Ağanisə Soltanova dövlət televiziyasının rəhbərilə müavini arasındakı gərginlik barədə nələr danışdı?
AzTV-nin rəhbəri Arif Alışanovla müavini Ibrahim Məmmədov arasında münasibətlərin gərgin olması barədə yayılan məlumatlar doğrudur. Bu barədə hafta.az-a açıqlamasında Arif Alışanovdan ölkə başçısı Ilham Əliyevə şikayət etdiyi üçün işdən çıxarılan Ağanisə Soltanova bildirib. “Ən ağrılısı da elə budur. 9 il Ibrahim müəllim kimi doğru, dürüst biri ilə işləmək mənim üçün məktəb oldu desəm, yanılmaram.
Yəqin ki, bunu onunla birlikdə işləyən bütün vicdanlı işçiləri deyə bilər. Bəzən mətbuatda səhvən xəbərlər departamenti gedir. Ibrahim Məmmədov sədr müavini olmaqla birlikdə AzTV-nin ən böyük Ictimai Siyasi Proqramlar Baş Redaksiyasına da rəhbərlik edib. ”Həftə" proqramı, “Günün nəbzi”, “Əsas məsələ”, “Keyfiyyət möhürü”, “Kənd saatı” proqramları, bütün sənədli filmləri Ibrahim müəllimin rəhbərliyi, müəllifliyi ilə bizim redaksiya hazırlayıb",-deyə o əlavə edib.
Hazırda işsiz olan Ağanisə Soltanova deyib ki, Alışanovdan fərqli olaraq Məmmədov öz işçilərinin qayğısına daha çox qalır: “Alışanov bilərəkdən halal əmək haqqımızı kəsəndə belə Ibrahim Məmmədov öz filminin qonorarını məcburən işçiləri arasında bölüb ki, gedin kreditlərinizi ödəyin. Həmişə də deyib ki, biz öncə iş yoldaşıyıq, həmkarıq, sonra vəzifə bölgüsü gəlir. Alışanov həftənin 7 günü işləyən bir redaksiyanın bütün işçilərini çölə tökdü, taleləri ilə oynadı. Ibrahim müəllim həmişə deyirdi ki, mənim uşaqlarım olmasa tək işləyə bilmərəm. Ibrahim müəllimi prezident təyin etdiyinə görə işdən çıxara bilmir. Bilirsinizmi, bütün bunlar o qədər ağrılıdır ki, hamı bilə-bilə susur. Çox təəssüf edirəm”.
Ağanisə xanım deyib ki, “AzTV”nin baş direktorunun bu əməlləri haqqında mətbuatda yazılanlarda həqiqət payı var:
“Bu qədər jurnalistin taleyi ilə oynamaq Arif Alışanov üçün belə asandır. Mən səsimi çıxardım, nəticə işdən çıxarılmağım oldu. Ibrahim müəllimin rəhbərliyində işləyənlərin hamısı təvazökarlıqdan uzaq da olsa peşəkarlar, işi ilə halal pulunu qazanıb evinə bir tikə çörək aparanlar idi. Mən də onların arasında”.