Dünyanı ikili standartlarda ittiham edən hakimiyyət, öz vətəndaşına qarşı niyə qərəzlidir?
Hakimiyyət bir qayda olaraq beynəlxalq təşkilatları, Qərb ölkələrini ikilistandartlarda, qərəzdə, Azərbaycana qarşı fərqli mövqe tutmaqda ittiham edir. Təbii ki, Azərbaycan hakimiyyəti siyasi məhbus məsələsinə, korrupsiyaya, seçki saxtakarlığına görə tənqid olunur və bu da bəlli həqiqətlərdi.
Yəni, Azərbaycan hakimiyyətindən tələb olunur ki, beynəlxalq öhdəliklərə əməl etsin. Hakimiyyət isə başa düşür ki, demokratik islahatlar, şəffaf seçki bu rejimin sonu deməkdir. Əvvəla ona görə ki, xalq bu hakimiyyətdən imtina edib. Digər tərəfdən bu hakimiyyət uzun illər ərzində ağır cinayətlər törədib və bu cinayətlərə görə cavab verəmli olacaq. Ən əsası isə şəffaflıq, demokratiya milyardlarla vəsaiti oğurlamağa imkan verməyəcək. Buna görə də hakimiyyət beynəlxalq aləmin haqlı iradları qarşısına özünün çürük arqumentləri ilə çıxır.
Amma gəlin elə düşünək ki, hakimiyyət haqlıdır. Doğurdan da beynəlxalq təşkilatlar, qərb ölkələri bizim məsum hakimiyyətə ləkə atır, ikilistandartlardan çıxış edir və qərəz nümayiş etdirir.
O zaman sual meydana çıxır. Əgər ikilistandartlar, qərəz bu qədər iyrənc, ləyaqətsiz əməldirsə, hakimiyyət niyə öz vətəndaşına qarşı ikilistandartlar, qərəz nümayiş etdirir? Beynəlxalq təşkilatların qərəzini başa düşmək olar. Dilimiz, dinimiz, ölkəmiz ayrıdı. Amma bu hakimiyyətin ikilistandartları birbaşa xəyanət, cinayət deməkdi.
Məsələn, bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində DIN-in Insan Alverinə Qarşı Mübarizə Idarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin işi üzrə məhkəmə prosesi keçirildi. Prosesdə hökm oxundu və Tamerlan Əsədullayev barəsində 3 il şərti cəza təyin olundu, o məhkəmə zalından azadlığa buraxıldı.
Xatırladaq ki, T.Əsədullayev Bakının Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli yaxınlığındakı “Senator” restoranında dava-dalaş salmaqda və həmin insident zamanı bir nəfəri bıçaqlamaqda ittiham olunurdu.
Üstəlik, bu general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyildi. Ötən ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünüə görə gündəmə gəlmişdi. Belə ki, Bakıda, “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən post patrul polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər. Lakin generalın oğlu onlara tabe olmamış, polisləri söymüş və onları vuraraq hadisə yerindən uzaqlaşmışdı. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir etmişdi. Xatırladaq ki, general Şərif Əsədullayev Qafqaz Müsəlmanları Idarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.
Biz, kiminsə həbs olunmasının, zindan həyatı yaşamasının tərəfdarı deyilik. Hansısa general oğlunun həbsdə qalıb qalmamasının bizə xeyir və zərəri yoxdur. Sadəcə olaraq bilmək istəyirik ki, “ikilistandartlar” deyib şüvən salan, dünyanı qərəzdə ittiham edən hökumət özü niyə ayrıseçkiliklə məşğul olur?
Necə olur ki, küçədə bir nəfərə şillə vurmaqda ittiham olunan Seymur Həziyə 5 il 6 ay həbs cəzası verilir, vətəndaşı bıçaqlayan general oğlu azadlıqda gəzir? Necə olur ki, 1 milyonluq mandat alverində ittiham olunan Gülər Əhmədova 3 il həbs cəzası alır və 1 ildən sonra azadlığa çıxır, amma ortada heç bir zərərçəkən olmadığı halda Qarabağ qazisi Asif Yusifli 7 il həbs cəzası alır? Necə olur ki, milyonlarla vergi borcu olan iri şirkət rəhbərləri azadlıqda gəzir, amma “vergidən yayınma”da ittiham olunan Intiqam Əliyev, Anar Məmmədli və digərləri ən ağır cəzaya məhkum edilir?
Bu necə hüquqdur, qanundur, məhkəmədir ki, vəzifəli adamlara, hökumətdə təmsil olunanlara humanist, kasıb-kusuba, haqqının tələb edənə, müxalifət fəalına qarşı qəddar olur?
Azərbaycan hakimiyyətinin humanistliyi adam bıçaqlayanı həbsdən azad edib, adamları sevənləri həbsə salmaqdan ibarətdir.
Əslində hakimiyyətin “humanist”liyinə yüzlərlə nümunə göstərmək olar. Amma 1-2 fakt da kifayət edir ki, qərəzin, ikilistandartların zirvəsində məhz hakimiyyətin oturduğu sübut olunsun. Bu faktlar da göstərir ki, hakimiyyət öz vətəndaşına qarşı acımasızdır, sadə insanların taleyi bunlar üçün önəm daşımır və qanun adı altında insanların həyatın zəhərləməklə məşğuldular.
Akif