Xədicə gerçəkdən qatildi…

Xədicə İsmayıla prokuror 9 il iş istəyib. Niyə, Xədicə kimi öldürüb? Tural Mustafayev adlı vətəndaşı intihara sürükləyib, yəni onun ölməsini istəyib.

Bumu yəni, bir qadını  sübut olunmayan ittihamlamı 9 il azadlıqdan məhkum edəcəklər? Məsələyə bu qədər sadə və zahirdən baxmayın. Xədicə əslində, bir Tural Mustafayevi intihara sürükləməyib, ağlınıza gəlməyən qədər çox şəxs bu jurnalist qadının intihar təşəbbüsü sevdasına qurban ola bilərdi.  

Niyə dövlət başçısı bu jurnalist qadının həbs olunamasında bu qədər maraqlıdır? Niyə YAP iqtidarında bir nəfər də olsun  çəsarət edib demir ki,  bu qadını nə üçün həbs edirsiniz?

Deməz, çünki Xədicə bu iqtidarda təmsil olunan, olunmaq üçün əldən gedən hər kəsin içində kök atmış ədalətsizliyi intihara sürükləmək istəyirdi.

Xədicə araşdırmalarında bu xalqdan oğurlananları aşkara çıxarıb oğruların içindəki oğurlamaq istəyini öldürməyə çalışırdı. Oğurluğun əxlaqsızlıq olduğunu deyib, həyadan yoxsul olanların az da olsa utanmasını, ürəklərində yuva salmış arsızlıq və utanmazlığı inthara sürükləmək istəyirdi.

Bu ölkədə az qala hər gün mediyada danışıb, heç bir qabiliyyət sahibi olmadan, heç olduqları halda hər şey olanlar Xədicəni müdafiə edərmi sizcə?

Səyavuş Novruzov Xədicəni niyə müdafiə etsin ki? Axı içindəki nəhəng yalan və qaralama potensiyalı ilə “hər şey” olmuş bu şəxs onu bu imkanlardan məhrum etmək istəyən bir qadını niyə müdafiə etsin? Səyavuş Novruzovun içindəki ponetsiyalın üzərinə öz həqiqəti ilə siçan dərmanı “töküb” intihara sürükləyən Xədicənin varlığı bu şəxsin “hər şey” olmasına təhlükədir çünki…

Ya da Qənirə Paşayeva Xədcəni müdafiə edərmi? Özü də jurnalist işləmiş bu deputat qadına görə də  Xədicə günahkardır. Ona gərə ki, Qənirə Paşayevanın illər öncə satdığı qələmin şərəfini qoruyub onu bazarlıq predimetinə cevirmədi. Xədicə jurnalist prinsipiallığı ilə Qənirə Paşayevanın  qələmlə mandat bazarlığı etməsi eşqini intihara sürükləyirdi.

Bəlkə Bahar Muradova? Niyə etsin? Axı Xədicə onun içindəki kin və hikkənin, bu ölkədə məhv edilən qadınların həyatını soyuqqanlı izləyə bilmək qabiliyyətinin ölməsini istəyirdi.

Aydın Mirzəzadə edərmi? Yox, heç ağlınızın ucundan belə keçirməyin. Etməz..

Xədicə onun da düşmənidir. Çünki Xədicə üçün ya hər şey olmaq vardı, ya heç nə. Yarımçıqlığı öldürmək, intihar etməyə sürükləmək qədər qəddardı Xədicə…

Bu ölkədə media tör-töküntüsünə çevrilib iqtidara müxalif olanları öz aləmində təhqir etməklə “mən də varam və satılıram” deyən “dialoqşünaslar” var. Məsələn, Elşən Musayev kimiləri müdafiə edərmi Xədicəni?! Heç etməz, belələrinin içindəki alverçilik ehtirasının üstünə azmı qaynar su töküb Xədicə?

Bəlkə ümidinizi Fazil Mustafaya bağlayasınız? Bağlamayın, bu ümid suya düşüb ordan sağ çıxmayacaq, əmin olun… Çünki illər öncə öz siyasi intiharını edən Fazil Mustafa bunun acısını unutmayıb və Xədicənin varlığı ona bu acını unutmağa imkan vermir.

Xədicənin məhkəməsində ittihamçı olan Ramazan Hadiyev və hakim Ramella Abdullayeva niyə bu qadına qarşı ədalətli olsunlar ki? Məgər illərdir Xədicə belələrinin acizliyinə, ələ baxanlığı, buyruq qulu, kölə olmasına düşmən deyilmiydi?

Xalqa gəlincə… Etmədi, çünki jurnalist xanım bu xalqın içində kök salmış qorxunun, laqeyidliyin və vecsizliyin ölməsi üçün az qala özünü qurban verməyə belə hazırdı.

Əlinizi üzün. Bu ölkədə Xədicəni müdafiə edən olmayacaq. Çünki Xədicə iqtidarda olanların, özünü bazara çıxaran və çıxarmaq üçün bu gün əldən gedənlərin, öz qorxusunda rahatlıq tapan xalqın vicdan gücgüsdür.

Böyüklüyə dəvət olunma kiçik olduğuna işarətdir.

Bu ölkədəsə kimsə öz gerçəyini görüb qəbul etmək istəmir.  Xədicəsə bu ölkədə hakim olan ədalətsizliyi, haqsızlığı, qanunsuzluğu, harınlığı, namərdliyi, murdarlığı intihar etməsi üçün daima öz dürüstlüyü və haqq sevərliyi ilə “zəhərləyirdi”…

Yəni Xədicə bu qədər böyük “günaha” sahibdir.

Bunu özü də bilirdi və elə bu üzdən də “Bəs niyə belə az?” deyib bu acizlərə öz "amansızlığı" ilə ölüm hökmü oxudu.