Napoleonun və günümüzün tarixini bilmək

Min dəfə təkrar olsa da, ətrafımızda dönən böyük haqsızlıqların çoxluğun savadsızlığı, vecsizliyi və qorxaqlığı üzündən baş verdiyini yazmağa məcburuq. Kim nə deyir, desin, bu belədir. Görünən o ki, böyük çoxluq çevrəsində baş verən bunca dəhşətlərin fərqində deyil. Fərqində olsa belə, özünü korluğa və karlığa vurub. Bu vecsizlik üzündən ölkədə insan ölümü belə gündən-günə adiləşir. Dünən Mingəçevir polis şöbəsinə çağırılan 27 yaşlı gəncin 20 dəqiqədən sonra ölüm xəbəri gəlib. Olsun, deyilmi? Siz işinizə baxın, necə olsa, başqasının övladıdır, canınız yanmır, ürəyiniz parçalanmır. Görməzdən gəlib, keçib gedin. Bu görməzliyin, biganəliyin, qansızlığın bir hesabı olmazmı, düşünürsünüz? Sıra sizə gəlməzmi? Yanılırsınız, çox yanılırsınız. Kim bilir, bəlkə, həmin övladı ölən ata-ana da dünənə qədər sizin kimi düşünürdü elə…

Bütün bu faciələr nədən ayaq tutub gedir? Çevrədəki çoxluğun cahilliyindən deyilmi? Məktəb illərimizdə məşhur bir lətifə vardı. Tarix müəllimi şagirddən soruşur: “Napoleon nə zaman ölüb?” Şagird: “Müəllim, mən xəstələndiyini belə eşitməmişdim”- deyə cavab verir. Cavaba hirslənən müəllim, uşağın anasını çağırıb: “Oğluna, Napoleonun nə zaman öldüyünü soruşdum. ”Xəstələndiyini belə eşitməmişəm" söylədi"- deyir. Ana cavab verir ki: “Haqlıdır, müəllim. Biz kasıb insanlarıq. Radiomuz, televizorumuz da yox. Evimizə qəzet də gəlmir. Haradan bilsin biçarə uşaq, o dediyiniz adamın öldüyünü?” Elə bilirsiniz, insanlarımızın şüuru bu lətifənin qoşulduğu vaxtdan bəri çox təkamül edib? Məgər toyda, vayda tanış-bilişin, qonum-qonşunun söhbətlərinə düşmürsünüz? Adamlar bu ölkədə bizim danışdıqlarımızı yadplanetlilər kimi dinləyirlər, inanın. Nəinki Napoleondan, günümüzün tarix yazan insanlarından, onların mübarizəsindən, başlarına gətirilənlərdən, çəkdikləri ağrı-acılardan xəbərsiz yaşayan minlərlə robot var bu ölkədə. Çoxu da qadınlar. Onların gündəlik rejimləri telekanallarda yayımlanan düşük şou-proqramlara, falçı söhbətlərinə, çal-çağır, dedi-qodu, biş-düş verilişlərinə qurulub. Onlardan bir çoxunun evinə həqiqi mənada illər boyunca qəzet girməz. El-obanın bəhsinə alıb evlərinə yaraşdırdıqları kompüterlərdə, ciblərinə qoyduqları bahalı telefonlarda da yalnız oyun oynamağı bacarırlar. Bunu mən özümdən uydurmuram, çevrəmdəki çoxluğun utanmadan üzümə dediklərini xatırladıram. Yaşadığımız ölkənin gözəl gələcəyi üçün çarpışan, qurban verən, həbsə düşən insanlar onların vecinə deyil. Bu insanların həm də onların övladları üçün dava apardığını belə anlamırlar. Onların övladlarına verdiyi tərbiyə də tam başqadır. O uşaqlar başdan “çax-çux”u ilə baş dolandıra biləcək bir iş axtarırlar. “Çax-çux” deyilən iş də rüşvət gətirə biləcək yeri işarət edir, məlum.    

Uşaqlıqda anam bizə çoxlu hekayətlər danışardı. Onlardan biri belə idi… Bir uşaq qonşunun hinindən yumurta oğurlayıb evə gətirir. Ana yumurtanı alıb uşağın başını sığallayır. Hadisə hər gün təkrar olunur. Illər keçdikcə, uşaq yumurtadan toyuğa, toyuqdan xoruza, xoruzdan qoyuna, qoyundan inəyə əl uzada-uzada gəlib dövrünün məşhur quldurlarından biri olur. Sonda adam işlədiyi bir cinayətə görə ölümə məhkum edilir. Məhkəmədə hakim son arzusunu soruşunca: “Son olaraq anamın o mübarək dilini öpmək istəyirəm” deyir. Məhkumun xahişi yerinə gətirilir. Məhkum anasının dilini öpmək yerinə, onu dişiylə qoparıb yerə atır. “Mənim burada edama məhkum olmağım o qoparılası dildəndir ki, qopdu da!”- deyir.

Çevrəmizdə gözü, könlü qapalı yaşayan adamlara üz tutub demək istəyirəm ki, özünüzü korluğa vurub, cahilliyiniz üzündən övladlarınızı da bədbəxt etməyin. Bu qədər ədalətsizliyi və faciələri görməzdən gələrsiniz, sabah övladlarınız da onun qurbanı olar. Bu ölkəyə sahib çıxmasanız, sabah o ölkə də sizin övladlarınıza sahib çıxmayacaq, inanın.