Cəbhəçi olmayanlar niyə AXCP-dən istefa verir?

Hakimiyyətin partiyaya qarşı apardığı kampaniya növbəti dəfə ifşa olundu

Hakimiyyətin AXCP-yə qarşı təxribatları davam edir. Hər gün iqtidaryönlü mediada hansısa "cəbhəçi"nin partiyadan istefa verməsi barədə məlumatlar dərc olunur. Bu gün də musavat.com saytı AXCP-dən daha beş nəfərin partiya sıralarından xaric edilmiş Razi Nurullayevin tərəfinə keçdiyi barədə məlumat yayıb. Məlumatda deyilir ki, partiyanı tərk edən Muradov Samir, Mirvəlişov Seymur, Məmmədov Füzuli, Əzizov Vusal, Hacıyev Samir adlı Hövsan cəbhəçiləridir.

AXCP Suraxanı rayon şöbəsinin sədr əvəzi Bəhruz Həsənli "Azadlıq"a bildirib ki, bu şəxslərin partiyaya heç bir dəxli yoxdur: "Hövsanda iki dayaq dəstəmiz var. Amma bu adamlar heç bir dayaq dəstəsinin üzvü deyillər. Bu, sadəcə AXCP-yə qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Biz də özümüzdən adlar uydurub onların hansısa partiyadan istefa verdiyi barədə məlumatlar yaya bilərik. Əgər bu adamlar cəbhəçidirlərsə, vəsiqələrini ortaya qoyardılar. Bir daha bəyan edirəm ki, bu adamların AXCP-yə heç bir aidiyyəti yoxdur".

İstefa verən şəxslərin gənclər olduğu bildirilir. Bu baxımdan AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynin də məsələyə münasibətini öyrəndik. "Bu şəxslərin AXCP Gənclər Komitəsinə, ümumiyyətlə partiyaya dəxli yoxdur. Bu adamlar heç vaxt AXCP üzvü olmayıblar. Görünür, hakimiyyət Razi Nurullayev əməliyyatının uğursuzluğunu ört-basdır etmək üçün belə addımlar atır", – deyə İlham Hüseyn bildirib.