
“Bakı Metropoliteni” QSC-nin sabiq sədri, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov qarşıdan gələn parlament seçkilərində deputatlığa namizədliyini irəli sürəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
T.Əhmədov Publika.az-a açıqlamasında yayılan məlumatları təkzib edib.
Onun sözlərinə görə, deputatlığa iddialı olması barədə xəbərlər yalandır: “Elə bir planım yoxdur. Deputatlığa namizəd olmayacam, onu yazan çox səhv edib”.
***
Bir müddət öncə “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad olunan və ardınca Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri seçilən Tağı Əhmədov deputat olmaq iddiasındadır.
Bununla bağlı özəl informasiya Aktual.az-a keçmiş “metropoliten şefi”nə yaxın mənbələrdən daxil olub.
Mənbənin sözlərinə görə, T.Əhmədov gücünü Yasamal rayonundakı dairələrdən birində sınayacaq:
“Çox güman ki, Yeni Azərbaycan Partiyasının siyahısında Tağı Əhmədovun adı yer alacaq. Sabiq “metro şefi” artıq bununla bağlı istəyini də hakim partiya rəhbərliyinə çatdırıb. Onun hansı dairədən namizəd olacağı qətiləşməsə də, güman ki, hazırki deputat Etibar Hüseynova rəqib olacaq. Yəni 15 saylı Yasamal seçki dairəsindən namizəd olacaq”.
Aktual.az məsələyə Tağı Əhmədovun özündən münasibət öyrənmək istəsə də, ona etdiyimiz telefon zənglərinə cavab verməyib.