artıq şişirtmişdi. Hər iki istiqamətdən gələn pullar azalıb. Bu isə daşınmaz əmlak bazarında qiymətləri aşağı salır. Devalvasiya da bu prosesə öz təsirini göstərdi. Insanlar hazırda gözləmə mövqeyindədir. Daşınmaz əmlak bazarında qiymətlərin düşmə gözləntiləri insanları bura investisiya yatırtmağa maraqlı etmir. Bir-iki il əvvəl insanlar arasında belə təbliğat gedirdi ki, pulunuz varsa, gedin daşınmaz əmlak alın. Amma hazırda əmlak bazarında qiymətlər düşdüyündən insanlar pulu dollara çevirib saxlamağa üstünlük verirlər. Nəticə də göz önündədir. Bir tərəfdən daşınmaz əmlakın qiyməti düşür, digər tərəfdən də alıcı yoxdur. Əmlak bazarında qiymət düşməkdə davam edəcək. Çünki əhalinin alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Qiymət artımı gözlənilmir. Artım yalnız o halda yaşana bilər ki, neftin qiyməti artsın. Eyni zamanda dövlət qısa dövr ərzində Ipoteka Fondu vasitəsilə dövriyyəyə 200 milyon buraxarsa, o zaman situasiya dəyişə bilər.

– Daha bir bazar da ciddi durğunluq dövrünü yaşayır. Söhbət maşın bazarından gedir. Ölkəyə gətirilən avtomobillərin sayı iki dəfə azalıb, alıcılıq kəskin düşüb. Bu bazardakı durğunluq nə vəd edir?

– Avtomobil bazarının məhdudlaşdırılması ilə bağlı bir sıra addımlar atılıb. Ötən ilin fevralında avtomobil kreditləri saxlanıldı. Iki ay avtomobil kreditləri verilmədi. Şərtlər daha da ağırlaşdırıldı. Araşdırmalar göstərirdi ki, Azərbaycanda satılan hər üç avtomobildən ikisi kredit vasitəsi ilə alınır. Kreditin dayandırılması avtomobil satışını 40-60 faiz aşağı saldı. Sonradan kreditləşmə bərpa edilsə də, şərtlər ağır olduğundan bazarda hər hansı canlanma yaranmadı. Nəticədə lizinq şirkətləri gündəmə gəldi və bu, bir qədər alışa təsir göstərdi. Amma sonradan lizinq şirkətlərinin vergi məsələsi gündəmə gəldi. Məlum oldu ki, bu şirkətlər ƏDV ödəməlidirlər. Ona görə onlar avtomobil bazarından geri çəkildilər. Nəticədə ölkəyə avtomobil idxalı əhəmiyyətli dərəcədə azaldı. Onun ardınca neftin ucuzlaşması baş verdi. Məhdudlaşdırıcı tədbirlər və neftin ucuzlaşması maşın bazarının son iki ildə azalmasına gətirib çıxardı.

Xəyal