Ölkədə ictimai-siyasi hüquqlar tanınsaydı…
Jurnalist Rasim Əliyevin öldürülməsilə bağlı mətbu materiallar arasında iki detala ayrıca diqqət yetirək. Bunlardan biri, jurnalistin qətli ilə bağlı Mətbuat Şurası sədrinin ilkin açıqlaması, digəri isə jurnalistin peşə fəaliyyəti zamanı polis zərbəsinə tuş gəldiyini göstərən fotodur. Jurnalistin vəfat etdiyi gün Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya verdiyi açıqlama ona görə diqqət çəkir ki, bu ağır hadisənin siyasiləşdirilməsini doğru hesab etməyən sədr, əslində, özü siyasi çalarlı fikir söyləyib. Onun fikrincə, hadisə araşdırılarkən nəzərə alınmalıdır ki, ayrı-ayrı qüvvələr Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı problem olduğu görüntüsünü yaratmaq istəyirlər…
Bu açıqlamanın hakimiyyəti sərt ittihamlardan qorumaq məqsədi daşıdığı aşkar sezilir. Onsuz da öyrəncəliyik – əsgər ölümü olsun, dolanışıq və ya məmur özbaşınalığına görə intiharlar olsun, ya da yanan məlum bina olsun, bir sözlə, bütün faciələr zamanı ucalan etirazları “siyasiləşdirməyin” deyib yatırmağa çalışacaqlar. Hakimiyyət və onun sözçüləri ictimai narazılığı qəbul etmir, əksinə, hadisələrin mahiyyətini kiçiltməyə, bəsitləşdirməyə yönələn mövqe tuturlar. Onlar ölkə miqyaslı faciələrdə belə xalqı yox, öz maraqlarına təhlükəni düşünürlər. Bu dəfə isə jurnalist Rasim Əliyevin öldürülməsi hadisəsini “şouya çeviriblər” deyərək bir daha duyğusuz olduqlarını göstərdilər.
Mətbuat Şurası sədrinin sözügedən açıqlamada “hələ ki, sosial şəbəkə KIV hesab olunmur” deməsi də yersizdir. Bu, mətbuatdan uzaq adamların Rasim Əliyevin peşə fəaliyyətinə görə öldürülmədiyini söyləməsinə bənzəyir. Bununla Rasim Əliyevin öz tənqidi fikrini mətbuatda yox, sosial şəbəkədə qeyd etməsinə eyham vurulur. Ancaq jurnalistin öz mövqeyini ya qəzetdə, ya da “facebook”da bildirməsinin prinsipial fərqi varmı? Istənilən halda bu cinayət söz və mətbuat azadlığına qarşı yönəlib.
Görünür, Mətbuat Şurasının sədri hadisə ilə bağlı mövqeyini bildirməyə ya tələsib, ya da onu tələsdiriblər. Çünki, ondan bir gün sonra rəsmi məlumatda prezidentin bu hadisəni ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirdiyi açıqlandı. Beləliklə, mətbuatın maraqlarını qorumalı olan qurumun rəhbərinin deməyə borclu olduğu fikirləri onun yerinə prezident söylədi. Prezident həm də Mətbuat Şurasını “oyundankənar” vəziyyətdə qoydu.
Məhz dövlət başçısının hadisəyə belə yanaşmasından sonra, elə həmin gün Mətbuat Şurası sədrinin APA-ya ikinci açıqlaması isə fərqli oldu: “Bu, ölkədə demokratik cəmiyyətin təməl prinsiplərindən olan söz və mətbuat azadlıqlarının qorunmasına, medianın normal fəaliyyətinə dövlət səviyyəsində diqqət nümunəsi kimi dəyərləndirilməlidir”,- deyən sədr dövlət başçısının məsələyə münasibətini həm də cəmiyyəti azad sözə, plüralist fikrə daha diqqətli, həssas və dözümlü olmağa çağırış kimi dəyərləndirdi…
Əlbəttə, prezidentin adından verilən açıqlama da səmimi deyil. Bəyəm, prezidentin müxalif mətbuata, tənqidçi jurnalistlərə əsl münasibətinin necə olduğu sirdir? Axı, özü neçə illər öncə bəyan etmişdi ki, müxalif qəzetləri oxumur və bunu başqalarına da məsləhət görmür?! Bəs, belə bir mühitdə söz və mətbuat azadlıqlarının qorunmasını, medianın normal fəaliyyətini təmin etmək olarmı?!
Elə isə Rasim Əliyevin etiraz aksiyalarından birində qeydə alınan fotosuna baxaq; burada, onun peşə fəaliyyətinə polisin kobudcasına müdaxilə etdiyi aşkar görünür. Çünki, Rasim Əliyev də tənqidi jurnalistikanın yetirməsi idi. Onun “facebook”dakı məlum qeydi də bu ruhda olub. Lakin zamanında Rasim Əliyevə güc tətbiq edən polis cəzalandırılsaydı, bu gün adi bir idmançı da başına yığdığı qoçularla onun ölümünə bais olmazdı?! Indi nahaq yerə deyilmir ki, jurnalist Rasim Əliyev ölkədəki cəzasızlıq mühitinin, günü-gündən artan qudurğanlığın növbəti qurbanıdır.
Bəli, bu, siyasi məsələdir! Bir ölkənin prezidenti etirazçı kəsimə güc tətbiq edən polisin cəzalandırılmayacağını açıq söyləyir, yaxud güc strukturlarının dəstəkçisinə çevrilən idmançılara cəmiyyətin başqa təbəqələrindən daha artıq diqqət və qayğı göstərirsə, deməli, orada hakimiyyət zora söykənir. Belədə, polis tənqidçi jurnalistə nümayişkaranə şəkildə zor tətbiq etməkdən, başıpozuq idmançı isə onu ölüncə döyməkdən çəkinməz…
Azərbaycanda idman federasiyaları və ya klublarının nazir-oliqarxlara təhkim edilməsi də məlumdur. Kriminal pullarla maliyyələşən bu idman təşkilatları sanki alternativ güc strukturları kimi vətəndaş cəmiyyətini təhdid etməkdədir. Hələ neçə-neçə idmançının nazirliklərdə formal olaraq işə götürüldüyü, faktiki isə bəsləndiyini demirik. Jurnalist Rasim Əliyevin ölümündə ittiham edilənlərin də birbaşa, ya da dolayısı ilə nazir-oliqarxa məxsus futbol klubuna aidiyyəti məlumdur. Kim deyə bilər ki, onlar törətdikləri cinayətə görə cəzasız qalacaqlarına əvvəlcədən əmin olmayıblar? Zarafat deyil, axı, onlar hökumətdəki ən güclü iki-üç “avtoritet”dən birinin çevrəsinə yaxın idilər?!
Bəli, ölkədə meydan sulayan qüvvələri “yuxarı”da himayə edənlər olmasaydı, cəzasızlıq mühiti də davam etməzdi. Prezident heç kimin toxunulmaz olmadığını söyləyir, ancaq reallıq başqadır. Elə bu günlərdə Səbail rayonunun icra başçısından prezidentə məlum şikayətdə deyildiyi kimi, ölkədə ədalət mühakiməsi məmur sifarişinə qurban verilir. Həmin icra başçısı bir gəncin ölümünə bais olan oğlunun cəza müddətini yarıyadak azalda bilirsə, hətta övladını cəza çəkməkdən azad etməkçün müalicə müəssisəsinə yerləşdirirsə, o zaman prezidentin ölkədə məmur özbaşınalığına qarşı hərəkat başlatdığına kimi inandırmaq olar? Axı, özbaşınalığı prezidentin lap yaxın ətrafında, həm də əlinin altında olanlar davam etdirir…
Şövkət Məmməd