“Xədicə saxta ittihamların növbəti qurbanıdır”

Beynəlxalq aləm prokurorun jurnalistə 9 il həbs cəzası istəməsinə kəskin reaksiya verdi

«Sərhədsiz Reportyorlar»: «Bu, o dərəcədə qəzəbləndirici və mənasızdır ki…»

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində prokurorun araşdırmaçı jurnalist Xədicə Ismayıla 9 il həbs cəzası istəməsinə dərhal beynəlxalq təşkilatlardan reaksiya gəlib.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks “Turan”a açıqlamasında bildirib ki, prokurorun Xədicə Ismayılın 9 il azadlıqdan məhrum edilməsini təklif etməsi kədərləndirici, amma gözlənilən xəbərdir.

“Xədicə Ismayıl saxta ittihamlarla cinayət təqibinə məruz qalan fəallar və jurnalistlərin uzun siyahısında növbəti qurbandır”, – deyə Avropa Şurasının komissarı bildirib.

Mujnieks məhkəməni prokurorun təklifini qəbul etməməyə və beynəlxalq normalara riayət etməyə çağırıb: “Bu, Azərbaycanın ədalətli mühakimə sisteminə etibarın bərpa edilməsinə yol aça bilər”.

“Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalistləri müdafiə təşkilatı da prokurorun Xədicə Ismayıl barəsində çıxışını pisləyib.

“Bu, o dərəcədə qəzəbləndirici və mənasızdır ki, açıq-aşkar siyasi olan bu proses bir il əvvəl başlamış müstəqil KIV-in təqibi dalğasının rəmzinə çevrilir”, – deyə “Sərhədsiz Reportyorlar”ın baş katibi Kristof Delor bildirib.

O, beynəlxalq ictimaiyyəti Ismayılın işi üzrə prosesi pisləməyə, Azərbaycan hökumətindən beynəlxalq öhdəliklərin icrasını, jurnalistin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etməyə çağırıb: “Qapalı proses keçirilməsi açıq-aşkar ədaləti təkzib etmək məqsədilə düşmənçiliyin nümayişi oldu. Ismayılı tezliklə barmaqlıqlar arxasına göndərmək üçün hakimlər, demək olar ki, müdafiə tərəfinin bütün vəsatətlərini təmin etmir, ittihamın absurdluğunu ifşa edən dəlillər təqdim etmək cəhdlərinin qarşısını alır”.

O, qeyd edib ki, Ismayılın ailəsinin və dostlarının məhkəmə zalına girişi yer olmaması bəhanəsilə məhdudlaşdırılıb. Halbuki, zal xüsusi olaraq yığılmış insanlarla dolu olub.

Prokurorun çıxışını “Human Rights Watch” hüquq-müdafiə təşkilatının nümayəndəsi də pisləyib və hökuməti Xədicə Ismayılı dərhal azad etməyə çağırıb.