Daxili İşlər Nazirliyi artıq hüquq-mühafizə orqanı olmaqdan çıxaraq, işgəncə orqanına çevrilib
Milli Şura sədri Cəmil Həsənli Mingəçevir polisində 27 yaşlı gəncin ölümü fonunda Azərbaycanda polis özbaşınalığı haqqında fikirlərini paylaşıb. Onun facebook səhifəsində yazdığını təqdim edirik:
“Bu yaxınlarda Bakıda idmançılar tərəfindən döyülərək öldürülmüş 30 yaşlı Rasim Əliyevin qırx mərasimi çıxmamış avqustun 20-də Mingəçevirdən 27 yaşlı gənc Bəhruz Hacıyevin şəhər polis idarəsində vəhşicəsinə döyülərək öldüyü haqda məlumat yayıldı.
Baş vermiş ölüm hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində şəhər polis şöbəsinə gətirilib: “İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.
Amma yayılan məlumatlar hadisə ilə bağlı nazirliyin açıqlamasının doğru olmadığını göstərir. Yeri gəlmişkən cənab Zahidov ictimaiyyətə yalan məlumat vermək məsələsində artıq ustalaşıb. Hələ, 2014-cü ilin oktyabr ayının 2-də o, belə bir yalan məlumatı mənim qızım Günel Həsənli barədə yaymışdı. Onun nazirliyin adından yaydığı məlumatda göstərilirdi ki, guya Günel Həsənli törətdiyi yol nəqliyyat hadisəsini polis orqanlarından gizlətmişdir. Biz hadisə yerində olan polis işçilərinin, habelə zərərçəkmiş 86 yaşlı Ədilə Səlimovanın Mirqasımov adına xəstəxanada müayinə zamanı onun başı üzərində dayanan çevik polis alayı əməkdaşının fotolarını ortaya qoyandan sonra DİN əməkdaşları bu iddiadan çəkilib Məhkəmə Tibbi Ekspertizanın rəyini saxtalaşdırmaq yolu tutdular. Digər tərəfdən bu hadisənin araşdırılması zamanı sənədlərdən aydın oldu ki, polis elə həmin gün hadisədən məlumatlı olub və bu barədə xəstəxanadan polis orqanlarına telefon zəngi daxil olub. Verdiyi yalan məlumata görə cənab Zahidov ictimaiyyətdən üzr istəməyi belə lazım bilmədi.
İndi Bəhruz Hacıyevin ölümü ilə bağlı DİN-in mətbuat xidmətinin açıqlamasında göstərilir ki, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Lakin Bəhruzun cəsədinin meyitxanadan çəkilmiş şəkillərində işgəncə izləri o qədər aşkar görükür ki, bunu müəyyən etmək üçün DİN əməkdaşı və ya tibb eksperti olmağa ehtiyac yoxdur. Fakt göz qabağındadır. Hadisə polis idarəsində baş verib. Hətta Bəhruz özünü idarənin pəncərəsindən atıb intihar edibsə də, yenə bunun məsuliyyəti polis orqanlarının üzərindədir. Bir tərəfdən adamı intihar həddinə çatdırıblar, digər tərəfdən inzibati qaydada küçədə saxlayıb polis idarəsinə gətirdikləri vətəndaşın təhlükəsizliyini təmin etməyiblər. Bəhruzun cibində ona məxsus olan bütün əşyaları, pulu polis idarəsində “intihardan” əvvvəl alıb stolun üzərinə qoyublar. Onu morqa (meyitxanaya) cibində kiçik bir kağız bükülüsü ilə yola salıblar. Yəqin narkotika ittihamı qoymaq istəyiblər Bəhruzun üzərinə. Sadəcə, qəfil “intihar” çaşqınlıq yaratdığından kağız bükülüsü Bəhruzun cibində gedib meyitxanaya.
Bir tərəfdən Bakı Ağır Cinayətlər məhkəməsində Xədicə İsmayılova adamı intihara cəhd həddinə gətirmək ittihamı ilə mühakimə olunur, o biri tərəfdən DİN orqanları Mingəçevir polis idarəsinin pəncərəsindən özünü “atıb intihar” etmiş 27 yaşlı gəncin üzərində zorakılıq əlamətlərinin “aşkar edilmədiyini” bəyan edir. DİN-in açıqlamasından belə məlum olur ki, Bəhruz Hacıyev intihar etmək üçün ayrı münasib bir yer tapmayıb və ona görə şəhər polis idarəsində bu niyyətini həyata keçirib.
Yox, keçməz, cənab Zahidov. Təmsil etdiyiniz nazirlik artıq çoxdan kriminallaşıb. Bu nazirliyin bətnindən Hacı Məmmədovun bandası çıxıb. Banda demişkən bəlkə siz nazirliyin tabeçiliyində olan “Bandotdel”də Azərbaycan vətəndaşlarının başına hansı oyunlar açılmasından xəbərsizsiniz? Kiçik istisnalarla DİN artıq bir neçə ildir ki, hüquq-mühafizə orqanı olmaqdan çıxaraq, işgəncə orqanına çevrilib. Son illərdə peşəkar kadrların nazirlik sistemindən uzaqlaşdırılması, Hacı Məmmədov bandasına qarşı mübarizə aparmış polis əməkdaşlarının işdən azad edilməsi, onların yerinə peşə hazırlığı olmayan, bir sıra hallarda isə kriminal əməllərə qatqısı olan şəxslərin gətirilməsi Bəhruz kimi gənclərin döyülüb öldürülməsi ilə nəticələnməli idi. Bəhruz polis idarəsində işgəncədən həyatını itirmiş gənclərdən biridir. Amma minlərlə, on minlərlə ölkə vətəndaşı müxtəlif polis idarəsi və bölmələrində ölkənin idarəçilik simvoluna çevrilmiş çevik alayların, müstəntiqlərin dəyənəyi altında həyatını itirib, yarımcan olub, şikəst edilib. İndi vətəndaşın polis idarə və bölmələrində döyülməsi, təhqir edilməsi, cibinə narkotika atılması adi həyat normasına çevrilib. Cənab Ramil Usubovun 20 ildən artıq DİN-ə rəhbərlik etməsi bu qanunsuzluqları doğurmalı idi, doğurdu da. Əgər nazir prezidentin göstərişi ilə həbsdə olan cinayətkarın bilavasitə küçənin ortasında azad edilməsinə göstəriş verirsə və bunu publika qarşısında deməkdən çəkinmirsə, həmin nazirdən və nazirlikdən qanuna hörmət gözləmək mənasızdır.
Bəhruzu dövlət bayrağı, prezidentin şəkili asılmış rəsmi dövlət idarəsində döyüb öldürdülər. O, nə birincidir, nə də sonuncu. Növbəti kim ola bilər? Hər birimiz. Bu şəraitdə vətəndaşın bircə işi qalır. Özünü polisdən qorumaq, cibini polisdən qorumaq, maşınını, evini, bir sözlə həyatını polisdən qorumaq. Cənab Ramil Usubovun rəhbərlik etdiyi polisdən!”.