Britaniyanın xarici işlər naziri Həsən Ruhani ilə görüşdü

Britaniyanın xarici işlər naziri Filip Hammond Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdən əvvəl verdiyi açıqlamada o deyib ki, Britaniya İranla yaxşı əlaqələr üçün çalışmaqda haqlıdır, amma ehtiyatlı olmalıdır.

"Uzun müddət davam edən inamsızlığa baxmayaraq, İran həddən artıq mühüm ölkədir və təcrid olunmamalıdır”, – deyə Hammond qeyd edib.

BBC Radio 4-un Today proqramına danışan XİN başçısının sözlərinə görə, iki ölkə həmçinin İŞİD-ə qarşı mübarizə aparmaq üçün birlikdə işləyə bilər.

Hammond deyib ki, Britaniya ilə İranın çətin tarixi olsa da, əlaqələr yaxşılaşmaqdadır və diplomatik əlaqələrin yenidən başlaması irəliyə doğru addımdır.

"Bəli, biz ehtiyatlı olmalıyıq. Hər iki tərəf arasında uzun müddət davam edən inamsızlıq var və bəzi sahələrdə siyasətimiz çox fərqlənir. Amma bu o demək deyil ki, biz danışmamalıyıq. Biz Əfqanıstandan Avropaya opium nəqlinin qadağan edilməsi barədə eyni fikirdəyik. Biz İŞİD-ə qarşı çıxmağın lazım olması barədə eyni fikirdəyik", – deyə nazir qeyd edib.

Nazir İranın insan haqları tarixçəsi kimi mübahisəli məsələlərə göz yummadıqlarını bildirib. Amma onun sözlərinə görə, Britaniya bu ölkənin liderlərilə dialoqa başlamasa, bu məsələlərə təsir göstərə bilməyəcək.