elnurastanbeyli@gmail.com
Dünən Zığ kəndinin sakinləri aksiya keçiriblər, aksiyanın səbəbi də onların 23 ildir içməli suya həsrət qalmalarıdır. “Analoqsuz inkişaf”ı, “regionun lider dövləti”ini görürsünüz – 23 ildir paytaxtın qulağının dibindəki kənddə içməli su yoxdur!
Bu haqda xəbərdə maraqlı bir məqam da vardı, sən demə, kənd sakinləri bu il Avropa Oyunlarından bir neçə gün əvvəl də aksiya keçirib içməli su tələb ediblər, həmin vaxt kəndə su çəkiləcəyinə söz verilib. Sözə əməl də edilib – kəndə su xətti çəkilib, amma çox az bir hissəsinə. Yeni çəkilən su xətti yarıda dayandırılıb. Sakinlərin indiki etirazı da elə buna olub.
Onlarla görüşə isə “Azərsu” ASC-nin tikinti departamentinin rəsi gəlib, deyib ki, su xəttinin yarımçıq qalmasına səbəb ayrılan vəsaitin bitməsidir. Komediyanı görürsünüzmü? Belə çıxır, bunlar ya su xəttini heç bir layihəsiz çəkiblər – çünki ortada hər hansı layihə olsa, məntiqlə onun qiymətləndirməsi, yəni büdcəsi də olmalıdır, nə qədər vəsait xərcləndiyi bilinməli və ona görə başlanılmalıdır, ya da büdcə məlum olub, sadəcə basıb yeyiblər, iş də yarımçıq qalıb. Hər iki versiya ağlabatandır, ona görə ki, ikisi də yaptokratların iş prinsiplərinə uyğundur.
Sözügedən xəbərdəki daha bir maraqlı detal: “Azərsu”nun departament rəisi sakinlərdən biri ilə dialoqunda ondan aralı durmasını tələb edib. Səbəb olaraq isə kənd sakinindən iy gəlməsini göstərib!
Biz bilirik ki, camaatımızın çimmək problemi var. Bununla hər addımda rastlaşmaq olar. Yay gəldi, marşrut avtobuslarında, metroda tər qoxusundan baş çatlayır. Iki ay əvvəl Bakı-Qazax avtobusunda rayona gedirdim. Zəhmətkeşlərdən biri ayaqqabılarını çıxardığı üçün öldürücü iy ivtobus salonunu başına götürmüşdü. Əleyhqazsız keçinmək mümkün deyildi. Sürücünün və sərnişinlərdən bəzilərinin xəbərdarlığına baxmayaraq, zəhər saçan ayaqların yiyəsi kim idisə, camaatın canına qəsd etməkdə israrlı idi. Axırda sürücü avtobusu saxladı, dedi ki, həmin adam ayaqqabılarını geyməsə, sürmək fikri yoxdur. Yalnız bundan sonra naməlum zəhmətkeş inadından döndü.
Bir sözlə, mən “Azərsu” çinovnikinin iradını anlayıram. Bəzən həqiqətən vəziyyət dözülməz olur, pis qoxular öldürücü həddə çatır. Amma heç bir halda bir vəzifəli şəxsin sadə vətəndaşla bu cür davranmaq, onu hər kəsin gözü önündə pərt etmək haqqı yoxdur.
Digər tərəfdən, məsələ burasındadır ki, hansısa vətəndaşdan gələn iyə dözməyən azərbaycanlı məmurdan da korrupsiya iyi də gəlməməlidir! O da təmiz olmalıdır, əli çirkli pullara bulaşmamalıdır.
Bəyəm deməyə ehtiyac varmı ki, bizdə vəzifəyə can atmaq xalqa xidmət arzusundan doğmur. Burnu fırtıqlı bağça uşağı da bilir ki, Azərbaycanda vəzifəyə pul iyinə görə gəlirlər. Elə isə zəhmət çəksinlər, hansısa vətəndaşdan gələn iyə də dözsünlər.
Yeri gəlmişkən, “Azərsu”nun hər hansı işçisinin ümumiyyətlə, kiməsə iylə bağlı irad tutmaq haqqı yoxdur. Əvvəlcə onu deyin görək, əyalət bir yana, niyə Bakının özündə belə, hələ də fasiləsiz su yuxudur, xəyaldır? Yayın cırhacırında camaata qrafiklə su verib, sonra hansı haqla kiməsə “məndən aralı dur, səndən iy gəlir” deyə bilirsiniz? O iy bir az da sizin illərdir vətəndaşların fasiləsiz su problemini həll edə bilməməyinizin nəticəsidir.
Və sonda: bu yaxınlarda santexnik işləri ilə məşğul olan bir tanışım bir məmurun villasında hamamlardan danışırdı. Üçmərtəbəli villada nə az, nə çox, düz 6 hamam varmış, üstəlik, hər hamamın təkcə aksessuarlarının dəyəri 7-8 min manatdan aşağı deyilmiş. Həmin məmurun aylıq maaşı isə 700-800 manat ola, ya olmaya. Bir sözlə, xalis korrupsiya iyi, rüşvət, haram qoxusu. Və Azərbaycansayağı absurdun pik nöqtəsi – çirkli pullarla kirə çıxmaq istəyi!
Dediyim odur ki, lüks hamamlarda, həm də gündə lap 5 dəfə də çimmək olar. Ancaq çifayda. Bəzən elə kirlər, çirkablar, pis qoxular olur ki, duş altında saatlarla oturmaq nədi, heç onun üstünə Kürü, Arazı döndərsən də yuyulub, təmizlənib getməz.