
Hakimiyyətin AXCP-yə qarşı “Razi əməliyyatı” hər keçən gün daha ciddi faktlarla ifşa olunur. Razi Nurullayevin hakimiyyətdən aldığı böyük pullar müqabilində cəbhəçi ovuna çıxaraq, partiyanı parçalamaq tapşırığını yerinə yetirdiyinə dair ortaya çıxan son rüsvayçı fakt onun özünü də çox pis vəziyyətdə qoyub. AXCP üzvü Elçin Həsənov özünü Əli Kərimlinin əleyhdarı kimi təqdim edərək, Razi Nurullayevlə pul sövdələşməsinə gedib və sonda onu ifşa edib. Elçin Həsənov bütün bunlar barədə özünün “facebook” səhifəsində ətraflı məlumat yayıb:

“Dostlar, sizə Razi Nurullayevin cəbhəçi ovuna çıxması barədə bir gülməli əhvalat danışım, kefiniz açılsın.
Deməli, bir neçə gündür, Razi Nurullayev mənə elçi göndərib partiyadan istefa verməyə çağırırdı. Mən də bunun bir oyun olduğunu bildiyimdən və oyunun axırına çıxmaq üçün Razinin ofisində onunla bir neçə dəfə görüşdüm. Razi dedi ki, mənə hakimiyyət yaxşı pul verib ki, AXCP-ni parçalayım. Sən də AXCP-dən istefa verib, Əli Kərimlini söysən, sənə yaxşı pul verəcəm. Ilkin olaraq, sənə 500 manat pul verəcəm. Bundan sonra başladı Əli Kərimlini mənim gözümdən salmağa. Mən də bunlar kimi girdim rola və dedim ki, istefa verirəm, sadəcə, iki şərtim var.
Birinci, mənim haqqımda qaldırılan saxta cinayət işini təmsil olunduğun hakimiyyət ləğv eləsin.
Ikinci, mənə filan qədər pul verəcəksən. Summanı özüm demirəm ki, qoyun, komersiya sirri olsun)))
Nə isə, bu gün Razi məni ofisə çağırdı, “Müsavat” qəzetində sabah çıxacaq bir ərizə yaz ki, bəs mən AXCP-dəki diktaturaya etiraz əlaməti olaraq Əli Kərimlinin rəhbərliyinə etiraz edib, Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayının Təşkilat Komitəsini (EQTK) dəstəkləyib, onun yaratdığı EQTK adlı təşkilata keçəcəm. Mən də özümü avamlığa və satqınlığa vurub, bu yalançı istefa ərizəsi verəcəyimi yazıb, ondan istədiyim məbləği aldım. Raziyə də dedim ki, sabah bu istefa ərizəsi esl şok effekti yaradacaq sizdə. Mənim sözümü özünün bildiyi kimi anlayıb güldü. Mən də hakimiyyətin Razi əməliyyatına, necə deyərlər, yaxşı bir zərbə vurub, bu məsələni ictimailəşdirib, dostlarıma burada çatdırıram ki, hakimiyyətin AXCP-ni dağıtma oyununa heç kim qoşulmasın. Qoşulursunuzsa da, Raziyə söz verib, onun etdiyi qara işləri mənim kimi belə ifşa edin. Indi Razinin bunu oxuyanda nə günə düşəcəyini mən indidən təsəvvür edirəm.
Bu öz aləmində məni, neçə ildir siyasətdə can qoyan insanı aldatmaq istəyirdi. Və ataların bir misalındakı kimi, cəhənnəmə gedən Razi özünə dost axtarırdı.
Onu da qeyd edim ki, Razi dönə-dönə mənə deyib ki, hər adama görə də Rauf Arifoğluya pul verirəm".