Erməniyə xidmət edən kimdir?

Xalqın dərdindən yazan «Azadlıq», yoxsa xalqa dərd gətirənləri mədh edən «Azərbaycan»?

Bu ölkədə nə qədər satılmış, atılmış, əqidəsinə xəyanət etmiş, hökumətin qəpik-quruşuna tamah salmış adam varsa hamısı “Azadlıq” qəzetini, real müxalifət qüvvələrini hədəf seçirlər. Artıq insanların kimliyini müəyyən etmək üçün ən yaxşı vasitə, onların kimi hədəf seçdiyinə diqqət yetirməkdi. Yaşadığımz ölkədə yaltaqların, əlaltıların ən çox sevdiyi ifadələr “ermənipərəst”, “anti-milli”, “düşmən dəyirmanına su tökənlər” kimi çeynənmiş sözlərdi.

Ötən gün Azərbaycan xalqının boykot etdiyi “Azərbaycan” qəzeti palaz boyda məqalə dərc edib və “Azadlıq” qəzetini ermənilərə xidmət etməkdə, qərəzli yazılar yazmaqda, beynəlxalq mətbuatın Azərbaycanla bağlı yazılarını tirajlamaqda ittiham edib. Təbii ki, qəzet “Yeni Müsavat”ın medallı redaktorunu da yaddan çıxarmayıb, onun müdafiəsinə qalxıb və qəzetimizi, AXCP-ni Rauf Arifoğluna qarşı aqressivlikdə qınayıb. Əslində belə də olmalıdır. Eyni bulaqdan su içənlər, bir-birinə dəstək olmalıdılar.

Qayıdaq, “Azərbaycan” qəzetinin ittihamlarına. Əvvəla,  “Azadlıq” kimi bir mətbuat orqanını ermənilikdə ittiham etməyin özü ən böyük ermənilikdi. Çünki, “Azadlıq” qəzeti “Azərbaycan” dan fərqli olaraq nə ölülərin hesabına pul qazanır, nə də dirilərin haqqın yeyir. 25 ildir ki, qəzet təqiblərə, təzyiqlərə, məhrumiyyətlərə yenilmədən, prinsiplərinə sədaqət nümayiş etdirərək yaşayıb. 

Ikincisi, biz “Azərbaycan” qəzetinin “erməni” ittihamına çox cavab vermişik və kimin fəaliyyətinin düşmənçilik olduğunu aydınlaşdırmışıq. Amma görünür yenidən aydınlaşdırmağa  ehtiyac var və daha açıq şəkildə yazmaq lazımdı.

Sirr deyil ki, “Azərbaycan” qəzetindəki bütün yazılar Bəxtiyar Sadıqovun redaktəsindən keçir. Xüsusilə, “Azadlıq”ın, müxalifətin əleyhinə şər-böhtan məqalələri millət vəkilinin süzgəcindən keçir. Ona görə də Bəxtiyar Sadıqova “Azadlıq”ın yazdıqlarını xatırlatmaq və cavab almaq istəyirik.

“Azadlıq” qəzeti Azərbaycan səhiyyəsinin bərbad vəziyyətindən yazıb. Bunu statistik məlumatlar da təsdiqləyir ki, ölkə əhalisinin böyük əksəriyyəti müalicə üçün qonşu ölkələrə pənah aparır. Dərmanların keyfiyyətsiz və 10 qat baha qiymətə olması da ölkə başçısı səviyyəsində  etiraf olunub.

“Azadlıq” qəzeti təhsilin acınacaqlı durumundan yazıb. TQDK-nın açıqladığı imtahan nəticələri də bunu təsdiqləyir. Azərbaycan təhsilinin repetitorlardan asılı vəziyyətdə olduğu da sirr deyil.

“Azadlıq” qəzeti iqtisadiyyatın neftdən asılı olduğunu və qeyri-neft sektorunun öldüyünü yazır. Statistik rəqəmlər də göstərir ki, neftsiz Azərbaycan iqtisadiyyatı ölü vəziyyətdədir. Məsələn, Azərbaycanın neftsiz ixracatı 1.7 milyard, Ermənistanın ixracatı 1.4 milyard dollardı. Deməli, neftsiz iqtisadi göstəricimiz Ermənistandan cüzi artıqdır. Bu isə yürüdülən iqtisadi siyasətin sıfır olduğunu göstərir.

“Azadlıq” qəzeti  sifarişli məhkəmə hökmlərindən, məmur özbaşınalığından, süni qiymət artımlarından, süründürməçilikdən, korrupsiyadan yazıb ki, bunlar da öz təsdiqini tapmış həqiqətlərdi. Eyni zamanda xarici mətbuatda ölkəmiz haqqında yazılan məqalələri dərc etməklə, vətəndaşa xidmət edir, xalqı real vəziyyətdən xəbərdar edir.

Indi, Bəxtiyar Sadıqova sual edirik. Haqsız həbs edilənləri “cinayətkar” adlandırmaq, kredit girovuna çevrilmiş xalqın haqqını danmaq, səhiyyənin, təhsilin çiçəkləndiyini tirajlamaq, ermənipərəst Rusiyanı xilaskar kimi təqdim etmək, Binəqədidə məmur tamahkarlığına görə həlak olmuş 15 vətəndaşın qanını batırmaq, saxta seçkilərə legitimlik donu geyindirmək, təyinatlı deputat olmaqdırmı Azərbyacançılığa xidmət?

Ən böyük ermənilik dövlətin milyardlarını şəxsi ciblərə yığanlara səcdə etməkdir, ən böyük ermənilik vətəndaşın seçim haqqını əlindən almaqdı, ən böyük ermənilik erməniyə nəfəs verən Rusiyanın köləsinə çevrilməkdi, ən böyük ermənilik  vətəndaşa 25-30 faizlə verilən kreditə göz yummaqdır, ən böyük ermənilik günahsız insanlara şər atmaq, Qarabağ qazisini intihara sürükləmək, sağlamlığını Qarabğda itirənləri şərləyib həbs etmək və bu əməllərə haqq qazandırmaqdı. Ən böyük ermənilik millət vəkili olduğunu halda, hökumətə vəkilik etməkdi. Ən böyük ermənilik vətəndaşla düşmən kimi davranmaq, vətəndaşa dilənçi maaşı vermək, bütün sahələri monopoliya edib, vətəndaşa 10 qat baha qiymətə məhsul satmaqdır. Ən böyük ermənilik vicdanlı, vətənpərvər insanlara ləkə atmaqdır. Ən böyük ermənilik 100 minlərlə oxucusu olan “Azadlıq”a erməni damğası yapışdırmaqdı. Hansıki, vətəndaş “Azadlıq”ı yox,  “Azərbaycan”ı boykot edir. “Azadlıq” qəzeti əllərdə, “Azərbaycan” qəzeti yerlərdə gəzir .

Yəni, ermənilik xalqın dərdindən yazmaq yox, xalqa dərd gətirənlərə züy tutmaqdı. Bu ölkədə haqsızlığa uğramış, süründürməçiliklə üzləşmiş, əmlakı əlindən alınmış kimsə  “Azərbaycan”a müraciət edərmi? Əlbəttə yox. Çünki, sadə vətəndaş da “Azərbaycan” qəzetinin əsl missiyasının şərə xidmət etmək olduğunu gözəl başa düşür.

Biz “Azərbaycan” adı altında anti-Azərbaycan təbliğatı aparmırıq. “Azadlıq” adı altında xalqa azadlıq gətirmək istəyirik.

Dövlətə və millətə sevgi, vətənpərvərlik, cəsarət, milli dəyərlərə sevgi aşılayan bir qəzeti ermənilər əlbəttə ki, sevməz. Düşmən istəməz ki, Azərbaycanda “Azadlıq” adlı qəzet olsun.  Deməli, “Azərbaycan” qəzetinin şər-böhtan kampaniyası ermənilərin maraqlarına uyğundur. 

Bir sözlə, xalqla erməni kimi davrananları müdafiə edənlər, erməninin istəyinə uyğun addım atanlar, bizi “ermənipərəst”likdə ittiham edir. Güzgüyə baxıb, öz adını özgəyə qoyanların hədəfindəyik. Amma onların çürük “güllə”ləri bizi öldürmək iqtidarında deyil. Ümumiyyətlə, ölülərin öldürmək iddiası absurddur.

Akif