Azərbaycanda mənzil üsyanı baş verə bilər

Ölkənin ən iri tikinti şirkətləri çökür

Azərbaycanda iri tikinti şirkətlərinin çöküşü davam edir. Bu günlərdə iri tikinti şirkəti olan “Avesta Konserni”nin rəhbəri Hacı Ibrahim Nehrəmli şirkətin faktiki olaraq çökdüyünə işarə vurmuşdu. O, maliyyə vəziyyətinin ağır olmasına görə 4900 nəfəri ixtisara saldığını bildirmişdi. “Avesta Konserni”nin çöküşü Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”ndan sonra başlayıb.

Hacı Ibrahim Nehrəmli bir neçə dəfə DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Ondan götürdüyü iri məbləğli krediti geri qaytarmaq tələb olunub. Iş adamı götürdüyü kreditin müəyyən hissəsini qaytarıb. Lakin hələ də banka külli miqdarda borcu var. Bütün bunlar isə rəhbərlik etdiyi şirkətin faktiki olaraq fəaliyyətini dayandırmasına səbəb olub.

Dünən isə məlumat yayılıb ki, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə məxsus olduğu bildirilən “7 Hills” (7 Təpə) şirkəti fəaliyyətini dayandırıb. Virtualaz.org-un məlumatına görə, Bakının Heydər Əliyev prospekti ilə Babək prospektinin arasında, Keşlə qəsəbəsindəki keçmiş beton zavodunun hektarlarla ərazisini alıb orada “7 Hills” adlı eksklüziv yaşayış kompleksi inşa edəcəyini elan edən tikinti şirkəti qapılarını bağlayaraq yoxa çıxıb. “7 Hills” dəbdəbəli yaşayış kompleksinin tikintisi layihəsi ötən ilin dekabrında təqdim edilib və bu layihəyə dair geniş reklam kampaniyası başladılıb. Nəticədə şirkət hələ özülünü də qazmadığı yaşayış binalarından mənzilləri Beynəlxalq Bankın ipoteka kreditləri ilə satmağa başlamışdı.

Dünən həmçinin məlumat yayılıb ki, ən iri tikinti şirkətlərdən biri olan “Akkord”un da Beynəlxalq Banka külli miqdarda borcu var. Virtualaz.org Beynəlxalq Bankdakı mənbələrə istinadən xəbər verir ki, tikinti şirkətinin banka olan məcmu borcu 1,3 milyard manat təşkil edir.

Bəzi iddialara görə, “Akkord” şirkətindən də krediti geri qaytarmaq tələb olunacaq. Bu isə adıçəkilən şirkətin də digərlərinin taleyini yaşayacağından xəbər verir.

Onu da bildirək ki, “Avesta”, “7 Hills” və “Akkord” şirkətlərinin çöküşü minlərlə insanın mənzil problemi ilə üzləşəcəyi demək olacaq. Məsələ burasındadır ki, bu şirkətlər xeyli adama hələ binalar hazır olmamışdan mənzillər satıblar. Onların çökməsi həmin binaların inşasının dayanması və minlərlə insanın mənzilsiz qalacağı deməkdir. Bura “Sevil” MTK kimi şirkətləri də əlavə etsək Azərbaycanda mənzil üsyanının baş verə biləcəyini söyləmək mümkündür.