Dünya gücləri Əliyev rejimini «divara dirədi»

Ölkəmizdəki repressiya ATƏT-də sərt tənqid olundu; ABŞ-ın səfiri ilə Azərbaycan nümayəndəliyi “kəllə-kəlləyə gəldi”

Daniel Bayer: «Azərbaycandakı repressiyalar özü-özlüyündə hörmətsizlikdir və ikitərəfli münasibətlərdə mənfi nəticələrə səbəb ola bilər»

Azərbaycan nümayəndə heyəti: «Biz bu qərəzli yanaşmanı rədd edirik»

ATƏT Daimi Şurasının Vyanadakı toplantısında ABŞ, Avropa Ittifaqı, Kanada və Norveç nümayəndələri Azərbaycandakı repressiyalar barədə danışaraq, hökuməti öz vətəndaşlarının hüquq və azadlıqlarına hörmət etmədiyinə görə kəskin şəkildə qınayıb.

ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer Azərbaycanda insan haqları və əsas azadlıqların vəziyyəti haqda danışarkən bildirib ki, Birləşmiş Ştatlar bir ildən artıqdır həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun müvafiq olaraq, 8 il 6 ay və 7 il azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmündən ciddi narahatdır: “Görünür ki, bu hökm onların insan haqlarının qorunması, regionda gərginliyin azaldılması, insanlar arasında etimad yaradılmasına hesablanmış fəaliyyətlərilə bağlıdır.

Bundan başqa, məhkəmə prosesinin ciddi qanun pozuntuları ilə keçirilməsi barədə xəbərlərdən də narahatıq. Bizi xüsusən onların səhhətindəki problemlər narahat edir. Biz Azərbaycan hökumətini humanizm prinsipini əsas götürərək, onları azad etməyə çağırırıq. Bu, beynəlxalq öhdəliklərin, o cümlədən insan haqlarının qorunması, ədalətli mühakimənin təmin olunmasına dair ATƏT qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, ölkənin çiçəklənən və stabil gələcəyi baxımından Azərbaycanın da marağına uyğundur".

ABŞ səfiri araşdırmaçı jurnalist Xədicə Ismayılova haqda da danışıb: “Biz jurnalist Xədicə Ismayılovanın avqustun 7-də başlayan məhkəmə prosesini də yaxından izləyir və hökuməti onu da azad etməyə çağırırıq.

Biz Azərbaycanı öz öhdəliklərini yerinə yetirməyə, vətəndaşlarının repressiyalardan ehtiyatlanmadan fikirlərini ifadə edə bilmək azadlığına hörmət etməyə çağırırıq".

Azərbaycan hökuməti etiraz edir

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ümumiyyətlə, toplantıda Azərbaycanda insan haqlarının vəziyyətinə dair məsələnin qaldırmasına etiraz edib. Qeyd olunub ki, ABŞ tərəfindən Daimi Şuranın xüsusi iclasında qaldırılan məsələ gündəliyə uyğun deyil: “Nümayəndə heyətimiz ABŞ, Avropa Ittifaqı, Kanada və Norveçin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı iddialarını inkar edir və bu cür cəhdlərin ölkələrimiz arasında ikitərəfli münasibətləri zəiflətdiyini düşünür. Azərbaycan ölkədə ayrı-ayrı fərdlərə qarşı aparılan cinayət işlərinin bilərəkdən siyasiləşdirilməsi və məhkəmə proseslərini təhrif etmək cəhdlərini qınayır. Azərbaycan ABŞ, Avropa Ittifaqıÿ və ona üzv olan dövlətləri, Kanada və Norveçi Azərbaycandakı məhkəmə sisteminin qərarlarına hörmət etməyə və cari hüquqi proseslərə müdaxilə etməməyə çağırır. Hesab edirik ki, bəzi anonim beynəlxalq missiyalar tərəfindən məhkəmələr barəsində irəli sürülən iddialar qüsurludur və məhkəmə sisteminə təzyiq xarakteri daşıyır. Azərbaycanda bütün vətəndaşlar qanun qarşısında bərabərdir və fəaliyyətlərinə görə bərabər məsuliyyət daşıyırlar. Insan hüquqları müdafiəçisi və ya jurnalist olmaq heç kəsi qanun qarşısında məsuliyyətdən azad etmir. Bunun əksi isə qanunsuzluq olardı ki, bu da Azərbaycan üçün qəbuledilməzdir.

Təəssüf doğuran məqam odur ki, insan hüquqlarının müdafiəsi məsələsindən “5-ci kolon”un yaradılması və cəmiyyətdəki stabilliyin pozulması üçün sui-istifadə olunur. Insan hüquqlarının müdafiəsinin biznesə çevrilməsi və ondan əldə olunan gəlirlərin şəxsi bank hesablarına köçürülməsi narahatlıq doğurur. Azərbaycana çirkli pulların yuyulması və digər qeyri-qanuni maliyyə tranzaksiyalarının qarşısını almaq üçün effektiv sistem qurmağa yardım etmiş bu dövlətlərin indi hökumətin şübhəli maliyyə köçürmələri, o cümlədən, vergidən yayınma cinayətləri üzrə apardığı işləri qınaması anlaşılmazdır. Ona görə də, biz bu qərəzli yanaşmanı rədd edirik.

Son olaraq biz ABŞ, Avropa Ittifaqı, Kanada, və Norveçi 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə, onların doğma torpaqlarına qayıtması və əmlakları üzərində hüquqlarının bərpa edilməsi məsələsində eyni həssaslığı göstərməyə çağırırıq. Biz bu hökumətləri Kəlbəcər rayonunda əsir götürülmüş, işgəncə və qeyri-insani rəftara məruz qalmış, üzərilərində qeyri-qanuni məhkəmə prosesləri keçirilərək barələrində müvafiq olaraq ömürlük və 22 illik həbs cəzası çıxarılan iki azərbaycanlı – Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə də prinsipial yanaşmağa çağırırıq. Təəssüf ki, ABŞ,Avropa Ittifaqı, Kanada, Norveç biz bu məsələni Daimi Şurada qaldıranda daim səssiz qalıblar. Azərbaycan cəmiyyəti üçün bu nümayəndə heyətlərinin yanaşması iki standartların bariz nümunəsidir".

ABŞ səfirliyindən Azərbaycan hökumətinə xəbərdarlıq

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Daniel Bayer Azərbaycan nümayəndə heyətinin arqumentini cavabsız qoymayıb:

“Mən azərbaycanlı həmkarıma cavab verdiyinə görə təşəkkür edirəm. Amma mən onun səsləndirdiyi bir neçə məsələyə münasibət bildirmək istəyirəm.

Birincisi, “bir neçə xırda hal” adlandırılan məsələ barədə. Qeyd olunan “bir neçə xırda hal” təkcə mən yox, bir neçə başqa nümayəndə heyəti tərəfindən də qaldırılıb və bu məsələlər bizi çox narahat edir. Bizi narahat edən bu məsələlərin hər biri bütövlükdə ölkədə insan hüquq və azadlıqlarına qarşı artan xətlə gedən dəhşətli repressiyalardır. Xüsusi vurğulamaq istəyirəm ki, insan hüquq və azadlıqlarına qarşı repressiyalar təhlükəsizliyə başlıca təhdidlərdən biridir. Ona görə də baş verənlər təkcə insan haqları kontekstində deyil, həm də təhlükəsizliyə təhdid baxımından ehtiyatlı davranmağı tələb edir. Bir çoxumuz bu cür məsələlərə dair xəbərdarlıq etməyi vacib bilirik.

Ikincisi, mən bu cür problemlərin qaldırılmasının ikitərəfli əlaqələrə pis təsir göstərməsi barədə deyilənlərə münasibət bildirmək istəyirəm. Mən iki məqamı qeyd edəcəm.

Əvvəla, bu baş verən hadisələrin özü ikitərəfli münasibətlərə pis təsir göstərir. Bu hallar bizim Azərbaycan hökumətilə əməkdaşlığımızı daha da çətinləşdirir. Hökumətin öz vətəndaşlarına qarşı repressiyalar həyata keçirməsi Azərbaycanla siyasi və digər sahələrdə qurmaq istədiyimiz əməkdaşlığı daha da çətinə salır.

Bundan başqa, biz bir-birimizi təşkilatımızın təməl prinsiplərinə əməl etməyə çağırmağa borcluyuq. Öhdəliklərin yerinə yetirilməməsilə bağlı narahatlıq doğuran halları qaldırmaq elə bu öhdəliklərə hörmətdən irəli gəlir.

Azərbaycanda baş verənlər özü-özlüyündə hörmətsizlikdir və ikitərəfli münasibətlərdə mənfi nəticələrə səbəb ola bilər".

Siyasət şöbəsi