Leyla Yunus kameraya qaytarılıb

Hüquq müdafiəçisi Leyla Yunus 6 gün Bakı İstintaq Təcridxanasının sanitariya hissəsində qaldıqdan sonra dünən yenidən adi kameraya köçürülüb. Bu barədə Turan-a vəkil Elçin Qəmbərov bildirib.

Onun sözlərinə görə, L.Yunusa bildiriblər ki, o, artıq “sağlamdır”. Amma L.Yunus sanitariya hissəsində olduğu müddət ərzində səhhətində heç bir irəliləyiş olmayıb.

“Onun səmərəli və uzunmüddətli müalicəyə ehtiyacı var”, deyə vəkil bildirib.

Xatırladaq ki, L.Yunus alman həkim, professor Kristian Vittin müayinəsindən sonra sanitar hissəyə keçirilib.

O, hepatit C, şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkir.

Onun həyat yoldaşı Arif Yunus hipertoniyadan əziyyət çəkir və həbs və məhkəmə ərzində dəfələrcə hipertoniya böhranı keçirib. Hökm çıxarıldıqdan sonra onun səhhəti haqqında məlumat almaq mümkün olmayıb.