Bəxtiyar Sadıqovun “daşdan keçən” arqumentləri

Yaxud, «Azərbaycan» qəzetinin 11 yaşlı təsəllisi

Axır ki, “Azərbaycan” qəzetinin mandatlı redaktorunun sayəsində də stressdən uzaqlaşa bildik. Bəli, Bəxtiyar Sadıqov “Azadlıq” qəzetinin haqlı tənqidlərinə cavab vermək üçün silaha sarılıb. Kaş sarılmayaydı, çünki bütün “güllə”ləri özünə qayıdıb. Bəxtiyar Sadıqov öz aləmində bizim yazdıqlarımızda səhv tutmaq istəyib və nəticədə ironik vəziyyətə düşüb.

“Azadlıq”ın səhiyyə sahəsindəki bərbad vəziyyətilə bağlı arqumentlərinə Bəxtiyar Sadıqov belə cavab verir: “2004-cü ilin mart ayında ”Azərbaycan" qəzeti səhiyyədəki nöqsanlardan yazıb". Tam səmimiyyətlə deyirəm ki, baş redaktorun bu “cavab”ı mətbuat tarixinin “şedevr”i sayıla bilər. Bəli, Bəxtiyar Sadıqov qəzetin saytında “search” verib və nəticələr 11 il əvvəli göstərib. Deputat-redaktor etiraf edir ki, “Azərbaycan” qəzeti ölkənin ən problemli sahəsinə 11 əvvəl “müdaxilə” edib. Bu qədər ciddi məsələyə, bu qədər satirik cavab verdiyinə görə müəllifə təşəkkür də düşür.

Ardınca müəllif yazır ki, bu qədər diaqnostika mərkəzlərinin, poliklinikaların, xəstəxanaların tikilməsi, təmir olunması səhiyyənin inkişafına xidmət edir. Bir qayda olaraq hökumət təmsilçiləri ölkədəki inkişafı tikinti ilə əlaqələndirmək istəyir. Amma bütün dünya da, ölkə vətəndaşları da bilir ki, tikintilər hökumətin korrupsiya layihələridi. Digər tərəfdən bu diaqnostika mərkəzləri, xəstəxanalar səhiyyənin səviyyəsini göstərirsə, ölkə vətəndaşı niyə Gürcüstana, Irana pənah aparır? Niyə,  hökumət komandasında təmsil olunanlar yerli səhiyyəyə etimad etmir? Xalq artisti Habil Əliyevin müayinəsi üçün Türkiyədən həkim gətirdilər. Niyə yerli səhiyyə bu qədər aciz durumdadır?

Dərmanların qiymətinin endirilməsinə gəlincə, müəllifə xatırlatmaq istəyirik ki, ölkədə 4500 adda dərman satışa çıxır və bu dərmanlardan yalnız 250-sinin qiymətində endirim ediləcək. Deputat-redaktora onu da xatırlatmaq istəyirik ki, ölkə başçısı səviyyəsində nəzarət olunan məsələyə 5 faiz əməl olunması biabırçılıqdı. Yəqin, dərman biznesinin kimlərin monopoliyasında olduğunu Bəxtiyar müəllim yaxşı bilir.

Daha sonra baş redaktor bizi obyektiv olmamaqda, qərəzdə ittiham edir. Müəllifə xatırladaq ki, qərəz, qeyri-obyektivlik haqqında məhkəmə hökmü olmayan insanlar haqqında şər-böhtan tirajlamaqdı. Aylardı “Azərbaycan” qəzetində Leyla Yunus, Xədicə Ismayıl və digərləri haqqında “vətən xaini”, “ermənipərəst” kimi ifadələr işlədilir. Bir millət vəkili kimi hüququn nə olduğunu bilmirsizsə, hüquqşünas həmkarlarınızdan soruşun.  Sizin jurnalist etikanız, haqqında məhkəmə hökmü olmayanları “cinayətkar” adlandırmaqda ifadə olunur?

Mandatlı müəllif təhsildəki nöqsanlardan yazdığımıza görə də bizi ittiham edib və bu sahədə atılan addımları görməməkdə qınayıb.

Əvvəla, baş redaktora xatırlatmaq istəyirik ki, təhsildəki ağır vəziyyət statistik rəqəmlərdə var və arabir bu rəqəmlərə nəzər salsın. Digər tərəfdən sizin ideoloqunuz, akademikiniz, rəhbəriniz Ramiz Mehdiyev etiraf etdi ki, Prezident administrasiyasına işə götürmək üçün savadlı kadr tapa bilmirlər, Elmələr Akademiyası bazara çevrilib, samballı elmi əsərlər yazılmır, elmi adlar tapşırıqla verilir və.s Indi Bəxtiyar Sadıqov rəhbərini təkzib edir? Belə çıxır ki, Ramiz Mehdiyev də erməniləri sevindirir?

Bəxtiyar Sadıqov məqalənin davamında daha bir “şedevr”ə imza ataraq yazır: “10 ildir ki, ölkə başçısı  Azərbaycanın neftsiz dövrə hazırlanması ilə məşğuldur”.

Deyəsən bu adamın iqtisadiyyatdan da xəbəri yoxdur. “Azərbaycan” qəzetinin son səhifəsindəki başsağlığı xəbərlərini saymaqdansa, iqtisadi göstəricilərə nəzər yetirin, cənab redaktor.

Bugün Azərbaycanın 20 milyardlıq büdcəsinin 10 milyardı birbaşa neftdən gələn pul hesabına formalaşır. Vergidən daxil olan vəsaitin isə 32 faizi neft pulları ilə bağlıdır. Azərbaycanın neftsiz ixracatı cəmi 1.7 milyarddır. ÜDM-in 26 milyardı neft sektorunun payına düşür. Ölkəmizin ümumi ixracatının 94,5 faizi neft və neft məhsullarından ibarətdir.ÿOnu da qeyd edək ki, Ermənistanın ixracatı 1.4 milyarddır. Yəni, Azərbyacanın neftsiz ixracatından cəmi 300 milyon azdır. Belə çıxır ki, ölkə başçısının 10 illik hazırlığı Azərbaycanı Ermənistanın səviyyəsinə çatmağa xidmət edib.

Daha sonra müəllif qeyd edir ki, Azərbaycandakı uğurları bütün dünya görür və təqdir edir. Əgər belədirsə, niyə gecə-gündüz “dünya bizə paxıllıq edir”, “Azərbycana qarşı kampaniya aparılır”, “Bizə təzyiqlər artıb” kimi mesajlar verirsiz?  Dünya sizi necə təqdir edir ki, Avropa Parlamenti, ATƏT, AŞPA, Almaniya, Amerika, nüfuzlu nəşrlər, beynəlxalq hüquq müdafiə təşkilatları bu hakimiyyəti tənqid atəşinə tutur?  Bugün YAP hakimiyyəti bütün demokratik dünyadan təcrid olunub. Indi sizi yalnız erməniyə atalıq edən Rusiya təqdir edir. Çünki, Rusiyanın ermənipərəstliyini alqışlayırsız.

Sonda qeyd etmək istəyirik ki, “Azadlıq” qəzeti “Azərbaycan”dan fərqli olaraq həftənin 5-ci günləri aparata gedib sifariş götürmür. Bizim ağamız da, nökərimiz də özümüzük. Çirkli pullara gəlincə, hamının varı göz qabağındadır. Dövlətin sərvətin oğurlayanlar da, halal zəhmətini yeyənlər də aydın görünür. Bizim pulumuza tamah  salan da Bəxtiyar Sadıqovun partiyadaşı və deputat həmkarıdı. Əslində “Qasid” firmasının “Azadlıq”a qarşı etdikləri bu hakimiyyətin mahiyyətini ifadə edir.

Birdə Bəxtiyar Sadıqova xatırlatmaq istəyirik ki, şəxsiyyət vəsiqəsində “azərbaycanlı” yazılması hələ vətəndaş olmağın göstəricisi deyil. Gərək, təfəkkürdə, ürəkdə, əqidə də azərbaycanlı olasan. Ölkə vətəndaşını, ölkənin yeganə müstəqil qəzetini “ermənipərəst” adlandıran millət vəkilinin vəsiqəsində nə yazılması önəmli deyil. Əsas odur ki, “Azərbaycan” qəzeti 2004-cü ildə tənqidi məqalə yazıb.

P.S Jurnalistika, mətbuat məhz ölkədəki nöqsanları üzə çıxarmaq üçün lazımdı. Məddahlıq, yaltaqlıq, şər – böhtan isə anti-insaniliyin göstəricisidir.

Akif