Hakimiyyətin AXCP ilə bağlı daha bir yalanı ifşa olundu

Partiyadan istefa verənlər” əslində kimlərdir?
 

Azərbaycan hakimiyyəti AXCP-yə qarşı “Razi Nurullayev əməliyyatı”nın pərtliyini yaşayır. Bu əməliyyatın partiyaya heç bir təsirinin olmadığını, cəmiyyət tərəfindən ironiya ilə qarşılandığını, hər kəsin baş verənləri iqtidarın təxribatı kimi qiymətləndirdiyini görən hakimiyyət nəzarətində olan media orqanlarında AXCP-dən “istefalar” barədə dezinformasiyalar dərc etdirir. Artıq hakimiyyətin bir neçə belə yalan məlumatı ifşa olunub. Lakin buna baxmayaraq iqtidar özünü biabır etməkdə davam edir. Dünən də hakimiyyətin nəzarətində olan qəzetlərin birində növbəti belə yalan məlumat dərc olunub. Məlumatda iddia olunur ki, AXCP Sumqayıt şöbəsinin bir qrup üzvü partiyadan istefa verərək Razi Nurullayevin tərəfinə keçib. Həmin şəxslər aşağıdakılardır: Şakir Məmmədov, Məmmədyar Məmmədov, Bəhrəm Qasımov, Imran Muradxanov, Mübariz Ağaməmmədov, Əvəz Məmmədov, Allahverdi Zeynalov, Rövşən Muradov və Elşən Muradov.
 
AXCP təşkilat şöbəsinin müdiri Saqif Qurbanov “Azadlıq”a bildirib ki, adıçəkilən şəxslərin heç birinin partiyaya dəxli yoxdur. “Şakir Məmmədov isə KXCP-nin üzvü olub. Bir müddət də KXCP Sumqayıt şəhər şöbəsinin sədri olub”, – deyə Saqif Qurbanov bildirib.
 
AXCP Sumqayıt şöbəsindən Ali Məclisin üzvü Mahir Qulubəyli və şöbənin Məclis sədri Ülvi Quliyev də “Azadlıq”a bildiriblər ki, adıçəkilən şəxslərin heç biri şəhər şöbəsinin dayaq dəstəslərindən hər hansı birində qeydiyyatda olmayıblar. Onlar bu məlumatın yalan olduğunu öz facebook hesablarında da bəyan ediblər.
 
“Yeni xurafat yenə də ənənəsinə sadiq qalaraq, yalan məlumat yayıb ki, AXCP Sumqayıt şöbəsinin bir neçə üzvü Razi Nurullayevin dəstəsinə qoşulub.
Mən, Ülvi Quliyev, AXCP Sumqayıt şöbəsinin sözçüsü olaraq bəyan edirəm ki, o adamların bizim şöbəylə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Bu məlumat məqsədyönlü olaraq partiyamızı gözdən salmaq məqsədi daşıyır. Bu yalan məlumatı yayanlar və Razi kimilər qeyri-ciddi insanlardı və niyyətlərinin arxsında öhdəliklər və şəxsi məqsədlər durur”.
 
Bu gün Yeni Müsavat” qəzetində güya AXCP Sumqayıt şəhər şöbəsindən bir qrup partiya üzvünün (bu yerdə adlar sadalanır – red.bəyanat verərək Razi Nurullayevin dəstəsinə qoşulduqları barədə məlumat getmişdir. Mən, Sumqayıtdan AXCP Ali Məclisinin üzvü Mahir Qulubəyli bəyan edirəm ki, adları keçən şəxslərin heç biri AXCP Sumqayıt şəhər şöbəsində heç bir dayaq dəstəsində qeydiyyatda olmamışdır və bu adamların AXCP Sumqayıt şəhər şöbəsinə heç bir aidiyyəti yoxdur. Şakir Məmmədovu isə şəxsən tanıyıram, bu şəxsı mən də, sumqayıtlılar da KAXCP Sumqayıt şəhər şöbəsinin sədri kimi tanıyırıq.
 
Beləliklə, göründüyü kimi hakimiyyət artıq KXCP üzvlərini AXCP-dən istefa verməyə məcbur edir. Belə getsə bu partiyanın sədri də AXCP-dən istefa verə bilər. Hətta mümkündür ki, hakimiyyət YAP-çıları da AXCP-dən istefa verməyə səfərbər etsin. Niyə də olmasın? 600 min YAP-çı var. Onun 100 mini AXCP-dən istefa versə, YAP-a nə olacaq ki? Heç nə. Amma 100 min YAP-çının istefası ilə AXCP-nin dağılması barədə hay-küylü açıqlamalar vermək olar.