Ağstafada AXCP-dən istefalar xəbəri də yalan çıxdı FOTO

Hökumətin Xalq Cəbhəsindən olmayan üzvləri “çıxarmaq” siyasəti davam edir

Hökumətin AXCP üzvü olmayan adamları ordan “istefa verdirməklə” bu partiyanı “boşaltmaq” siyasəti davam edir. Görünür, iflasa uğrayan “Razi əməliyyatı”na ciddilik donu geydirmək üçün belə yalançı istefalar hakimiyyətə çox lazımdır.

Avqustun 22-də ölkənin bütün ciddi resursları Mingəçevirdə gənc bir vətəndaşımızın polis idarəsində ölməsinə görə əhalinin ayağa qalxması, hökumət qüvvələrinin “top-tüfənglə” etirazçılara divan tutması barədə xəbər verərkən, bəzi hökumətyönlü saytlar da Razi Nurullayevin AXCP Ağstafa şöbəsindən guya kimlərinsə onun tərəfinə keçdiyi haqda uydurmasını tirajladı.

AXCP təşkilat şöbəsinin müdiri Saqif Qurbanov azadliq.info-ya göndərdiyi yazılı açıqlamada bildirir ki, partiyanın Ağstafa şöbəsindən istefalarla bağlı yayılan xəbərlər tam yalandır. “İstefa bəyanatı”na imza atanlardan Marif Salahov hələ 2014-cü ildə AXCP-dən qovulub. Daha bir nəfər 6 ay qabaq partiyadan gedib, 2-si isə ümumiyyətlə AXCP üzvü olmayıb:

“Marif Salahov hələ 2013-cü ildə keçirilən prezident seçkilərində hakimiyyətlə işbirliyi sübut olunduğuna görə 11. yanvar 2014-cü il tarixində Rayon Şöbəsi Məclisinin 17 nömrəli qərarı ilə AXCP sralarından qovulub. Bu adamın nəinki rayon şöbə sədri kimi, heç sıravi cəbhəçi kimi də danışmağa səlahiyyəti yoxdur. Bəyanatda adları göstərilən Aqşin Hüseynov və Səxavət İsmayıl isə heç vaxt AXCP üzvləri olmayıblar. Rövşən Eybatov da 6 ay öncə könüllü olaraq AXCP-ni tərk edib” – deyə S.Qurbanov qeyd edib.